Azərbaycan Respublikası Milli Elmlər Akademiyasının www.scince.gov.az. ünvanlı İnternet saytında Akademiyanın tarixi, alt qurumları və bölmələri, sabiq rəhbərləri haqda yetərli bilgi verilir. Saytın texniki imkanları və funksionallığı da öz yerindədir. Qurumun sosial şəbəkələrdən fasebook və tvitterdə səhifələrinin olması, həmçinin, ayrıca bölmədə Akademiyanın institut və təşkilatlarının saytları təqdim olunur ki, bu da ziyarətçilərə xidmətin göstəricisidir. Bundan başqa, elm sahəsində həyata keçirilən layihələr, elanlar, müsabiqələr, mühüm hadisələr saytda öz əksini tapmışdır. Lakin saytda çatışmayan bölmələr də az deyildir. Məsələn, qurumun büdcəsi və onun icrası haqda, qurumun rəhbər şəxsləri tərəfindən qəbul günləri haqda, boş iş yerləri, işə qəbulun hüquqi bazası haqda heç bir məlumatın verilməməsi o dəqiqə diqqəti cəlb edir.
Beləliklə, bu resursun təkmilləşdirilməsi üçün bəzi tövsiyyələrimizi təqdim edirik:
1. Qurum ilə bağlı qurumun öncəki rəhbərləri haqqında bilgilər və kollegiya haqqında informasiyalar saytda əks etdirildiyi üçün əlavə tövsiyəyə ehtiyac duyulmur.
2. Ziyarətçilərin qurum ilə əlaqə saxlaması üçün verilmiş imkanlarla yanaşı, yaxşı olardı ki, quruma getmək üçün müxtəlif istiqamətlərdən gələn ictimai nəqliyyat barədə də məlumat verilsin.
3. Qurumun strukturunun ümumi sxemi, aparat, qurumun alt bölmələri və regional strukturu, struktur bölmələrinin rəhbərləri və onlarla əlaqə saxlamaq üçün imkanlar, struktur bölmələrinin dəqiq (tam) ünvanları, struktur bölmələrinin səlahiyyət çərçivələri, qurumun tabeliyindəki informasiya sistemləri haqqında bilgilər təqdim edilmişdir. Buna görə də bu sahədə heç bir tövsiyə verilmir.
4. Rəhbər işçilər, onlarla əks əlaqə, rəhbərin və müavinlərinin bioqrafiyaları, struktur bölmələrinin rəhbərləri haqqında bioqrafik bilgilər, ayrı-ayrı struktur bölmələrinin rəhbərləri ilə əks əlaqə imkanlarının da əks etdirilməsi yetərli sayılır.
5. Qurumun cari fəaliyyəti haqqında verilmiş bilgilər sırasına qurumdaxili əmr və qərarlar, bu cür aktların reyestrinin (qəbul və qüvvəyə minmə tarixi də daxil olmaqla), təqdim edilməsinə ehtiyac duyulur. Qurumun həyata keçirdiyi proqram və layihələr barədə verilən bilgiləri qənaətbəxş saymaq olar.
6. Ümumi dövlət büdcəsinin quruma aid hissəsi və onun icrası barədə məlumat, büdcədənkənar daxilolmalar və onların istiqamətləri barədə informasiyaların saytda yer alması tövsiyə olunur.
7. Qurum tərəfindən təklif edilən xidmətlər sırasında çatışmayan yalnız qurum tərəfindən təklif edilən əlavə xidmətlər və qaynar xətt nömrəsidir ki, bunlarında saytda əks etdirilməsi sayəsində bu bölmə dolğun olacaqdır.
8. İşə qəbul qaydaları və boş iş yerləri haqqında, işə qəbulun hüquqi bazası, işə qəbulun norma və qaydaları, işə qəbulla bağlı komissiyalar, dövlət qurumu və onun struktur bölmələrindəki mövcud boş iş yerləri haqqında elanlar və boş iş yerləri haqqında elanların arxivinin təqdim edilməsi gərəkli olan bilgilərdəndir.
9. Yaxşı olardı ki, sahə işçilərinin əmək haqları barədə bilgilər də saytda yer alsın.
10. Vətəndaşların qəbul şərtləri və qəbul günləri (saatları) barədə ümumi bilgi, həmçinin, dövlət qulluqçusunun etika qaydaları haqqında bilgilərin əks etdirilməsi də tövsiyələr sırasındadır.
11. Növbəti tövsiyyə tender və yarışmaların keçirilməsi ilə bağlıdır. Tender və yarışmaların keçirilmə qaydaları, tenderlərin keçirilməsi ilə bağlı elanlar, tender və yarışmaların nəticələri, elanların arxivi, tender və yarışmaların nəticələri ilə bağlı mübahisələrin həlli qaydaları barədə bilgilərin təqdim edilməsi də gərəklidir.
12. Yaxşı olardı ki, qurumun norma- (qanun)yaratma fəaliyyəti barədə məlumatlar geniş əks etdirilsin. Bütün mümkün normativ aktların layihələri (tam mətni), bu cür layihələrin müzakirəsində vətəndaşların iştirak şərtləri, qurumun norma- (qanun)yaratma fəaliyyəti ilə bağlı arxiv öz əksini tapsın.
13. Saytın texniki imkanları sırasına abunə imkanının və qaynar xəttin də əlavə edilməsi tövsiyələr sırasındadır.