SAYT İŞLƏMİR, İNFORMASİYA XİDMƏTİ YOXDU, MƏMUR YERİNDƏ TAPILMIR. BƏS VƏTƏNDAŞ BİLGİNİ HARDAN ALSIN?
Könül
ŞAMİLQIZI
“Mediaforum” saytı
Ötən ilin dekabrında "İnformasiya əldə etmək haqqında" qanun qüvvəyə mindi. Hər kəsin bilgi almaq və hökumətin fəaliyyətinə nəzarət etmək hüququnun təmin olunmasını nəzərdə tutan bu qanun informasiya almaqda çətinlik çəkən vətəndaşlarda, o cümlədən yazılarının çoxunu "filan nazirlikdən sualımıza cavab verən tapılmadı", "filan məmur bu haqda məlumat verməkdən imtina elədi", "filan məsələ haqda heç nə öyrənə bilmədik" kimi cümlələrlə alayarımçıq tamamlamağa məcbur olan biz jurnalistlərdə də müəyyən ümidlər yaratdı. Düşündük ki, informasiya məsələləri üzrə müvəkkil təyin olunar, dövlət orqanlarından bilgi almağımıza az-çox köməyi dəyər; normal informasiya xidmətləri yaranar və ya olan informasiya xidmətləri normal çalışmağa başlayar, bir az bundan faydalanarıq; internet saytları yaradılar, bir az da bu işimizə yarayar…
Gələn ay qanunun qüvvəyə minməsinin bir ili tamam olur. Bu müddətdə ümidlərimiz nə qədər özünü doğruldub? İki misal çəkib qanunun tələbindən irəli gələn informasiya sorğularının cavablandırılması sahəsindəki vəziyyətə nəzər salaq.
***
Son ayların – artıq son illərin də deyə bilərik – ən aktual problemlərindən biri paytaxt yollarının vəziyyətidi. Bir tərəfdən şəhərdə avtomobillərin artması, digər tərəfdən sürücülərin qanunu pozmağa, yol polislərininsə qanunu pozanı qanunla deyil, rüşvətlə cəzalandırmağa meyilli olması, başqa tərəfdən, bir çox mütəxəssislərin iddialarına görə, plansız, ölçü-biçisiz aparılan körpü tikintiləri, nəhayət, köhnə yolların bitib-tükənməyən təmiri dözülməz vəziyyət yaradıb. Bu dözülməzliyi hər gün hamı yaşayır – "inomarka"da gəzən də, marşrut avtobusundan istifadə edən də, taksiyə minən də. Əsəbiləşirik, şikayətlənirik, "görən bu biabırçılıq nə vaxt bitəcək?" deyə-deyə öz-özümüzə deyinirik…
Nailə Əliyeva hər gün paytaxtın düz mərkəzindən – Rəşid Behbudov küçəsindən keçib Dərnəgül qəsəbəsinə işə gedir. Məsafəyə qalsa, işə çatmaq üçün ona yarım saat kifayətdi. Amma son bir ildə bu yolu nə vaxtsa yarım saata getdiyini xatırlamır. Deyir, yol ən azı bir saatımı əlimdən alır.
Bəzənsə elə bir saat da düz paytaxtın mərkəzində – Rəşid Behbudov küçəsində tıxacda gözləməli olur: "Elə bil qəsdən camaatın işini çətinləşdirməyə, əsəblərini korlamağa çalışırlar. Adama ən çox yer eləyən də budu – vaxtın gedir, saatlarla istidə-soyuqda avtobusda gözləməli olursan, hirsini boğa bilməyənlərin söyüş-qarğışını eşidirsən, işə gecikirsən, əsəblərin sıradan çıxır, kimsə də oturub bu müsibətə ləzzətlə tamaşa eləyir. Dünyanın heç bir yerində gündüzlər yol düzəltmirlər, ya da o qədər tez işləyib qurtarırlar ki, gəlib-keçən əziyyət çəkmir. Rəşid Behbudov küçəsində elə hey təmir gedir. Qazırlar, qaşıyırlar, asfaltlayırlar, bir ay keçməmiş baxırsan yenə başlayıblar qazmağa. Bir yolu nə qədər təmir eləyərlər? Bir dəfə olsun, iki dəfə olsun. Gündə olmaz ki…"
Amma olur. Rəşid Behbudov küçəsində təmir işləri bitib-tükənmək bilmir – ildə bir neçə dəfə yol qazılır, asfaltlanır, düzəldilir, sonra bir də sökülür… Cəmiyyətin nisbətən fəal təbəqəsinə aid olan bu xanım hər gün onu incidən problemin sirrini öyrənmək üçün Bakı Şəhər İcra Hakimiyyətinə telefon açsa da, heç bir bilgi ala bilməyib.
