Ağsu Rayon İcra Hakimiyyəti www.agsu-ih.gov.az domen adlı İnternet resursu digər resurslar kimi elə də zəngin bir resurs təsiri bağışlamır. Doğrudur bəzi gərəkli bilgilər təqdim edilmişdir, ancaq gərəkli və şəffaflıq baxımından təqdim edilməsi lazım olan bütün informasiyalar saytda yer almamışdır. Burada elektron xidmətlər bölməsi yaradılsa da daxili boşdur. Aşağıda saytın tərkibində müşahidə etdiklərimizi bölmələr üzrə təqdim edirik:
1. Rayon haqqında təqdim edilmiş bilgilər ətraflı olmasa da əsas informasiyalardır. Qurum haqqında qurumun rəhbərinin bioqrafiyası, qurumun fəaliyyətini təmin edən qanunverici baza (əsasnamə) və dövlət qulluqçusunun etik davranış qaydaları haqqında AR qanunu haqqında informasiyalar ətraflı təqdim edilir. Çatışmayan informasiyalar qurumun tarixi və quruma daha öncə başçılıq etmiş şəxslərin bioqrafiyalarıdır.
2. Ziyarətçilərin qurum ilə əks əlaqəsi üçün ümumi imkanlar (qurumun ünvanı, telefon və faks nömrələri və e-poçt ünvanı) təqdim edilir. Burada çatışmayan yalnız qurumun ünvanının sxemi və quruma başqa yerlərdən gəlmək üçün nəqliyyat vasitələri haqqında bilgilərdir.
3. Qurumun strukturunu sxemi, qurumun alt bölmələri və yerli icra nümayəndəlikləri, struktur bölmələrinin rəhbərləri və onlarla əlaqə saxlamaq üçün imkanlar, rayondakı bələdiyyələr haqqında məlumatlar təqdim edilir. Ancaq struktur bölmələrinin dəqiq (tam) ünvanları, struktur bölmələrinin səlahiyyət çərçivələri, qurumun tabeliyindəki informasiya sistemləri haqqında isə heç bir informasiya yoxdur.
4. Rəhbər və rəhbər işçilər onlarla əks əlaqə barədə rəhbəri bioqrafiyası, ayrı-ayrı struktur bölmələrinin rəhbərləri ilə əks əlaqə imkanları və qurumun ilə əks əlaqə üçün ümumi imkanlar əks etdirilsə də struktur bölmələrinin rəhbərləri haqqında bioqrafik bilgilər, qurumun rəhbəri ilə əks əlaqə imkanları, vətəndaşların müraciətlərinə baxılma qaydası və rayondan seçilmiş millət vəkili haqqında məlumat və əlaqə imkanı haqqında bilgilər təqdim edilmir.
5. Qurumun cari fəaliyyəti haqqında mətbuat üçün açıqlamalar mütəmadi olmasada təqdim edilir. Qurumun həyata keçirdiyi proqram və layihələr, qurumdaxili əmrlər, sərəncamlar və qərarlar, bu cür aktların reyestri (qəbul və qüvvəyə minmə tarixi də daxil olmaqla), rayonun ictimai-siyasi qurumları, media qurumları haqqında olan informasiyalara isə saytda rast gəlinmir.
6. Dövlət büdcəsinin quruma aid hissəsi, onun icrası və büdcədənkənar daxilolmalar və onların istiqamətləri barədə informasiyalar da təqdim edilməyən informasiyalardandır.
7. Qurumun təklif etməli olduğu xidmətlər haqqında yalnız onlayn müraciət etmək imkanı mövcuddur. Qurumun təqdim etməli olduğu mütləq və əlavə xidmətlər, elektron formada təklif olunan xidmətlər, xidmətlərdən istifadə qaydaları və qaynar xətt haqqında heç bir informasiya verilmir.
8. Həmçinin boş iş yerləri və işə qəbulla bağlı qurum və onun struktur bölmələrinə işə qəbulun hüquqi bazası, işə qəbulun norma və qaydaları, işə qəbulla bağlı mümkün komissiyalar, qurum və onun struktur bölmələrindəki mövcud boş iş yerləri haqqında elanlar da əks etdirilməmiş informasiyalardır.
9. Sahə işçilərinin əmək haqları ilə bağlı informasiyalar da təqdim edilmir.
10. Vətəndaşların qəbul şərtləri və qəbul günləri (saatları) haqqında qurumun ayrı-ayrı vəzifəli şəxsləri tərəfindən vətəndaşların qəbul günləri və saatları barədə bilgilər təqdim edilir. Ancaq qurumda vətəndaşların qəbul qaydaları və vəzifəli şəxslər tərəfindən vətəndaşların qəbul norma və qaydaları barədə bilgilər yoxdur.
11. Dövlət qurumu tərəfindən tender və yarışmaların keçirilmə qaydaları, tenderlərin keçirilməsi ilə bağlı elanlar, tender və yarışmaların nəticələri, elanların arxivi və tender və yarışmaların nəticələri ilə bağlı mübahisələrin həlli qaydaları ilə bağlı informasiyalar da saytda əks etdirilməmişdir.
12. Saytın texniki imkanları normal səviyyədədir. Onlayn müraciət forması təqdim edilsə də abunə imkanı və sayt daxili axtarış sistemi yoxdur.