Azərbaycan Respublikası Dövlət Neft Fondunun www.oilfund.az ünvanlı İnternet saytı, icmal hissədə də qeyd etdiyimiz kimi, dizayn formasına və sayta giriş rahatlığına görə digər saytlardan fərqlənir. Saytın daha dolğun və daha təkmil olması üçün edilən cəhdlər diqqətəlayiqdir. Saytın əlaqə bölməsinin dərhal tapılmaması, cəmi bircə ümumi əlaqə telefonunun verilməsi, daxili nömrələrin hansı şöbələrə aid olmasının naməlumluğu, həmçinin, rəhbərlikdən heç kimin əlaqə göstəricilərinin olmaması başa düşülən deyil. Rəhbər işçilər haqda avtobioqrafik məlumatlar dolğun olsa da, onların onlayn və telefon nömrələri yazılmayıb. Tender elanlarına rast gəlinsə də nəticələr barədə bilgi yoxdur. Vakansiyalarla bağlı dolğun məlumatların olması sevindirici haldır. Saytın texniki şərtləri gərəkli bilgiləri lazım olan şəkildə təqdim etməyə imkan verir. Bunu nəzərə alaraq aşağıda bu yöndə bəzi tövsiyyələrimizi təqdim edirik:
Qurum ilə bağlı informasiyalar yetərli sayılacaq qədərdir. Amma neft səltənəti sayılan bir ölkənin Neft Fondunun saytında Fondun fəaliyyəti və keçdiyi yolu əks etdirən kiçik bir videorolik də olsaydı, daha yaxşı olardı.
Ziyarətçilərin qurum ilə əlaqə saxlaması üçün daha çox e-poçt ünvanına və telefon nömrələrinə ehtiyac duyulur. Amma Fonda gəlmək üçün marşrutlar çox yüksək səviyyədə izah olunub.
Qurumun strukturu haqqında bilgilər olsa da, alt bölmələr haqda heç bir bilgiyə və onlarla əlaqə vasitələrinə rast gəlinmir. Bu hal aradan qaldırılsa daha yaxşı olar.
Rəhbər və rəhbər işçilər onlarla əks əlaqə baxımından struktur bölmələrinin rəhbərləri haqqında bioqrafik bilgilərin və qurumun rəhbəri ilə əks əlaqə imkanları barədə bilgilərin təqdim edilməsi gərəklidir.
Qurumun cari fəaliyyəti haqqında təqdim edilən informasiyalar yetərli olduğundan əlavə bir tövsiyəyə gərək yoxdur.
Sahə işçilərinin əmək haqları barədə bilgilərin verilməsi tövsiyələr sırasındadır.
Vətəndaşların qəbul şərtləri və qəbul günləri (saatları) barədə saytda ümumiyyətlə heç bir bilgi görünmür. Bu məlumatları bütün göstəricilər üzrə ayrıntılı şəkildə təqdim etmək lazımdır.
Tender və yarışmaların keçirilməsi, həmçinin tender və yarışmaların keçirilməsinin nəticələri ilə bağlı mübahisələrin həlli barədəki bilgilərin təqdim olunması faydalı olardı.