Mən də ala bilmədim – hətta ən elementar bilgiləri də. Bu yolu qazan, asfaltlayan kimdi? Bu işi hansı şirkət, hansı idarə həyata keçirir? Dövlət büdcəsindən ildə Bakı şəhərindəki yolların təmirinə nə qədər vəsait ayrılır? Bu pullar necə xərclənir? Rəşid Behbudov küçəsində az qala hər ay aparılan təmir işlərinə nə qədər pul sərf olunur? Bunun smetası tutulurmu? Yolun tez-tez xarab olmasının səbəbi araşdırılırmı?
Bakı Şəhər İcra Hakimiyyətindən öyrənmək istədiklərim bunlar idi. Əvvəlcə sorğuma cavab olaraq bildirdilər ki, bu işə Nəqliyyat Nazirliyi baxır. Nazirliyin Yol Nəqliyyat Servis Departamentindən dedilər ki, şəhərdaxili yolların təmirinə Bakı Şəhər İcra Hakimiyyəti cavabdehdi. Demə, şəhərdaxili yolların təmirinə nəzarəti paytaxt rəhbərliyinə tabe olan Baş Əsaslı Təmir və Tikinti İdarəsi həyata keçirirmiş.
Baş Əsaslı Təmir və Tikinti İdarəsinin əməkdaşı – bütün israrlarıma rəğmən özünü təqdim eləmədi – suallarımı dinlədikdən sonra bildirdi ki, bu haqda informasiyanı ancaq Bakı Şəhər İcra Hakimiyyətinin mətbuat xidməti verə bilər: "Biz məlumat verən orqan deyilik!" Mətbuat xidmətinin əməkdaşı isə bildirdi ki, yalnız Baş Əsaslı Təmir və Tikinti İdarəsinin telefon nömrələrini verə bilər: "Onlardan soruşun…"
Məmurlardan ala bilmədiyim informasiyanı internetdən əldə eləməyə çalışdım. Məlum oldu ki, Bakı Şəhər İcra Hakimiyyətinin internet səhifəsi yoxdu…
***
…Təhsil Nazirliyinin saytı var. Amma bu saytda Baş Təhsil İdarəsiylə Bakı Şəhər Baş Polis İdarəsinin məktəblərdə həyata keçirdiyi (yaxud həyata keçirməyə çalışdığı) siqaret əleyhinə kampaniya haqda bircə cümlə belə yoxdu. Kampaniyanın təşəbbüskarı olan Bakı Şəhər Baş Polis İdarəsinin internet saytından da bilgi almaq mümkün deyil. Çünki saytdakı ən son məlumatlar… 12.07.2004-cü ilə aiddi. Fərqli tarixə aid yalnız bir məlumat var – Bakı Şəhər Baş Polis İdarəsində 07 iyun 2007-ci ildə (?) keçirilən əməliyyat müşavirəsindən xəbər…
Məqsədim 238 saylı məktəbin iki şagirdinin döyülməsi və hədələnməsiylə nəticələnən "siqaret əleyhinə kampaniya" haqda bilgi almaq idi. Hadisədən yəqin ki, qəzet oxuyan hər kəs xəbərdardı – oktyabrın sonunda Bakı Şəhər Baş Polis İdarəsinin İctimai Təhlükəsizlik İdarəsinin rəisi Şamil Seyidli orta məktəblərdə şagirdlər arasında siqaret çəkənlərin artdığını və buna qarşı tədbirlər görməyə başladıqlarını bəyan etdi. İki gün keçməmiş təhsil naziri Misir Mərdanov mətbuat konfransı keçirərək polisin məsələni şişirtdiyini dedi və əlavə elədi ki, məktəblilər arasında siqaret çəkmə hallarının artıb-artmamasını müəyyənləşdirmək üçün monitorinq aparılmayıb. Aydın oldu ki, polis idarəsi və nazir arasında bu məsələylə bağlı ən azı anlaşılmazlıq var. Bu anlaşılmazlığın (bəzi qəzetlərin yazdığına görə, ziddiyyətin) qurbanı isə Vüqar və Pərviz olub…
Vüqar Ağayev və Pərviz Məmmədov Nizami rayonundakı 238 saylı məktəbin 11-ci sinif şagirdləridi. Oktyabrın 30-da "xidməti işlə əlaqədar" həmin məktəbə gələn üç polis – Nizami Rayon Polis İdarəsinin yeniyetmələrlə iş üzrə bölməsinin əməkdaşları Nağı Nəsirov, Aqşin Əlizadə və Elşən Bayramov ayaqyolundan çıxan Vüqar Ağayevə onun ciblərini yoxlayacaqlarını bildiriblər. V.Ağayev səbəbini soruşanda onu əvvəl ayaqyolunda, daha sonra direktorun qəbul otağına gətirərək orda döyüblər. Məktəblinin burnu sınıb. Sinif yoldaşının köməyinə gələn Pərviz Məmmədov da döyülüb.
