Thursday 21st November 2024,

Azərbaycan qanunvericiliyi

Ξ Leave a comment

Hüquqi aktların Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi qaydaları haqqında Əsasnamə

posted by

Hüquqi aktların Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi qaydaları haqqında
Azərbaycan Respublikası Prezidentinin
2011-ci il 1 iyul tarixli 463 nömrəli Fərmanı ilə
TƏSDİQ EDİLMİŞDİR
 
 
1. Ümumi müddəalar
 
1.1. Bu Əsasnamə “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununa əsasən hüquqi aktların Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə (bundan sonra – Dövlət Reyestri) daxil edilməsi qaydalarını müəyyən edir.
1.2. Dövlət Reyestri Azərbaycan Respublikasında qəbul edilən normativ hüquqi aktları, normativ xarakterli aktları, Azərbaycan Respublikası Milli Məclisinin qərarlarını, Azərbaycan Respublikası Prezidentinin və Azərbaycan Respublikası Nazirlər Kabinetinin sərəncamlarını, həmçinin onların rekvizitlərini əks etdirən dövlət informasiya ehtiyatıdır.
1.3. Hüquqi aktların Dövlət Reyestrinə daxil edilməsi – qəbul edilmiş hüquqi aktların bu Əsasnamədə müəyyən edilmiş qaydada Dövlət Reyestrinə daxil edilməsi, habelə əvvəllər Dövlət Reyestrinə daxil edilmiş hüquqi aktlarda dəyişikliklərin edilməsi və onların qüvvəsinin itirilməsi ilə bağlı fəaliyyətdir.
1.4. Dövlət Reyestri Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi (bundan sonra – Ədliyyə Nazirliyi) tərəfindən aparılır.
1.5. Ədliyyə Nazirliyi Dövlət Reyestrinin formalaşdırılmasını, aparılmasını, idarə olunmasını, tamlığını, müvafiq internet informasiya ehtiyatı vasitəsilə ümumi istifadə üçün daimi açıqlığını və mühafizəsini təmin edir.
1.6. Naxçıvan Muxtar Respublikasının dövlət və yerli özünüidarə orqanlarının hüquqi aktları Naxçıvan Muxtar Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilir. Naxçıvan Muxtar Respublikasının Hüquqi Aktların Dövlət Reyestri Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi tərəfindən aparılır və Dövlət Reyestrinin tərkib hissəsidir. Dövlət Reyestrinin elektron variantında Naxçıvan Muxtar Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə ayrıca keçid olmalıdır.
1.7. Dövlət Reyestri qeydiyyat informasiya sistemi vasitəsilə elektron variantda və Dövlət Reyestri kitabı vasitəsilə kağız variantda Azərbaycan Respublikasının dövlət dilində aparılır. Hüquqi aktı qəbul etmiş orqan tərəfindən həmin aktın qəbulu üçün müəyyən olunmuş qaydada təsdiq edilmiş aktın digər dilə tərcüməsi mövcud olduqda, Dövlət Reyestrinə müvafiq dildə olan hüquqi akt da daxil edilir.
1.8. Dövlət Reyestri “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 80-ci maddəsində müəyyən edilmiş struktura uyğun olaraq aparılır.
1.9. Dövlət Reyestrinə daxil edilmək üçün təqdim olunan hüquqi aktlar “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun, həmçinin ayrı-ayrı hüquqi aktların hazırlanması və qəbuluna dair müəyyən edilmiş qaydaların tələblərinə uyğun olmalıdır.
1.10. Dövlət Reyestrinə konkret (birdəfəlik) təşkilati, nəzarət və ya sərəncamverici tədbirlərin həyata keçirilməsi məqsədi ilə qəbul edilən və ya digər birdəfəlik tətbiq halları üçün nəzərdə tutulan normativ xarakterli aktlar deyil, məhdud subyektlər dairəsi üçün məcburi davranış qaydalarını əks etdirən və dəfələrlə tətbiq olunmaq üçün nəzərdə tutulmuş normativ xarakterli aktlar daxil edilir.
1.11. Mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktları və normativ xarakterli aktlar, həmin aktlarda onların qüvvəyə minməsinin daha gec müddəti nəzərdə tutulmadıqda, Dövlət Reyestrinin elektron variantında dərc edildiyi gündən qüvvəyə minir. Hüququn analogiyasından və ya qanunun analogiyasından istifadə olunması haqqında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarı Dövlət Reyestrinin elektron variantında dərc edildiyi gündən qüvvəyə minir.
1.12. Hüquqi aktların dövlət sirrini əks etdirən ayrı-ayrı müddəaları Dövlət Reyestrinin elektron variantında və Dövlət Reyestrinin toplusunda dərc edilmir.
1.13. Ayrı-ayrı müddəaları dövlət sirrini əks etdirən hüquqi aktlar istisna olmaqla, natamam hüquqi aktların Dövlət Reyestrinin elektron variantında və Dövlət Reyestrinin toplusunda dərc edilməsinə yol verilmir.
1.14. Dövlət Reyestrinə daxil edilmiş hüquqi aktların mətnləri rəsmi dərc edilmiş hüquqi aktların mətnləri ilə birgə istinad üçün rəsmi mənbə hesab olunur.
1.15. Dövlət Reyestrinə daxil edilmiş və rəsmi dərc edilmiş hüquqi aktların mətnləri arasında ziddiyyət olarsa, Dövlət Reyestrinə daxil edilmiş hüquqi aktın mətninə üstünlük verilir.
 
