Azərbaycan Respublikası Respublikası Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsinin www.scwra.gov.az ünvanlı İnternet saytı dolğunluğu, videosüjetlərin yerləşdirilməsi baxımından fərqlənir. Saytda özəlliklə də dini qurumlar, məscidlər, kilsələr, sinaqoqlar, digər dini qurumlar, dini nəşrlər və bu sahəyə aid xidmət haqqında çox geniş bilgilər yer alıb. Saytın istifadəsi rahatdır. Yəni saytın funksionallığı, ayrıca e-xidmətlər bölməsinin təqdim edilməsi ilə də diqqət çəkir. Saytda qaynar xəttin, tolerantlıq kubokunun olması, sosial şəbəkələrdən tvitter, fasebook, youtube-da yer alması təqdirəlayiq hal sayılır. Saytda ziyarətçi kimi ən çox bəyəndiyimiz dini xəritənin qurulmasıdır ki, bu da saytın diqqətlə hazırlanmasının göstəricisidir. Xəritədə hansı şəhərdə hansı dini qurumun yerləşməsi haqda geniş məlumat almaq mümkündür. Saytda əsir abidələr bölməsinə nəzər yetirdikdə Azərbaycanın işğal altında olan torpaqlarındakı dini abidələr haqda ətraflı məlumat verilir. Həmçinin, bu abidələrin ayrıca fotoları təqdim olunur. Ziyarətgahlar bölməsində də geniş məlumatlar mövcuddur. Bir sözlə, saytda sahə ilə bağlı kifayət qədər geniş bilgilər təqdim edilmişdir ki, bu da ziyarətçidə xoş təəssürat yaradır. Saytın “Soruşun, cavab verək” bölməsindəki sual-cavablardan da gərəkli bilgilər almaq mümkündür. Bu bölmə də ziyarətçi kimi tərəfimizdən bəyənildi.
Bütün bunlarla bərabər saytda bəzi bilgilərin də çatışmadığı gözdən qaçmır. Beləliklə, saytda nə görürük:
1. Qurumun tarixi, qurumun fəaliyyətini təmin edən qanunverici baza haqqında bilgilər yetərli səviyyədədir. Qurumun rəhbərlərindən yalnız indiki rəhbər haqqında bilgi verilir. Kollegiya haqqında da bilgilər təqdim olunmuşdur.
2. Ziyarətçilərin qurum ilə əlaqə saxlaması üçün qurumun yerləşdiyi ünvan, həm ümumi xarakterli, həm də ayrı-ayrı xidmət və alt bölümlərin telefon və faks nömrələri, mümkün olan bütün e-poçt ünvanları haqqında bilgi verilmişdir. Qurumun ünvanının marşrut və sxemi haqqında, həmçinin, quruma getmək üçün müxtəlif istiqamətlərdən gələn ictimai nəqliyyat barədə bilgi yoxdur.
3.Qurumun strukturu barədə məlumat təqdim edilmişdir.
4. Rəhbər işçilər, onlarla əks əlaqə, əsas rəhbərin bioqrafiyası, qurumun rəhbəri ilə əks əlaqə imkanları və qurum ilə əks əlaqə üçün ümumi imkanlar təqdim edilir. Rəhbərin müavinlərinin bioqrafiyaları, struktur bölmələrinin rəhbərləri haqqında bioqrafik bilgilər, təqdim edilsə də, alt qurumların rəhbərləri və onlarla əlaqə haqda məlumata rast gəlinmir.
5. Qurumun cari fəaliyyəti haqqında mətbuat üçün açıqlamalar; quruma aid olan informasiya, quruma aid olan hər cür başqa cari informasiya yetərli səviyyədədir. Ancaq qurumdaxili əmr və qərarlar; bu cür aktların reyestri (qəbul və qüvvəyə minmə tarixi də daxil olmaqla) bilgi gözə dəymir. Qurumun həyata keçirdiyi proqram və layihələr barədə məlumat təqdim edilir.
6. Ümumi dövlət büdcəsinin quruma aid hissəsi və onun icrası barədə saytda bilgilərə rast gəlinmir.
7. Qurum tərəfindən təklif edilən xidmətlər haqqında, elektron formada təklif olunan xidmətlər, xidmətlərin keyfiyyət göstəriciləri, onlayn müraciət imkanı və xidmətlərdən istifadə qaydaları haqqında bilgi və qaynar xətt əks etdirilir.
8. İşə qəbul qaydaları və boş iş yerləri haqqında, işə qəbulun norma və qaydaları, işə qəbulla bağlı komissiyalar, dövlət qurumu və onun struktur bölmələrindəki mövcud boş iş yerləri haqqında elanlar və boş iş yerləri haqqında elanların arxivi barədə bilgilər də təqdim edilməyən bilgilər sırasındadır.
9. Növbəti təqdim edilməyən bilgi sahə işçilərinin əmək haqları barədə olan bilgilərdir.
10. Vətəndaşların qəbul şərtləri və qəbul günləri (saatları) barədə natamam məlumat təqdim olunur. Aydın olur ki, qurumun rəhbərindən başqa vətəndaşları heç kim qəbul etmir.
11. Daha bir əks etdirilməyən bilgi tender və yarışmaların keçirilməsi ilə bağlıdır. Tender və yarışmaların keçirilmə qaydaları, tenderlərin keçirilməsi ilə bağlı elanlar, tender və yarışmaların nəticələri, elanların arxivi, tender və yarışmaların nəticələri ilə bağlı mübahisələrin həlli qaydalarına da saytda rast gəlinmir.
12. Qurumun cari norma- (qanun)yaratma fəaliyyəti, bütün mümkün normativ aktların layihələri (tam mətni), bu cür layihələrin müzakirəsində vətəndaşların iştirak şərtləri, qurumun norma- (qanun)yaratma fəaliyyəti ilə bağlı arxiv haqqında bilgilərin heç birisi saytda öz əksini tapmamışdır.
13. Saytın texniki imkanları yaxşı dəyərləndirilir. Ancaq abunə imkanı çatışmır.