Azərbaycan Respublikası Baş Dövlət Yol Polisinin www.dyp.gov.az . ünvanlı İnternet saytıbir sıra bölmələr üzrə yetərli və dolğun bilgi verməsi baxımından diqqət çəkir. Saytda qurumun tarixi ilə bağlı verilən məlumatlar yetərli sayıla bilər. Bundan başqa, elektron xidmətlər, işə qəbulun qaydaları, vətəndaşların qəbulu, onlayn müraciət formaları haqda məlumat təqdim olunur. Saytın istifadəsi rahatdır.Qurumun aparat rəhbərliyi və struktur rəhbərlərinin bioqrafik bilgilərinə rast gəlinmir. Onu da qeyd edək ki, Dövlət Yol Polisinin stasionar postlarının ünvanları və telefon əlaqələrinin təqdim edilməsi müsbət hal olsa da, (özü də bu məlumat faydalı məlumatlar bölməsində təqdim edilir, halbuki, bu məlumatlar vacib əhəmiyyətlidir) rayon və şəhər yol polisi idarələrinin nə rəhbərləri, nə əlaqə vasitələri, nə də ünvanları təqdim edilmir. Amma saytda şəhərlərin avtomobil kodlarının və sürücülük imtahanlarının qeydiyyat-imtahan məntəqələrinin ünvanları göstərilmişdir. Lakin bu yenə də faydalı məlumatlar bölməsində təqdim olunur, amma həmin məntəqələrin telefon nömrələri göstərilmir. Qurumun sosial şəbəkələrdə bir neçə səhifəsi mövcud olsa da, səhifə çox da aktiv sayıla bilməz. Qaynar xəttin olmaması, çağrı mərkəzinin yer almaması da diqqətdən qaçmır. Mətbuat üçün açıqlamaların tezliyi üstünlük təşkil etsə də, nədənsə quruma getmək üçün nəqliyyat marşrutu haqda bilgi təqdim edilmir. Həmçinin, tender elanları və nəticələri haqda da heç bir bilgi təqdim olunmur. Saytın ümumi mənzərəsi isə aşağıdakı kimidir:
1. Qurumun tarixi, qurumun fəaliyyətini təmin edən qanunverici baza haqqında bilgilər yetərli səviyyədədir. Qurumun rəhbərləri haqda bioqrafik bilgiyə rast gəlinmir. Kollegiya haqqındada bunu söyləmək olar.
2. Ziyarətçilərin qurum ilə əlaqə saxlaması üçün qurumun yerləşdiyi ünvan, həm ümumi xarakterli, həm də ayrı-ayrı xidmət və alt bölümlərin telefon və faks nömrələri, mümkün olan bütün e-poçt ünvanları təqdim edilsə də, qurumun ünvanının marşrut və sxemi haqqında, həmçinin quruma getmək üçün müxtəlif istiqamətlərdən gələn ictimai nəqliyyat barədə bilgi yoxdur.
3. Qurumun strukturu barədə də məlumat yetərli sayılmır.
4. Rəhbər işçilər, onlara əks əlaqə, qurumun rəhbəri ilə əks əlaqə imkanları mövcud olsa da,qurum ilə əks əlaqə üçün ümumi imkanlar təqdim edilsə də, əsas rəhbərin bioqrafiyası, rəhbərin müavinlərinin bioqrafiyaları, struktur bölmələrinin rəhbərləri haqqında bioqrafik bilgilər, ayrı-ayrı struktur bölmələrinin rəhbərləri ilə əks əlaqə imkanları haqqında heç bir məlumat verilmir.
5. Qurumun cari fəaliyyəti haqqında mətbuat üçün açıqlamalar; quruma aid olan informasiya, quruma aid olan hər cür başqa cari informasiya yetərli səviyyədədir. Həçminin, qurumdaxili əmr və qərarlar; bu cür aktların reyestri (qəbul və qüvvəyə minmə tarixi də daxil olmaqla); qurumun həyata keçirdiyi proqram və layihələr də təqdim edilmişdir.
6. Ümumi dövlət büdcəsinin quruma aid hissəsi və onun icrası barədə saytda bilgilər təqdim olunmur.
7. Qurum tərəfindən təklif edilən mütləq xidmətlər, elektron formada təklif olunan xidmətlər, xidmətlərin keyfiyyət göstəriciləri, onlayn müraciət imkanı və xidmətlərdən istifadə qaydaları haqqında da bilgilər əks etdirilir. Qaynar xətt nömrələrinin və çağrı nömrəsi isə göstərilmir.
8. İşə qəbul qaydaları və boş iş yerləri haqqında dövlət qurumu və onun struktur bölmələrinə işə qəbulun hüquqi bazası, işə qəbulun norma və qaydaları, işə qəbulla bağlı komissiyalar, dövlət qurumu və onun struktur bölmələrindəki mövcud boş iş yerləri haqqında elanlar və boş iş yerləri haqqında elanların arxivi barədə bilgilər də təqdim edilən bilgilər sırasındadır.
9. Təqdim edilməyən bilgilərdən biri sahə işçilərinin əmək haqları barədə olan bilgilərdir.
10. Vətəndaşların qəbul şərtləri və qəbul günləri (saatları) barədə də kifayət qədər bilgi təqdim edilir.
11. Daha bir əks etdirilməyən bilgi tender və yarışmaların keçirilməsi ilə bağlı olan bilgidir. Qurum tərəfindən tender və yarışmaların keçirilmə qaydaları, tenderlərin keçirilməsi ilə bağlı elanlar, tender və yarışmaların nəticələri, elanların arxivi, tender və yarışmaların nəticələri ilə bağlı mübahisələrin həlli qaydaları haqda məlumatlar öz əksini tapmır.
12. Qurumunun norma- (qanun)yaratma fəaliyyəti barədə, bütün mümkün normativ aktların layihələri (tam mətni), bu cür layihələrin müzakirəsində vətəndaşların iştirak şərtləri, qurumun norma- (qanun)yaratma fəaliyyəti ilə bağlı arxiv haqqında bilgilər müəyyən qədər saytda öz əksini tapmışdır.
13. Saytın texniki imkanları yaxşı dəyərləndirilir. Abunə imkanı və sosial şəbəkədə səhifəsi mövcuddur.