2. Dövlət Reyestrinə daxil edilən hüquqi aktların rekvizitləri
 
2.1. Dövlət Reyestrinə hüquqi aktların aşağıdakı rekvizitləri daxil edilir:
2.1.1. aktın növü;
2.1.2. qəbul edildiyi tarix;
2.1.3. qeydiyyat nömrəsi;
2.1.4. adı;
2.1.5. rəsmi dərc edildiyi mənbə (qanunlara, fərmanlara və Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarlarına münasibətdə);
2.1.6. qüvvəyə minmə tarixi;
2.1.7. Azərbaycan Respublikasının Vahid hüquqi təsnifatı üzrə indeks kodu (kodları);
2.1.8. Dövlət Reyestrinin qeydiyyat nömrəsi;
2.1.9. hüquqi aktın Dövlət Reyestrinə daxil edildiyi tarix.
2.2. Dəyişikliklər edilmiş, ləğv edilmiş və ya qüvvədən düşmüş hüquqi aktlar üzrə Dövlət Reyestrinə həmin aktlarda dəyişikliklər etmiş, onları ləğv etmiş və ya qüvvədən düşmüş hesab etmiş hüquqi aktın rekvizitləri, habelə Dövlət Reyestrinin qeydiyyat nömrəsi və hüquqi aktın Dövlət Reyestrinə daxil edilmə tarixi göstərilməklə müvafiq qeyd daxil edilir.
 