Amma olay bununla bitməyib. Polis idarəsinə aparılan yeniyetmələrdən biri "butılka" və elektroşokla hədələnib. Və "siqaret əleyhinə kampaniya" asayiş keşikçilərinin barələrində cinayət işi qaldırmaq təhdidiylə uşaqlardan 500 dollar istəməsiylə bitib.
Bunlar Vüqarla Pərvizin və onların valideynlərinin dedikləridi. 238 saylı məktəbin direktorunun dediyi isə budu ki, şagirdlərə hərbi bilgilər öyrətmək məqsədilə məktəbə gələn polislər Vüqardan siqaret çəkməməyi tələb ediblər və mübahisə yaranıb: "Biz də mübahisəni yoluna qoymuşuq, sonrasından xəbərimiz yoxdu".
Nizami Rayon Polis İdarəsinin rəis müavini Asif Əliyevsə bildirib ki, polislər xidməti işlə əlaqədar adıçəkilən məktəbdə olublar: "Əməkdaşlarımız həmin şagirdlərə siqaret çəkməklərini irad tutublar. Buna görə də onlar polisə müqavimət göstəriblər. Hazırda faktla bağlı 25-ci bölmədə araşdırma aparılır".
Vüqarın atası Nizami Ağayev polisin iddiasını absurd sayır: "15-16 yaşında bir uşaq üç idmançı polisə necə müqavimət göstərə bilərdi? Bu, nağıldan başqa bir şey deyil".
Hazırda Vüqar məktəbə getmir. Jurnalistlərin suallarına da cavab vermir. N.Ağayev deyir ki, Vüqar fiziki xəsarətlərlə yanaşı, psixoloji zərbə alıb: "Ona görə də məktəbə getməyə qoymuram".
Vüqarı döyən polislərsə işə gedirlər. Düzdü, mənə həmin polislərlə danışmaq müyəssər olmadı, amma Nizami RPİ-dən bildirdilər ki, onlar işə çıxırlar.
– Bu polislərlə bağlı araşdırma aparılırmı?
– Onlar dindirilibmi?
– Polisləri hansısa cəza gözləyirmi?
– "Siqaret əleyhinə" kampaniya başladan Bakı Şəhər Baş Polis İdarəsi olaydan xəbərdardımı?
– Təhsil Nazirliyi şagirdlərin taleyi ilə maraqlanıbmı və hansısa tədbirlər görmək niyyətindədirmi?
– Polisin dərs vaxtı məktəbdə bu cür tədbir həyata keçirmək hüququ varmı?
– Bu kampaniyanı başlatmaq qərarını konkret olaraq kim verib? Kampaniyaya hansı hesabdan, nə qədər vəsait ayrılıb?
Nizami RPİ-dən bildirdilər ki, 25-ci bölmədə materiallar toplandıqdan sonra iş Nizami Rayon Prokurorluğuna verilib. Prokurorluqdansa yalnız onu öyrənə bildim ki, bu məsələylə prokuror Mahir Muradov məşğuldu. Amma Mahir Muradovdan nəinki bilgi almaq, ümumiyyətlə, onunla danışmaq mümkün deyil. Köməkçisinin bütün müraciətlərimizə cavab olaraq dediyi kimi, "prokuror məşğuldu, nə zaman boş olacağı da bilinmir…"
BŞBPİ-nin İctimai Təhlükəsizlik İdarəsinin rəisi Şamil Seyidli 238 saylı məktəbdə baş verən olayla bağlı məlumata malik olmadığını söylədi. Halbuki V.Ağayevin atası hadisədən dərhal sonra Pərviz Məmmədovun atasıyla birlikdə BŞBPİ-yə gedib orda da ifadə verdiklərini deyir.
Ş.Seyidlidən iki şagirdin döyülməsiylə nəticələnən "siqaret əleyhinə" kampaniya haqda məlumat almağa çalışdım. Bildirdi ki, İctimai Təhlükəsizlik İdarəsinin yetkinlik yaşına çatmayanların işi üzrə profilaktik bölməsinin əməkdaşları məktəblərdə siqaret çəkənlərin sayının artdığını müşahidə ediblər: "Buna qarşı mübarizə aparmaq daxili işlər nazirinin 2005-ci ildə imzaladığı 436 saylı əmrdən irəli gələn vəzifəmizdir. Ona görə də biz Baş Təhsil İdarəsinə müraciət elədik, birgə tədbirlər planı hazırladıq və onlarla birlikdə məktəblərdə tədbirlər keçiririk. Bir həftədi tədbirlərimiz başlayıb. Rayonların bəzi məktəblərində mühazirələr təşkil edirik, fotostendlər qururuq, fərdi söhbətlər aparırıq".
