Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin www.constcourt.gov.az. ünvanlı İnternet saytı, monitorinqdə də qeyd etdiyimiz kimi müəyyən bilgi verir. Saytın texniki imkanları və funksionallığı öz yerindədir. Bəzi bölmələr istisna olmaqla sayt demək olar ki, bir çox bölmələr üzrə dolğunluğu ilə fərqlənir. Onlayn imkanının, vətəndaşların qəbulu ilə bağlı prosedurların izahı, həmçinin dövlət qurumunun ünvanı, qurumun strukturu, aparat, e-poçt ünvanları, daxili əmr və qərarlar, qurumun daxili norma yaratma fəaliyyəti barədə geniş məlumatlar təqdim olunur. Amma qurumun qaynar xətti, abunə imkanları, qurumun marşrut sxemi və ictimai nəqliyyat növü, büdcəsi, tender elanları, boş iş yerlərinin elanları, işə qəbul qaydaları, sosial şəbəkələrdə səhifəsinin mövcudluğu yoxdur. Beləliklə, bu resursun təkmilləşdirilməsi üçün bəzi tövsiyələrimizi təqdim edirik:
1. Qurum ilə bağlı məlumatlar kifayət qədər dolğun olduğu üçün əlavə tövsiyə verilməsinə ehtiyac duyulmur.
2. Ziyarətçilərin qurum ilə əlaqə saxlaması üçün bütün imkanların təqdim edildiyini, yəni, telefon, faks, onlayn müraciət, e-poçtlar təqdim edilsə də, quruma getmək üçün müxtəlif istiqamətlərdən gələn ictimai nəqliyyat barədə heç bir bilginin verilmədiyinə nəzərə alsaq, bu sahənin dolğunlaşdırılmasına gərək var.
3. Qurumun strukturunun ümumi sxemi, aparat, struktur bölmələrinin rəhbərləri və onlarla əlaqə saxlamaq üçün imkanlar, struktur bölmələrinin dəqiq (tam) ünvanları, struktur bölmələrinin səlahiyyət çərçivələri, qurumun tabeliyindəki informasiya sistemləri haqqında bilgilər təqdim edilmişdir. Bu baxımdan əlavə tövsiyəyə gərək duyulmur.
4. Rəhbər işçilər, onlarla əks əlaqələr, rəhbərin və müavinlərinin bioqrafiyaları, struktur bölmələrinin rəhbərləri haqqında bioqrafik bilgilər, ayrı-ayrı struktur bölmələrinin rəhbərləri ilə əks əlaqə imkanları əks etdirilmişdir. Bunu nəzərə alaraq bu sahədə əlavə tövsiyə verilmir.
5. Qurumun cari fəaliyyəti haqqında verilmiş bilgilər sırasına qurumdaxili əmr və qərarlar, bu cür aktların reyestri (qəbul və qüvvəyə minmə tarixi də daxil olmaqla), qurumun həyata keçirdiyi proqram və layihələr barədə də məlumatlar təqdim olunduğuna görə, bu sahə üzrə də tövsiyə yoxdur.
6. Ümumi dövlət büdcəsinin quruma aid hissəsi və onun icrası barədə məlumat təqdim olunmamışdır. Amma yaxşı olardı ki, qurumun dövlət büdcəsi, büdcədənkənar daxilolmalar və onların istiqamətləri barədə informasiyalar da saytda yer alsın.
7. Qurum tərəfindən təklif edilən xidmətlər haqqında çatışmayan məlumatlar demək olar ki, yoxdur. Bu üzdən də əlavə tövsiyə verilmir.
8. Dövlət qurumu və onun struktur bölmələrinə işə qəbulun hüquqi bazası, işə qəbulun norma və qaydaları, işə qəbulla bağlı komissiyalar, boş iş yerləri haqqında elanlar təqdim edilməmişdir. Bu üzdən də tövsiyə edilir ki, bu sahə dolğun təqdim edilsin.
9. Qurumun sahə işçilərinin əmək haqları barədə bilgilərin saytda yer almadığı üçün bu üzdən də tövsiyyə edilir ki, bilgilər təqdim edilsin.
10. Vətəndaşların qəbul şərtləri və qəbul günləri (saatları) barədə ümumi bilgi, dövlət qulluqçusunun etika qaydaları haqqında məlumatlar da təqdim olunan bilgilər sırasındadır. Bu üzdən də əlavə tövsiyəyə ehtiyac duyulmur.
11. Tender və yarışmaların keçirilmə qaydaları, tenderlərin keçirilməsi ilə bağlı elanlar, tender və yarışmaların nəticələri, elanların arxivi haqqında məlumatlar saytda yer almır. Burada çatışmayan bilgilərin də əlavə edilməsinə ehtiyac var.
12. Qurumun norma- (qanun)yaratma fəaliyyəti haqda bunu demək olar ki, bütün mümkün normativ aktların layihələri (tam mətni), bu cür layihələrin müzakirəsində vətəndaşların iştirak şərtləri, qurumun norma- (qanun)yaratma fəaliyyəti ilə bağlı arxiv öz əksini tapmışdır. Bu üzdən də əlavə tövsiyəyə lüzum görülmür.
13. Saytın texniki imkanları sırasında qaynar xətt və abunə imkanının, həmçinin sosial şəbəkələrdə səhifələrinin də olması tövsiyələr sırasındadır.