Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin www.mdi.gov.az ünvanlı İnternet saytı yeni qurulduğu üçün bir sıra bölmələr üzrə dolğun məlumat verə bilmir. Qurumun alt qurum və strukturları barədə qısa olsa da məlumatlar təqdim olunur. Lakin alt qurumların heş birinin saytı mövcud deyil. Qurumun e-xidmətlər bölümü ayrıca təqdim edilir, onlayn yazışma forması, e-poçt-lar, bütün alt qurumların e-poçtları, telefon, faks, qaynar xətt, etik davranış qaydaları, vətəndaşların qəbul günləri, rəhbərliyin bioqrafiyaları təqdim edilən bilgilərdəndir. Lakin saytda bəzi bölmələr üzrə heç bir bilginin olmaması da diqqətdən qaçmır. Məsələn, qurumun büdcəsi, tender və yarışmalarla bağlı elanlar, tender nəticələri, quruma gəlmək üçün marşrut sxemi və ictimai nəqliyyat, daxili norma yaratma, qurumdaxili əmrlər, abunə imkanı təqdim edilməyən bilgilər sırasındadır. Qurumun sosial şəbəkələrdə səhifəsinin olmaması da diqqətdən qaşmır. Bütövlükdə isə saytın durumu aşağıdakı kimidir:
1. Qurum ilə bağlı təqdim edilmiş informasiyalar yetərli sayıla bilər.
2. Ziyarətçilərin qurum ilə əlaqə saxlaması üçün ümumi imkanlar (qurumun yerləşdiyi ünvan, telefon və faks nömrələri, mümkün olan bütün e-poçt ünvanları) təqdim edilir. Burada yalnız qurumun marşrut sxemi və gəlmək üçün ictimai nəqliyyat haqqında bilgilər çatışmır.
3. Qurumun strukturunun ümumi sxemi və qurumun tabeliyindəki informasiya sistemləri haqqında bilgilər tam şəkildə təqdim olunur. Digər bilgilər (aparat, qurumun alt bölmələri, struktur bölmələrinin rəhbərləri və onlarla əlaqə saxlamaq üçün imkanlar, struktur bölmələrinin tam ünvanları və struktur bölmələrinin səlahiyyət çərçivələri) haqqında da məlumat təqdim edilir.
4. Rəhbər işçilər onlarla əks əlaqə, qurumun rəhbərinin bioqrafiyası, əks əlaqə imkanları təqdim edilir. Struktur bölmələrinin rəhbərləri və alt qurumların rəhbərləri ilə əks əlaqə imkanları da təqdim edilmişdir.
5. Qurumun cari fəaliyyəti haqqında informasiyalar yetərli sayıla biləcək qədərdir.
6. Təəssüf ki, ümumi dövlət büdcəsinin quruma aid hissəsi və onun icrası haqqında bilgilər saytda əks etdirilmir.
7. Qurum tərəfindən təklif edilən mütləq xidmətlər, elektron formada təklif olunan xidmətlər, xidmətlərin keyfiyyət göstəriciləri, onlayn müraciət imkanı, qaynar xətt və xidmətlərdən istifadə qaydaları haqqında bilgilər öz əksini tapmışdır.
8. İşə qəbul qaydaları və boş iş yerləri haqqında, işə qəbulun norma və qaydaları barədə heç bir bilgi yoxdur. İşə qəbulla bağlı komissiyalar haqqında, dövlət qurumu və onun struktur bölmələrindəki mövcud boş iş yerləri haqqında elanlar, boş iş yerləri haqqında elanların arxivi barədə bilgilərə də rast gəlinmir.
9. Sahə işçilərinin əmək haqları barədə də heç bir bilgilərə rast gəlinmədiyini söyləmək olar.
10. Vətəndaşların qəbul şərtləri və qəbul günləri (saatları) barədə ətraflı məlumatlar təqdim olunmuşdur. Dövlət qulluqçusunun etika qaydaları haqqında bilgilər əks etdirilir.
11. Tender və yarışmaların keçirilməsi ilə bağlı qayda və elanlar barədə heç bir məlumat təqdim edilmir. Digər bilgilər – tenderlərin keçirilməsi ilə bağlı elanlar, tender və yarışmaların nəticələri, elanların arxivi və tender və yarışmaların nəticələri ilə bağlı mübahisələrin həlli qaydaları barədə də heç bir məlumat təqdim edilmir.
12. Növbəti təqdim edilməyən bilgilər isə qurumun norma- (qanun)yaratma fəaliyyəti haqqındadır.
13. Saytın texniki imkanları sırasında abunə imkanı da olsaydı yaxşı olardı. Bundan başqa, sosial şəbəkələrdə səhifəsinin olmaması qurumun çatışmayan cəhətlərindəndir.