Azərbaycan Respublikası Neft Fondunun www.oilfund.az ünvanlı internet saytı dizayn fərqliliyi və bəzi bölmələrin dolğunluğu ilə digər saytlardan fərqlənir. Amma Fond haqqında məlumatlar, layihələr, hesabatlar və s. bölməsi nə qədər asan tapılırsa, bunu əlaqə bölməsi haqda demək mümkün deyil. Çünki, saytda nə Fondun icraçı direktorunun, nə də İdarəetmə bölümündəki Müşahidə Şurası üzvlərinin telefon və e-poçt əlaqələri ümumiyyətlə qeyd edilməyib.
Bundan əlavə, İdarəetmə bölümündəki Müşahidə Şurası üzvlərinin siyahısında AMEA-nın mərhum prezidenti Mahmud Kərimovun Şura üzvü kimi hələ də şəkli ilə bərabər avtobioqrafik məlumatın saytda saxlanılması anlaşılan deyil.
- Qurum ilə bağlı təqdim edilmiş informasiyalar yetərli sayıla biləcək qədərdir.
- Ziyarətçilərin qurum ilə əlaqə saxlaması üçün ümumi imkanlar (qurumun yerləşdiyi ünvan, həmin ünvanın xəritəsi, telefon- faks nömrələri və cəmi bircə e-poçt ünvanı) təqdim edilir. Quruma gəlmək üçün ictimai nəqliyyat haqqında bilgilər çox yaxşı verilmişdir.
Amma daxili telefon nömrələrinin hansı şöbələrə aid olduğu göstərilməyib.
- Qurumun strukturu haqqında, qurumun strukturunun ümumi sxemi və alt qurumlar haqqında bilgilər təqdim olunsa da, yuxarıda qeyd olunduğu kimi, aparat və qurumun alt bölmələri ilə əlaqə saxlamaq üçün imkanlar yaradılmayıb.
Amma struktur bölmələrinin səlahiyyət çərçivələri haqqında məlumatlar mövcuddur.
- Rəhbər və rəhbər işçilər, onlarla əks əlaqə baxımından qurumun rəhbərinin bioqrafiyası təqdim edilsə də, əks əlaqə imkanları nə onlayn formada, nə də başqa qaydada təqdim edilmir. Bunu struktur rəhbərləri haqda da demək olar. Struktur bölmələrinin rəhbərləri haqqında bioqrafik bilgilər, qurumun rəhbəri ilə əks əlaqə imkanları barədə bilgilər isə ümumiyyətlə yoxdur.
- Qurumun cari fəaliyyəti haqqında informasiyalar yetərli sayıla biləcək qədərdir.
- Ümumi dövlət büdcəsinin quruma aid hissəsi və onun icrası haqqında bilgilər saytda əks etdirilmişdir.
- Qurum tərəfindən təklif edilən xidmətlər barədə qurumun təklif etməli olduğu mütləq xidmətlər, elektron formada təklif olunan xidmətlər, xidmətlərin keyfiyyət göstəriciləri, onlayn müraciət imkanı olsa da, qaynar xətt yoxdur.
- İşə qəbul qaydaları və boş iş yerləri haqqında isə işə qəbulun norma və qaydaları barədə dolğun bilgilər təqdim edilir. İşə qəbulla bağlı komissiyalar haqqında bilgiyə rast gəlinməsə də, dövlət qurumu və onun struktur bölmələrindəki mövcud boş iş yerləri haqqında elanlar təqdim olunmuşdur.
- Sahə işçilərinin əmək haqları barədə heç bir bilgiyə rast gəlinmir.
- Vətəndaşların qəbul şərtləri və qəbul günləri (saatları) barədə qurumun ayrı-ayrı vəzifəli şəxsləri tərəfindən vətəndaşların qəbul günləri və saatları, dövlət qulluqçusunun etika qaydaları haqqında bilgilərə qəti rast gəlinmir.
- Tender və yarışmaların keçirilməsi ilə bağlı bütün mümkün qayda və elanlar barədə təqdim edilən bilgi qurum tərəfindən tender və yarışmaların keçirilməsi və tender keçirilmə qaydaları barədədir. Tenderlərin keçirilməsi ilə bağlı elanlar təqdim edilsə də, elanların arxivi göstərilsə də, digər bilgilər- tender və yarışmaların nəticələri və tender və yarışmaların nəticələri ilə bağlı mübahisələrin həlli qaydaları barədə isə heç bir məlumat təqdim edilmir.
- Növbəti təqdim edilməyən bilgilər isə qurumun norma- (qanun)yaratma fəaliyyəti haqqındadır.
- Saytın texniki imkanları sırasında abunə və əks əlaqə üçün onlayn forma təklif edilir. Qurumun tabeliyindəki informasiya sistemləri yalnız qurumun saytı, sosial şəbəkələrdəki (fasebook və tvitter) səhifələrdir.