3. Hüquqi aktların Dövlət Reyestrinə daxil edilməsi qaydaları
 
3.1. Hüquqi aktları qəbul etmiş orqanlar onları Dövlət Reyestrinə daxil edilmək üçün həmin aktların qəbul edildiyi gündən üç gün keçənədək Ədliyyə Nazirliyinə göndərirlər.
3.2. Azərbaycan Respublikası Milli Məclisinin, Azərbaycan Respublikası Prezidentinin, Azərbaycan Respublikası Nazirlər Kabinetinin aktları, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarları müşayiət məktubu olmadan, onları qəbul etmiş orqan tərəfindən Dövlət Reyestrinə təqdim olunur və Ədliyyə Nazirliyinə daxil olduğu gündən sonrakı iş günü ərzində Dövlət Reyestrinə daxil edilir.
3.3. Qanunlar, fərmanlar və Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarları rəsmi dərc edildikdən sonra Dövlət Reyestrinin elektron variantında dərc edilir.
3.4. Mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktları və normativ xarakterli aktlar (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarları istisna olmaqla) onları qəbul etmiş orqanın rəhbəri, o olmadıqda isə onun vəzifəsini icra edən müavini tərəfindən imzalanmış müşayiət məktubu ilə birgə Dövlət Reyestrinə təqdim edilir.
3.5. Bu Əsasnamənin 3.4-cü bəndində nəzərdə tutulmuş hüquqi aktlara müvafiq məcburi hüquqi ekspertizanın rəyi əlavə olunur. Məcburi hüquqi ekspertizanın rəyi “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 51.1-ci maddəsinə müvafiq olaraq tərtib edilməlidir.
3.6. Bu Əsasnamənin 3.4-cü bəndində nəzərdə tutulmuş hüquqi aktların razılaşdırılması Azərbaycan Respublikasının qanunvericiliyi ilə məcburi olduqda, habelə hüquqi aktda Azərbaycan Respublikasının qanunvericiliyində müəyyən edilmiş qaydada digər orqanla bağlı normativ göstərişlər və (və ya) tapşırıqlar olduqda, həmin hüquqi akt əlaqədar orqanla razılaşdırılaraq Dövlət Reyestrinə təqdim edilir.
3.7. Nizamnamə, əsasnamə, təlimat, reqlament, qayda və norma nəzərdə tutan digər aktlar onları təsdiq edən aktla birgə təqdim olunur.
3.8. Hüquqi aktlar kağız daşıyıcıda onların əslinin həqiqi surəti formasında və eyni zamanda elektron daşıyıcıda mətn faylları formasında təqdim edilir.
3.9. Hüquqi akt barədə məlumat, onu təqdim edən orqan, aktın növü, qəbul edildiyi tarix, qeydiyyat nömrəsi və adı göstərilməklə Dövlət Reyestrinin qeydiyyat jurnalının kağız və elektron formalarında qeydiyyata alınır.
3.10. Bu Əsasnamənin 3.4-cü bəndində nəzərdə tutulmuş hüquqi aktlar Ədliyyə Nazirliyinə daxil olduğu gündən yeddi iş günü müddətində Dövlət Reyestrinə daxil edilmək üçün qəbulundan imtinaya əsas olub-olmamasına dair yoxlanılır. Yoxlama aparılarkən hüquqi aktlar məcburi hüquqi ekspertizadan keçirilir. Məcburi hüquqi ekspertizanın rəyi “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 51.1-ci maddəsinə müvafiq olaraq tərtib edilməlidir.
3.11. Dövlət Reyestrinə daxil edilmək üçün qəbulundan imtinaya əsas aşkar edilməyən, bu Əsasnamənin 3.4-cü bəndində nəzərdə tutulmuş hüquqi aktlar Dövlət Reyestrinə daxil edilir. Gün ərzində Dövlət Reyestrinə daxil edilmiş hüquqi aktlar növbəti gün saat 00.00-da Dövlət Reyestrinin elektron variantında dərc edilir.
3.12. Dövlət Reyestrinə daxil edilmiş hüquqi akta xüsusi alqoritm əsasında vahid və təkrarlanmayan Dövlət Reyestrinin qeydiyyat nömrəsi verilir.
3.13. Dövlət Reyestrinə daxil edilmiş hüquqi aktın Dövlət Reyestrinin qeydiyyat nömrəsi, Dövlət Reyestrinə daxil edilmək üçün qəbulundan imtina olunmuş hüquqi akt barəsində isə imtinanın əsası (bu Əsasnamənin 4.1-ci bəndinin müvafiq yarımbəndinə istinad olunmaqla) Dövlət Reyestrinin qeydiyyat jurnalında göstərilir.
3.14. Yeni hüquqi aktın qəbulu ilə əlaqədar olaraq, Dövlət Reyestrinə əvvəllər daxil edilmiş hüquqi aktlarda zəruri hallarda müvafiq dəyişikliklər edilir. Dövlət Reyestrinə daxil edilmiş hüquqi aktların ləğv edilmiş və ya qüvvədən düşmüş hesab edilmiş struktur elementləri aktlardan çıxarılır, hüquqi aktlar qüvvəsini itirdikdə isə bu barədə müvafiq qeyd edilir.
3.15. Dövlət Reyestrinə daxil edilmiş hüquqi aktın kağız və elektron daşıyıcıları Dövlət Reyestrinin strukturuna uyğun olaraq onun arxivində daimi saxlanılır.
 