Təhsil Nazirliyinin Baş Təhsil İdarəsinin məktəbdənkənar təhsil şöbəsinin müdiri Qənirə Sultanova isə bildirdi ki, hələlik BŞBPİ ilə birgə tədbirlər planı yoxdu və onlar polislə birgə reydlər aparmırlar: "Bizə müraciət eləyiblər ki, belə bir tədbir keçirmək istəyirik. Bizim məktəblilərin asudə vaxtlarının təşkilinə dair tədbirlər planımızı istəyiblər, bildiriblər ki, birgə plan hazırlanacaq. Amma hələ birgə tədbirlər planı yoxdu. Bizə demişdilər ki, hazırlayıb göndərəcəyik, amma hələ göndərməyiblər. Razılaşmışdıq ki, birgə tədbirlər noyabrın 10-dan başlasın, ancaq hələ plan gəlmədiyi üçün başlaya bilmirik".
Q.Sultanovanın sözlərinə görə, hələ Baş Təhsil İdarəsinin heç bir əməkdaşı polislə birlikdə reyddə iştirak etməyib: "Polis bizsiz tədbir başlaya bilməz". Şamil Seyidli isə deyir ki, polisin istədiyi an istədiyi məktəbə daxil olub, bu tədbirləri həyata keçirməyə ixtiyarı var.
Nəhayət, Təhsil Nazirliyinə müraciət edib, "siqaret əleyhinə kampaniya" və bunun nəticəsində döyülən şagirdlərlə bağlı bilgilərinin olub-olmadığını öyrənməyə çalışdım. Nazirlikdən aldığım cavab bu oldu ki, suallarıma yalnız ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Bayram Hüseynzadə cavab verə bilər, o da hələ bir həftə məzuniyyətdə olacaq…
***
"İnformasiya əldə etmək haqqında" qanuna görə, sorğuçunun şifahi və ya yazılı yolla bilgi almaq hüququ var. Hər iki halda mən sadəcə şifahi sorğuyla bilgi almaq hüququmdan istifadə elədim və sadəcə yuxarıdakı bilgiləri aldım. BŞBPİ-nin idarə rəisi və Baş Təhsil İdarəsinin şöbə müdiri istisna olmaqla digər qurumlar ya ümumiyyətlə bilgi vermədilər, ya da yarımçıq bilgilər verdilər.
Hüquq Maarifçiliyi Cəmiyyətinin sərdi İntiqam Əliyevin sözlərinə görə, hər iki halda bilgiləri şifahi sorğu yoluyla əldə edə bilmədikdə yazılı sorğu göndərmək lazım idi: “Əgər o halda da informasiya ala bilməsəniz, məhkəməyə müraciət eləmək hüququnuz var”. İntiqam bəy bildirir ki, bir çox hallarda vətəndaşlar, o cümlədən jurnalistlər qanundan irəli gələn hüquqlarını bilmədiklərindən, yaxud sadəcə tənbəllikdən sona qədər getmirlər.
Media Hüququ İnstitutunun hüquqşünası Ələsgər Məmmədli də bu fikirlə razıdı. Amma o, məsələyə daha liberal yanaşır. Ələsgər bəy deyir ki, hər iki halda informasiya sahibləri mənə istədiyim bilgiləri verməliydilər: "Konkret göstərdiyiniz hallarda sizin istədiyiniz bilgilər şifahi yolla da verilə bilər. Daha doğrusu, verilməlidi. "İnformasiya əldə etmək haqda" qanunda göstərilir ki , büdcə təşkilatlarının fərmanları, hesabatları açıq olmalıdı. Sizin Bakı Şəhər İcra Hakimiyyətinin Baş Əsaslı Təmir-Tikinti İdarəsindən istədiyiniz məlumatlar tamamilə açıq məlumatlardı və onların sizə verilməməsi qanunsuzluqdu".
Müsahibimiz deyir ki, dünyanın hər bir ölkəsində əsas yolların istismar müddəti 25 ildi: "5 ildən bir bu yollarda yoxlama, təmir işləri aparılmalıdı. Amma dediyiniz küçədən mən də tez-tez keçirəm və həmin problemlərlə üzləşirəm. Həmin yol həqiqətən ildə bir neçə dəfə təmir olunur. Bu da onu göstərir ki, əvvəla, planlama yoxdu, ikincisi, dövlət vəsaitinin israfına yol verilir, üçüncüsü, idarəetmədə qüsurlar və hətta qəsd var. Ancaq bunlar bizim qənaətlərimizdi. Jurnalist həmin qənaətlərin doğru-yanlış olmasını araşdırmaq üçün təbii, öyrənməlidi ki, bu təmir işlərini kim həyata keçirir. Bu iş tenderlə həyata keçirilir, yoxsa yox? Tender keçirilirsə, hansı şərtlər qoyulur? Tenderdə kimlər iştirak edib? Tenderi kim udub? Bunları öyrənmək üçün yazılı sorğuya ehtiyac yoxdu. Bunlar şifahi sorğuyla alına biləcək informasiyalardı. İnformasiya sahibi bu informasiyaları sizə vermirsə, İnzibati Xətalar Məcəlləsinin 86-cı maddəsinə görə məsuliyyət daşıyır. Bir daha təkrar edirəm, sorğunun yazılı olması şərt deyil".
