Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin www.dsx.gov.az ünvanlı İnternet saytı, monitorinqdə də qeyd etdiyimiz kimi, yeni qurulmasına baxmayaraq özəlliklə sərhəd məsələlərinin tarixi haqqında çox geniş bilgi verir. Saytın texniki imkanları və funksionallığı da öz yerindədir. Saytda e-xidmətlərin olması təqdirəlayiq haldır. Ancaq bununla belə saytda çatışmayan bilgilər də çoxdur. Lakin nəzərə alsaq ki, sayt hələ hazırlıq ərəfəsindədir və saytın texniki imkanları bu çatışmazlığı aradan qaldırmağa yetər. Beləliklə, tövsiyyələrimizi təqdim edirik:
1. Qurum ilə bağlı qurumun aparat və struktur rəhbərləri haqqında bilgilərin və kollegiya haqqında informasiyaların saytda əks etdirilməsi tövsiyə olunur.
2. Ziyarətçilərin qurum ilə əlaqə saxlaması üçün verilmiş imkanlarla yanaşı quruma getmək üçün müxtəlif istiqamətlərdən gələn ictimai nəqliyyat barədə ayrıca bilgi verilməsi tövsiyələr sırasındadır.
3. Qurumun strukturu barədə qurumun strukturunun ümumi sxemi, aparat, qurumun alt bölmələri və regional strukturu, struktur bölmələrinin rəhbərləri və onlarla əlaqə saxlamaq üçün imkanlar, struktur bölmələrinin dəqiq (tam) ünvanları, struktur bölmələrinin səlahiyyət çərçivələri haqqında bilgilərin təqdim edilməsi tövsiyə olunur.
4. Rəhbər və rəhbər işçilər onlara əks əlaqə haqqında isə rəhbərin müavinlərinin bioqrafiyaları, struktur bölmələrinin rəhbərləri haqqında bioqrafik bilgilər, ayrı-ayrı struktur bölmələrinin rəhbərləri ilə əks əlaqə imkanlarının da əks etdirilməsi gərəklidir.
5. Qurumun cari fəaliyyəti haqqında verilmiş bilgilər sırasına qurumdaxili əmr və qərarlar, bu cür aktların reyestri (qəbul və qüvvəyə minmə tarixi də daxil olmaqla), qurumun həyata keçirdiyi proqram və layihələr barədə də ayrıntılı bilgilərin daxil edilməsi tövsiyə olunur.
6. Ümumi dövlət büdcəsinin quruma aid hissəsi və onun icrası barədə qurumun büdcəsi və onun icrası haqqında məlumat, büdcədənkənar daxilolmalar və onların istiqamətləri barədə informasiyaların saytda yer alması yaxşı olardı.
7. Qurum tərəfindən təklif edilən xidmətlər haqqında çatışmayan bilgi qaynar xətt nömrəsinin olmamasıdır ki, bunun saytda əks etdirilməsi yaxşı olardı.
8. İşə qəbul qaydaları və boş iş yerləri haqqında dövlət qurumu və onun struktur bölmələrinə işə qəbulun hüquqi bazası, işə qəbulun norma və qaydaları, işə qəbulla bağlı komissiyalar, dövlət qurumu və onun struktur bölmələrindəki mövcud boş iş yerləri haqqında elanlar və boş iş yerləri haqqında elanların arxivi saytda göstərildiyi üçün burada əlavə tövsiyə verilmir.
9. Yaxşı olardı ki, sahə işçilərinin əmək haqları barədə bilgilər də saytda göstərilsin.
10. Vətəndaşların qəbul şərtləri və qəbul günləri (saatları) barədə vəzifəli şəxslər tərəfindən vətəndaşların qəbul norma və qaydaları barədə ümumi bilgi, dövlət qurumunda vətəndaşların qəbul qaydaları, qurumun ayrı-ayrı vəzifəli şəxsləri tərəfindən vətəndaşların qəbul günləri və saatları saytda yarımçıq əksini tapır. Yəni, yalnız dövlət qurumunun rəhbərinin yerlərdə vətəndaşlarla keçirdiyi və keçirəcəyi görüşlər haqda elanlar saytda öz əksini tapıb. Qurumun digər struktur rəhbərlərinin qəbul qaydaları, qəbul günləri göstərilmir. Bu bilgilərin verilməsi tövsiyələr sırasındadır.
11. Tender və yarışmaların keçirilməsi ilə bağlı olan qurum tərəfindən tender və yarışmaların keçirilmə qaydaları, tenderlərin keçirilməsi ilə bağlı elanlar, tender və yarışmaların nəticələri, elanların arxivi, tender və yarışmaların nəticələri ilə bağlı mübahisələrin həlli qaydaları barədə bilgilərin təqdim edilməsi də tövsiyələr sırasındadır.
12. Daha bir tövsiyyə qurumun norma- (qanun)yaratma fəaliyyəti barədədir. Burada yaxşı olardı ki, qurumun cari norma- (qanun)yaratma fəaliyyəti, bütün mümkün normativ aktların layihələri (tam mətni), bu cür layihələrin müzakirəsində vətəndaşların iştirak şərtləri, qurumun norma- (qanun)yaratma fəaliyyəti ilə bağlı arxiv öz əksini tapsın.
13. Saytın texniki imkanları sırasına abunə imkanının və sosial şəbəkəyə birbaşa keçidin də əlavə edilməsi tövsiyələr sırasındadır.