Monitoring dövründə bir çox dövlət qurumlarının bu və ya digər dərəcədə öz İnternet resurslarını qurub istifadəyə verməsinin şahidi olmuşduq. Ancaq təəssüflər olsun ki, bəzi qurumlar bir vaxtlar qurulub fəaliyyət göstərən İnternet saytlarının mövcudluğunu deyəsən unudublar. Saytların məzmununa qiymət vermədən demək istərdik ki, biz kifayət qədər səbrlə gözlədik ki, onların fəaliyyəti bərpa edilsin. Bununla belə gözləmələrin əbəs olduğunu gördük. Hazırda müəyyən etdiyimiz üç qurumun saytları fəaliyyətsiz durumdadır.
Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinə məxsus www.torpaq.org saytı artıq uzun müddətdir ki, fəaliyyətini dayandırıb. Daha doğrusu domenin qeydiyyatını yeniləmək unudulduğu üçün artıq o əldən gedib. İndi bu saytda sadəcə Go Daddy-nin domenlə bağlı xəbərdarlığı çıxır.
Fəaliyyəti dondurulan saytlar sırasında Qaçqınlarla və Məcburi Köçkünlərlə İş Üzrə Dövlət Komitəsinin www.refugees-idpscommittee.gov.az ünvanında yerləşən saytı da var. Sadəcə bu saytı tapmaq mümkün deyil.
Bu qəbildən olan üçüncü sayt isə Azərbaycan Respublikasının Apelyasiya Məhkəməsinə aiddir: www.appealcourt.az.
Ümid etmək istərdik ki, adı çəkilən qurumlar məsələyə ciddi yanaşacaq və qısa müddət ərzində İnternet resurslarının fəaliyyətini bərpa edəcəklər.