Azərbaycan Respublikası Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının www.tqdk.gov.az ünvanlı İnternet saytında bir sıra bölmələr üzrə yetərli və dolğun bilgi verməsi baxımından diqqət çəkir. Saytda bu sahəyə aid xidmət haqqında çox geniş bilgilər yer alıb. Saytın istifadəsi rahatdır. Burada tətbiq edilən yanaşma onun üzərində çağdaş texnologiyalara uyğun iş aparılmasından xəbər verir. Yəni saytın funksionallığı, e-xidmətlərin təqdim edilməsi diqqət çəkir. Bütün bunlarla bərabər saytda bəzi bilgilərin çatışmadığı da gözdən qaçmır. Saytın ümumi mənzərəsi isə aşağıdakı kimidir:
1. Qurumun tarixi, qurumun fəaliyyətini təmin edən qanunverici baza haqqında bilgilər yetərli səviyyədədir. Qurumun rəhbərlərindən yalnız rəhbər haqqında bilgi verilir. Kollegiya haqqında bilgiyə isə rast gəlinmir.
2. Ziyarətçilərin qurum ilə əlaqə saxlaması üçün qurumun yerləşdiyi ünvan, həm ümumi xarakterli, həm də ayrı-ayrı xidmət və alt bölümlərin telefon və faks nömrələri, mümkün olan bütün e-poçt ünvanları, qurumun ünvanının marşrut və sxemi haqqında bilgi verilir. Ancaq quruma getmək üçün müxtəlif istiqamətlərdən gələn ictimai nəqliyyat barədə bilgi yoxdur.
3. Qurumun strukturu barədə bilgilər təqdim edilsə də, struktur və regional ünvanları və rəhbərləri haqda məlumatlar, onlarla əlaqə vasitələri təqdim edilmir.
4. Rəhbər işçilər, onlara əks əlaqə baxımından əsas rəhbərin bioqrafiyası təqdim edilir, qurumun rəhbəri ilə əks əlaqə imkanları və qurum ilə əks əlaqə üçün ümumi imkanlar da saytda öz əksini tapmışdır. Rəhbərin müavinlərinin bioqrafiyaları, struktur bölmələrinin rəhbərləri haqqında bioqrafik bilgilər, ayrı-ayrı struktur bölmələrinin rəhbərləri ilə əks əlaqə imkanları isə təqdim edilmir.
5. Qurumun cari fəaliyyəti haqqında mətbuat üçün açıqlamalar; quruma aid olan informasiya, quruma aid olan hər cür başqa cari informasiya yetərli səviyyədədir. Həmçinin, qurumdaxili əmr və qərarlar, bu cür aktların reyestri (qəbul və qüvvəyə minmə tarixi də daxil olmaqla) təqdim olunub. Qurumun həyata keçirdiyi proqram və layihələr barədə bilgi də təqdim olunur.
6. Ümumi dövlət büdcəsinin quruma aid hissəsi və onun icrası barədə saytda bilgilərə rast gəlinmir.
7. Qurum tərəfindən təklif edilən mütləq xidmətlər, elektron formada təklif olunan xidmətlər, onlayn müraciət imkanı və xidmətlərdən istifadə qaydaları haqqında bilgi əks etdirilir. Çatışmayan yalnız qurum tərəfindən təklif edilən əlavə xidmətlər və qaynar xətt nömrəsidir.
8. İşə qəbul qaydaları və boş iş yerləri haqqında dövlət qurumu və onun struktur bölmələrinə işə qəbulun hüquqi bazası, işə qəbulun norma və qaydaları, işə qəbulla bağlı komissiyalar, dövlət qurumu və onun struktur bölmələrindəki mövcud boş iş yerləri haqqında elanlar və boş iş yerləri haqqında elanların arxivi barədə bilgilər təqdim edilməyən bilgilər sırasındadır.
9. Növbəti təqdim edilməyən bilgi sahə işçilərinin əmək haqları barədə olan bilgilərdir.
10.Vətəndaşların qəbul şərtləri və qəbul günləri (saatları) barədə məlumatlar təqdim edilir.
11. Tender və yarışmaların keçirilmə qaydaları, tenderlərin keçirilməsi ilə bağlı elanlar, tender və yarışmaların nəticələri, elanların arxivi saytda göstərilsə də, tender və yarışmaların nəticələri ilə bağlı mübahisələrin həlli qaydaları təqdim olunmur.
12. Qurumunun norma- (qanun)yaratma fəaliyyəti barədə bütün mümkün normativ aktların layihələri (tam mətni) təqdim olunur, amma bu cür layihələrin müzakirəsində vətəndaşların iştirak şərtləri, qurumun norma- (qanun)yaratma fəaliyyəti ilə bağlı arxiv haqqında bilgilər saytda öz əksini tapmamışdır.
13. Saytın texniki imkanları yaxşı dəyərləndirilir. Ancaq abunə imkanı çatışmır.