4. Hüquqi aktların Dövlət Reyestrinə daxil edilmək üçün qəbulundan imtina edilməsi
 
4.1. Bu Əsasnamənin 3.4-cü bəndində nəzərdə tutulmuş hüquqi aktların Dövlət Reyestrinə daxil edilmək üçün qəbulundan aşağıdakı hallarda imtina edilir:
4.1.1. hüquqi akt qəbul edildiyi gündən üç gün müddətində Dövlət Reyestrinə təqdim edilmədikdə;
4.1.2. keçirilmiş məcburi hüquqi ekspertiza nəticəsində hüquqi akt rədd edildikdə və ya yenidən işlənilmək üçün onu qəbul etmiş orqana qaytarıldıqda;
4.1.3. bu Əsasnamənin 3.6-cı bəndində nəzərdə tutulmuş hallarda aktın layihəsinin əlaqədar orqanlarla razılaşdırılması (vizalanması) haqqında məlumatı əks etdirən sənədlər təqdim edilmədikdə;
4.1.4. bu Əsasnamənin 3.4-cü, 3.5-ci və ya 3.7-ci bəndlərinin tələbləri pozulduqda;
4.1.5. hüquqi aktın mətninin kağız daşıyıcısı üzərində hər hansı düzəliş olduqda;
4.1.6. hüquqi aktın kağız daşıyıcı ilə elektron daşıyıcıda olan mətnləri arasında uyğunsuzluq olduqda.
4.2. Hüquqi aktın Dövlət Reyestrinə daxil edilmək üçün qəbulundan imtina edildikdə, imtinanın əsası göstərilməklə, hüquqi akt onu qəbul etmiş orqana müvafiq məktubla qaytarılır. Bu Əsasnamənin 4.1.2-ci və 4.1.3-cü yarımbəndlərində nəzərdə tutulmuş əsaslara görə hüquqi aktın Dövlət Reyestrinə daxil edilmək üçün qəbulundan imtina edildikdə, məktubda hüquqi aktı qəbul etmiş orqanın hüquq xidmətinin rəhbərinin intizam məsuliyyətinə cəlb edilməsinin zəruriliyi göstərilir.
4.3. Bu Əsasnamənin 4.1.4-4.1.6-cı yarımbəndlərində nəzərdə tutulmuş əsaslara görə hüquqi aktın Dövlət Reyestrinə daxil edilmək üçün qəbulundan imtina edildikdə, onu qəbul etmiş orqan beş iş günü müddətində göstərilən çatışmazlıqları aradan qaldıraraq, hüquqi aktı Dövlət Reyestrinə daxil edilmək üçün Ədliyyə Nazirliyinə yenidən təqdim edir.
4.4. Bu Əsasnamənin 4.1.1-4.1.3-cü yarımbəndlərində nəzərdə tutulmuş əsaslara görə hüquqi aktın Dövlət Reyestrinə daxil edilmək üçün qəbulundan imtina edildikdə, həmçinin bu Əsasnamənin 4.3-cü bəndində göstərilmiş müddətdə çatışmazlıqlar aradan qaldırılmadıqda, Dövlət Reyestrinə daxil edilmək üçün qəbulundan imtina edilmiş hüquqi akt beş gün müddətində onu qəbul etmiş orqanın ayrıca qərarı ilə ləğv edilir və qərarın surəti Ədliyyə Nazirliyinə təqdim edilir.
 