Üstəlik, ekspert bildirir ki, şifahi sorğunu cavablandırmaq mümkün deyilsə, bu halda informasiya sahibi sorğuçunu yönləndirməlidi. Çünki qanuna görə, sorğuçuya yardımçı olmaq informasiya sahibinin vəzifələrindən biridi: "Məsələn, siz şagirdlərin döyülməsi hadisəsinin istintaqıyla bağlı prokurordan bilgi almaq istəyirsinizsə, o qaçıb gizlənməməlidi. Sizin sorğunuzu şifahi şəkildə cavablandırmaq mümkün deyilsə, bildirməlidi ki, yazılı sorğu göndərin. Bilgi vermək səlahiyyətində deyilsə, bunu bildirməlidi. İstintaq getdiyi üçün bilgi vermək mümkün deyilsə, bunu söyləməlidi. Bütün hallarda qaçıb gizlənmək, sorğuları cavablandırmamaq inzibati məsuliyyət yaradır".
Ekspert əlavə edir ki, jurnalist gündəmdə olan bir döyülmə hadisəsiylə bağlı hansı maddəylə cinayət işinin qaldırıldığını öyrənmək istəyirsə, bunun üçün yazılı sorğu verib 7 gün gözləməməlidi: "Qanunda göstərilir ki, aktual olan məsələlərlə bağlı sorğular 24 saat içində cavablandırılmalıdı. İnsan hüquq və azadlıqlarıyla bağlı araşdırma tələb eləyən məsələlər 48 saat ərzində cavablandırılmalıdı. 7 gün ərzində isə o sorğular cavablandırılır ki, məsələn, hansısa sənədin araşdırılması tələb olunur. Sizin qaldırdığınız məsələdə araşdırılmalı bir sənəd yoxdu".
Ə.Məmmədlinin sözlərinə görə, "İnformasiya əldə etmək haqda" qanun bilgi almaq istəyən vətəndaşların işlərini çətinləşdirmək yox, asanlaşdırmaq üçündü: "Məsələn, qanunda göstərilir ki, dövlət qurumları internet saytları yaratmalı, bu saytlarda informasiyaların aktuallığına və yenilənməsinə diqqət yetirilməli, maksimum ictimai əhəmyyətli informasiyalar həmin qurumların saytında yerləşdirilməlidi. Məsələn, polis hansısa dövlət qurumuyla birlikdə kampaniya keçirirsə, bu, ictimai tədbirdi və onunla bağlı bütün məlumatlar açıq olmalıdı. Tədbir hansı plan əsasında həyata keçirilir, nə qədər müddəti, neçə məktəbi əhatə edir – bu bilgilər BŞBPİ-nin, Təhsil Nazirliyinin saytlarında yerləşdirilməliydi".
Saytların olmaması, yaxud tələblərə uyğun fəaliyyət göstərməməsi artıq informasiyanın əldə ediməsinə bir əngəldi. Ekspertin fikrincə, ikinci əngəl adıçəkilən qurumlarda informasiya məsələsi üzrə məsul şəxslərin olmamasıdı: "Bəzən mətbuat xidmətləriylə informasiya qurumlarını qarışdırırlar. Mətbuat xidməti həmin strukturun mətbuatla münasibətlərini tənzimləyir. Amma sizin tələb elədiyiniz informasiya mətbuat xidmətində deyil, strukturdadı. Siz mətbuat məsələsi üçün yox, informasiya əldə eləmək üçün müraciət edirsiniz. Bu halda sorğunuzu informasiya məsələsi üzrə məsul şəxs varsa, o cavablandırmalıdı. Həmin şəxs yoxdusa və onu mətbuat xidməti əvəz edirsə, o artıq "məndə məlumat yoxdu", "nazir məzuniyyətdədi", "filankəs yerində yoxdu" deyə bilməz. Bu zaman bütün informasiyalar onda olmalıdı, yaxud o, sorğuçunu yönləndirməlidi".
Amma Ələsgər bəy təəssüflə qeyd edir ki, "İnformasiya əldə etmək haqda" qanunun qüvvəyə minməsindən bir il ötsə də, hələ bu sahədə ciddi problemlər qalmaqdadı.
Bu onu göstərmirmi ki, problemin kökü qanundakı boşluqlarda deyilmiş? Müsahibim bu qənaətlə qismən razıdı: "Şübhəsiz ki, tətbiq olunmayan qanun heç nəyə yaramır. "İnformasiya əldə etmək haqqında" qanunun tətbiqində də ciddi problemlər var. Bu, qanunverici strukturun qəbul etdiyi qanunlara hörmətsiz yanaşmasıyla bağlıdı. Amma məsələ burasındadır ki, vaxtilə qanundakı boşluqlar da problem idi və bundan bəhanə kimi istifadə edilirdi. İndi o boşluq doldurulub. Heç kim deyə bilməz ki, qanunda problem var, ona görə informasiya vermirəm".
Vətəndaşların Əmək Hüquqlarının Müdafiəsi Liqasının rəbhəbi Sahib Məmmədov da hesab edir ki, informasiya əldə etmək sahəsindəki problemin mövcudluğu yalnız qanunla bağlı deyil. Onun sözlərinə görə, "İnformasiya əldə etmək haqqında" qanunun qüvvəyə minməsindən bir ilə yaxın vaxt keçsə də, bu sahədə kardinal dəyişikliklər olmayıb: "2005-ci ildə biz informasiya əldə etməklə bağlı monitorinq keçirdik. Monitorinqin nəticəsində gəldiyimiz qənaət bu oldu ki, qanunvericilikdəki boşluqlar problemlərdən yalnız biridi və birincisi deyil. Bu il də həmin qənaətimiz dəyişməyib. O zaman da, indi də bizim yazılı sorğularımızın əksəriyyətinə cavab verirdilər. Amma bu o demək deyil ki, Azərbaycanda informasiya əldə etmək asandır və bütün vətəndaşlar bu hüquqlarından yararlana bilirlər. Mən bilirəm ki, biz təşkilat olduğumuz və cavab almadıqda məhkəmələrə müraciət etdiyimiz üçün sorğularımızı cavablandırırlar”.
S.Məmmədovun bildirdiyinə görə, ən ciddi problemlər şifahi sorğuların cavablandırılmasındadı: "Operativ informasiyanın əldə edilməsi əvvəl nə qədər problemliydisə, təzə qanundan sonra da eyni dərəcədə qalır. Məsələn, əvvəl də Daxili İşlər Nazirliyi informasiya sorğularına operativ cavab verirdi – cavablar bəzən bizi qane etməsə belə – indi də eyni şəkildə fəaliyyətini davam etdirir. Digər qurumlarla müqayisədə DİN-in internet saytı da daha yaxşı səviyyədədi. Amma Bakı Şəhər İcra Hakimiyyətindən əvvəl də sorğulara cavab verilmirdi, yaxud məntiqsiz cavab verilirdi, yenə həmin vəziyyət qalır".
***
Bizdən fərqli olaraq vətəndaş cəmiyyəti inkişaf eləmiş ölkələrdə informasiya almaq istəyənlərin şihafi sorğu-yazılı sorğu-məhkəmə prosedurlarından keçmələrinə çox zaman ehtiyac qalmır. Uzağa getməyək – Türkiyədə istər jurnalist olsun, istər adi vətəndaş – hər kəs ictimai mahiyyət daşıyan və hər hansı qanunla məhdudlaşmayan istənilən informasiyanı rahat şəkildə əldə edə bilir.
Bu ölkədə "Bilgi edinmə (əldə etmə) haqqı qanunu" 2003-cü ilin oktyabrında qəbul edilib. Həmin sənədə görə, qurumlar qanunda göstərilən istisnalardan başqa hər cür bilgiləri və sənədləri sürətli, doğru, dolğun şəkildə sorğuçuya verməlidir. Qurum və quruluşlar ayrı və ya xüsusi çalışma, araşdırma, analiz nəticəsində əldə edilməli olan bilgilərlə bağlı sorğuları mənfi cavablandıra bilərlər, amma bu halda da sorğuçuya səbəb göstərməklə məlumat verməlidirlər.
Qanuna görə, yayımlanmış və ictimaiyyətə açıq olan bilgilər üçün yazılı sorğuya ehtiyac yoxdu, amma qurumlar sorğuçuya həmin məlumatların nə zaman, harda açıqlandığını bildirməlidirlər. Vətəndaşlar qanunla qadağan olunmayan istənilən sənədin surətini almaq hüququna malikdirlər. Sənədin əslini çıxarmaq mümkün deyilsə, sorğuçuya onu araşdırmaq, lent yazısıdırsa, dinləmək, videoyazıdırsa izləmək şəraiti yaradılmalıdır. Vətəndaşların yazılı sorğuları ən geci 15 gün, araşdırma lazım gəldiyi hallarda isə otuz gün içində cavablandırılmalı, otuz gün olarsa, səbəb sorğuçuya bildirilməlidi.