5. Yekun müddəalar
 
5.1. Bu Əsasnamənin 3.4-cü bəndində nəzərdə tutulmuş hüquqi aktları qəbul edən orqanlar tərəfindən Dövlət Reyestrinə daxil edilməyən hüquqi aktların tətbiqi ilə bağlı məlumat əldə edildikdə, Ədliyyə Nazirliyi bu aktların Dövlət Reyestrinə daxil edilmək üçün təqdim olunması barədə onları qəbul etmiş orqanlara müraciət edir. Bu müraciət on iş günü müddətində yerinə yetirilmədikdə, Dövlət Reyestrinə daxil edilmədən tətbiq edilən, habelə bu Əsasnamənin 4.4-cü bəndində nəzərdə tutulmuş müddətdə ləğv edilməyən hüquqi aktların qüvvəsinin olmaması barədə məlumat Ədliyyə Nazirliyi tərəfindən Dövlət Reyestrinin internet informasiya ehtiyatında dərc edilir.
5.2. Ədliyyə Nazirliyi bu Əsasnamənin 4.4-cü bəndində nəzərdə tutulmuş müddətdə ləğv edilməmiş, həmçinin bu Əsasnamənin 5.1-ci bəndinin ikinci cümləsində nəzərdə tutulmuş müddətdə Dövlət Reyestrinə daxil edilmək üçün təqdim olunmamış mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktları, Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının, Azərbaycan Respublikası Mərkəzi Bankının, Məhkəmə-Hüquq Şurasının, Milli Televiziya və Radio Şurasının və yerli icra hakimiyyəti orqanlarının normativ xarakterli aktları barədə dərhal Azərbaycan Respublikasının Prezidentinə məlumat verir, yerli özünüidarə orqanlarının qərarlarının etibarsız sayılması barədə məhkəməyə müraciət edir.
 

Məqaləni paylaş

Leave a Reply

Axtar

XƏBƏR LENTİ

SOSİAL LİNKLƏR

  • Axrıncı xəbərlər
  • Şərhlər
  • Teqlər

arxitektura komitesi asan xidmət astara rayon icra hakimiyyeti elektron xidmet internet sayti domen.az azerbaycan azerbaycan baki azerbaycan respublikasi azerbaycan respublikasi ali mehkeme elektron xidmet domain.az internet sayti azerbaycan respublikasi dovlet mesgulluq xidmeti internet sayti elektron xidmet domen.az azerbaycan respublikasi merkezi bank elektron xidmet internet sayti domain.az azerbaycan respublikasi rabite ve informasiya texnologiyalari nazirliyi elektron xidmet internet sayti domen.az baki baku berde rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az beyleqan rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az bilesuvar rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az bineqedi rayon icra hakimiyyeti internet sayti domen.az elektron xidmet celilabad rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az dovlet elektron hökumət elektron xidmet elektron xidmetler elektron xidmətlər elmira suleymanova e xidmet freedom of information fuzuli rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az gedebey rayonu icra hakimiyyeti internet sayti elektron xidmet domen.az goranboy rayonu icra hakimiyyeti internet sayti elektron xidmet domen.az haciqabul rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az informasiya azadlığı kend teserrufati nazirliyi komite medeniyyet ve turizm nazirliyi monitorinq nazirler kabineti nazirlik neqliyyat nazirliyi ombudsman qeyri hokumet teskilatlarina dovlet desteyi surasi elektron xidmet internet sayti domen.az qiymetli kagizlar komitesi sayt sehiyye statistika www.dtxk.gov.az ziya memmedov

ARXİV