İnformasiya alma tələbi rədd edilən vətəndaş 15 gün içində İnformasiya Əldə Edilməsinin Dəyərləndirilməsi Komissiyasına müraciət edə bilər. Bu qurum etiraz doğuran qərarları araşdırmaq və vətəndaşın informasiya əldə etmək haqqının təmin edilməsinə yardımçı olmaq üçün yaradılıb. Komissiya Apellyasiya Məhkəməsinin, Ali Məhkəmənin, Vəkillər Kollegiyasının, Ədliyyə Nazirliyinin təmsilçiləri də daxil olmaqla 9 nəfərdən ibarət tərkibdə fəaliyyət göstərir və 4 ildən bir seçilir. Bütün dövlət qurumları hər ilin fevral ayının sonunda öncəki il onlara daxil olan, müsbət cavablandırılan, rədd olunan, haqqında etiraz verilən sorğular barədə detallı hesabat hazırlayıb bu komissiyaya təqdim edirlər. Komissiyanın hesabatı isə hər il aprelin sonuna qədər Türkiyə Böyük Millət Məclisinə göndərilir və iki ay ərzində ictimaiyyətə açıqlanır.
Türkiyə hökuməti yalnız bu qanunla kifayətlənməyib. 2004-cü ilin aprelində “İnformasiya əldə etmək haqqı qanununun tətbiq olunmasına dair əsas və üsullar haqda idarəçilik qanunu” qəbul edilib. Həmin qanuna görə, dövlət qurumları əllərində olan bütün bilgiləri və sənədləri informasiya əldə etmə hüququndan istifadəni asanlaşdıracaq şəkildə təsnif etməli; hər bir qurum fundamental qərarlarını və addımlarını, projelərini, illik fəaliyyət hesabatlarını bilgi çatdırma texnologiyalarından istifadə etməklə ictimaiyyətə açıqlamalıdır. Təsdiq olunan fəaliyyət və nəzarət planları da uyğun vasitələrlə ictimaiyyətin araşdırmasına açıq hala gətirilməlidir. Bütün qurumların internet saytları bu qanunun tələblərinə uyğun şəkildə qurulmalı və bilgilər orada yerləşdirilməlidir. Saytlarda ayrıca bölmələr yaradılmalı və sorğuların İnternet üzərindən cavablandırılması təmin olunmalıdır.
***
Türkiyədə “İnformasiya əldə etmə haqqı” qanunu və bu qanunun tətbiqini asanlaşdıracaq digər qanunlar bizdən fərqli olaraq normal şəkildə icra olunur. İstənilən dövlət qurumunun internet saytında qanunda nəzərdə tutulan informasiyaları əldə etmək mümkündür. Qurumların internet saytlarında ayrıca “bilgi edinmə (əldə etmə)” bölümləri yaradılıb. Həmin bölümdə fiziki və hüquqi şəxslər üçün iki anket forması yerləşdirilib. İstənilən vətəndaş müvafir dövlət orqanının internet saytına daxil olub informasiya əldə etmə bölümündəki anketi dolduraraq, sorğularına 15 gün içərisində cavab ala bilir. Son zamanlarda isə bir çox dövlət qurumları onlayn sistemiylə – dərhal sorğuları cavablandırmağa başlayıblar.
Türkiyə təcrübəsinə yaxından bələd olan Ələsgər Məmmədlinin sözlərinə görə, "İnformasiya əldə etmə haqqı qanunu” qüvvəyə minəndən sonra Türkiyədə bu sahədə ciddi və sistemli bir fəaliyyət var: "Orda istənilən sorğuya rahat şəkildə – məhkəməyə düşmədən cavab almaq mümkündü".
Türkiyənin “Sabah” qəzetinin yazarı Məhərrəm Sarıkaya da bunu təsdiqləyir. Onun sözlərinə görə, “İnformasiya əldə etmə haqqı qanunu” və digər yardımçı qanunvericilik aktları daha çox sıravi vətəndaşların və hüquqi şəxslərin sorğularının cavablandırılmasını asanlaşdırmağa xidmət edir.
Jurnalistlərin isə bu sahədə çətinliyi çoxdan yoxdur: “Biz adətən dövlət qurumlarından istədiyimiz bilgiləri ala bilirik. Təbii ki, bu vəziyyət yerinə görə dəyişir. Hansı bilgini hardan, hansı şəkildə almaq istədiyinizə bağlıdır. Yazılı müraciət etməyimiz lazım gəldiyi zaman bunu bizə söyləyirlər və biz də ya faks, ya internet, ya poçt vasitəsilə istədiyimiz sorğumuzu göndərib, bilgimizi alırıq. İnformasiya bizə təcili lazımdırsa, bunu bildiririk və qurumlar da ona uyğun davranırlar. Əks halda məsuliyyət daşıyırlar”.
***
Azərbaycanda informasiya əldə edilməsi sahəsindəki çətinliklərdən biri də dövlət qurumlarının bir çox hallartda vətəndaşlar arasında ayrı-seçkiliyə yol verməsidir. Sahib Məmmədovun dediyinə görə, bir çox hallarda eyni məzmunlu sorğuya jurnalistlər cavab ala bilmirlər, amma başqa vətəndaşlar cavab alırlar: “Çünki məmurlar jurnalistin əldə etdiyi informasiyanı yaymasından, ictimailəşdirməsindən narahat olurlar".
Bundan başqa, hətta jurnalistlər arasında da ayrı-seçkiliyə yol verilir. Məsələn, dövlət orqanları müxalifət qəzetlərinin əməkdaşlarının sorğularına çox zaman cavab vermirlər. “Yeni Müsavat” qəzetinin əməkdaşı Elşad Paşasoyun sözlərinə görə, bir çox hallarda dövlət orqanlarının nümayəndələri qəzetin adını eşidən kimi bilgi verməkdən imtina edirlər. Həmkarımız ayrı-ayrı vaxtlarda bunun ayrı-seçkilik olub-olmadığını müəyyənləşdirmək üçün eyni quruma eyni sualla həm “Yeni Müsavat”ın, həm də neytral mövqeli başqa qəzetlərin adından müraciət edib. Və bu “testlər” nəticəsində dövlət qurumlarının ayrı-seçkiliyə yol verdiyi qənaətinə gəlib.
Türkiyədə isə belə hallara rast gəlinmir. Hazırkı hökumətə qarşı ən sərt mövqedən çıxış edən “Yeniçağ” qəzetinin yazarı Yavuz Səlim Dəmirağ belə deyir. Onun sözlərinə görə, qanun qarşısında hər kəs bərabərdir: “Açıq olan bilgiləri rahatlıqla əldə edə bilirik. Qəzetlər arasında heç bir ayrı-seçkilik qoymurlar. Qoyduqları zaman məhkəməyə müraciət edirik və qətnamələr də bizim xeyrimizə olur”.
***
Bəs necə edək ki, bizdə də belə olsun – jurnalist, vətəndaş ən elementar informasiyaları əldə eləmək üçün dağa-daşa düşməsin?
Ələsgər Məmmədli: "Bu sahədə görülməli olan işlərin ən vacibi maarifləndirmədi. Hökumət informasiya sahibi olan qurumlarda treninqlər keçirməli, öz mütəxəssislərinə öyrətməlidi ki, sorğuları cavablandırmaq onların vəzifəsidi. Eyni zamanda cəmiyyəti maarifləndirmək lazımdı ki, insanlar öz hüquqlarının təmin olunmasını daha ciddi şəkildə tələb edə bilsinlər. Bu işdə də informasiya məsələləri üzrə müvəkkil institutu ciddi rol oynaya bilər".
Ekspertin fikrincə, media bu məsələni ana gündəm maddəsinə çevirməlidi: "KİV işçiləri qanunla özlərinə verilən hüquqları bilməli və onların yerinə yetirilməsinə nail olmaq üçün ciddi kampaniya aparmalıdırlar. Məsələn, bir qəzetdə 50 nəfər işləyirsə, onlar usanmadan gündə 50 instansiyaya sorğuyla müraciət etməlidirlər. Cavab almadıqda sona qədər getmək – məhkəmələrə müraciət etmək lazımdı. Bir gündə məhkəmələrə 50-100 şikayət daxil olacaqsa, hökmən buna reaksiya veriləcək. Ona görə də mən hesab edirəm ki, maarifləndirmə və israrlılıq işin əsasıdı".
Sahib Məmmədov: "Əksər hallarda sorğuçular hüquqlarını bilmədikləri üçün bu məsələyə ciddi yanaşmırlar. Halbuki ciddi yanaşdıqda tam olmasa da, müəyyən nəticələr əldə eləmək mümkündü. Məsələn, biz ötənilki monitorinqimizi başa çatdırdıqdan sonra sorğularımızı cavablandırmaqdan imtina edən, yaxud qanunvericiliyin tələblərini pozan informasiya sahiblərinin barələrində məhkəmə iddiaları qaldırdıq. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyini məhkəməyə verdik, istədiyimiz 1 illik informasiya əvəzinə bizə 10 illik informasiya verdilər. Məncə, bu praktika kütləviləşməlidi. Qurumlar xoşluqla vətəndaşlara infirmasiya vermirsə, vətəndaş həmin qurumlar hüquqi yollarla buna məcbur eləməlidi".
Yazı Media Hüququ İnstitutunun Almaniyanin Fridrix Ebert Fondu ilə birgə keçirdiyi müsabiqəyə təqdim olunub
Təhlil və şərhlər
Sayt işləmir, informasiya xidməti yoxdu, məmur yerində tapilmir. Bəs vətəndaş bilgini hardan alsin? (Könül ŞAMİLQIZI, “Mediaforum” saytı)
posted bySAYT İŞLƏMİR, İNFORMASİYA XİDMƏTİ YOXDU, MƏMUR YERİNDƏ TAPILMIR. BƏS VƏTƏNDAŞ BİLGİNİ HARDAN ALSIN?