Azərbaycan Respublikasının Sənaye və Energetika Nazirliyinin www.mie.gov.az. ünvanlı İnternet saytı, monitorinqdə də qeyd etdiyimiz kimi, çox geniş bilgi verir. Saytın texniki imkanları və funksionallığı da öz yerindədir. Bəzi bölmələr istisna olmaqla sayt demək olar ki, bir çox bölmələr üzrə dolğunluğu ilə fərqlənir. Sahənin rəhbər işçiləri haqda geniş bioqrafik bilgilərin, qurumun büdcəsinin, tender elanlarının, abunə və onlayn imkanının mövcudluğu, vətəndaşların qəbulu ilə bağlı prosedurların izahı, həmçinin dövlət qurumunun ünvanı, qurumun strukturu barədə geniş məlumatlar təqdim olunur. Azərbaycan Respublikası haqda, coğrafiyası, əhalisi, ərazisi, Ermənistan tərəfindən işğal olunmuş ərazilər, ölkənin Konstitusiyası, Dövlət rəmzləri, Qan Yaddaşı və s bilgilər kifayət qədər dolğun təqdim olunur. Qurumun cari norma yaratma fəaliyyəti, elektron xidmətlərinin ayrıca göstərilməsi də bəyənilən haldır. İşə qəbulun qaydaları, boş iş yerləri haqda elanların veilməsi qurumu üstün edən cəhətlərdəndir. Lakin qurumun büdcəsi, quruma gəlmək üçün ictimai nəqliyyat növü, tender elanları, qaynar xətt də göstərilsəydi, saytı tam dolğun hesab etmək olardı.
Beləliklə, bu resursun təkmilləşdirilməsi üçün bəzi tövsiyələrimizi təqdim edirik:
1. Qurum ilə bağlı məlumatlar kifayət qədər dolğun olduğu üçün əlavə tövsiyə verilməsinə ehtiyac duyulmur.
2. Ziyarətçilərin qurum ilə əlaqə saxlaması üçün bütün imkanların təqdim edildiyini, yəni, telefon, faks, onlayn müraciət, çoxlu sayda e-poçtlar təqdim olunur. Burada çatışmayan yalnız quruma getmək üçün müxtəlif istiqamətlərdən gələn ictimai nəqliyyat barədə bilgilərin verilməsidir ki, bu da göstərilsəydi, bilgi tam dolğun olardı.
3. Qurumun strukturunun ümumi sxemi, aparat, struktur bölmələrinin rəhbərləri və onlarla əlaqə saxlamaq üçün imkanlar, struktur bölmələrinin dəqiq (tam) ünvanları, struktur bölmələrinin səlahiyyət çərçivələri, qurumun tabeliyindəki informasiya sistemləri haqqında bilgilər təqdim edilmişdir. Bu baxımdan əlavə tövsiyəyə gərək duyulmur.
4. Rəhbər işçilər, onlarla əks əlaqələr, həmçinin rəhbərin və müavinlərinin bioqrafiyaları, struktur bölmələrinin rəhbərləri haqqında bioqrafik bilgilər, ayrı-ayrı struktur bölmələrinin rəhbərləri ilə əks əlaqə imkanlarının da əks etdirildiyini nəzərə alsaq bu sahədə də əlavə tövsiyə verilmir.
5. Qurumun cari fəaliyyəti haqqında verilmiş bilgilər sırasına qurumdaxili əmr və qərarlar, bu cür aktların reyestri (qəbul və qüvvəyə minmə tarixi də daxil olmaqla), qurumun həyata keçirdiyi proqram və layihələr barədə də məlumatlar təqdim olunduğuna görə, bu sahə üzrə də tövsiyə yoxdur.
6. Ümumi dövlət büdcəsinin quruma aid hissəsi və onun icrası barədə məlumat təqdim olunmur. Amma yaxşı olardı ki, həm qurumun büdcəsi, həm də büdcədənkənar daxilolmalar və onların istiqamətləri barədə informasiyalar da saytda yer alsın.
7. Qurum tərəfindən təklif edilən xidmətlər haqqında çatışmayan məlumatlar demək olar ki, yoxdur. Bu üzdən də əlavə tövsiyə verilmir.
8. Dövlət qurumu və onun struktur bölmələrinə işə qəbulun hüquqi bazası, işə qəbulun norma və qaydaları, işə qəbulla bağlı komissiyalar, boş iş yerləri haqqında elanlar təqdim edildiyi üçün əlavə tövsiyə verilmir.
9. Sahə işçilərinin əmək haqları barədə bilgilər saytda yer almadığı üçün bu üzdən də tövsiyyə edilir ki, bu bilgilər də təqdim edilsin.
10. Vətəndaşların qəbul şərtləri və qəbul günləri (saatları) barədə ümumi bilgi, dövlət qulluqçusunun etika qaydaları haqqında məlumatlar da təqdim olunan bilgilər sırasındadır. Bu üzdən də əlavə tövsiyəyə ehtiyac duyulmur.
11. Tender və yarışmaların keçirilmə qaydaları, tenderlərin keçirilməsi ilə bağlı elanlar, tender və yarışmaların nəticələri, elanların arxivi haqqında kifayət qədər geniş məlumatlar saytda natamam şəkildə yer almışdır. Məsələn, yarışmaların, müsabiqələrin keçirilməsi ilə bağlı elanlar olsa da, tender elanlarına rast gəlinmir. Bu da əlavə edilsə, sahəni dolğun saymaq olar.
12. Qurumun norma- (qanun)yaratma fəaliyyəti haqda bunu demək olar ki, bütün mümkün normativ aktların layihələri (tam mətni), bu cür layihələrin müzakirəsində vətəndaşların iştirak şərtləri, qurumun norma- (qanun)yaratma fəaliyyəti ilə bağlı arxiv öz əksini tapmışdır. Bu üzdən də əlavə tövsiyəyə lüzum görülmür.
13. Saytın texniki imkanları sırasına qaynar xətt imkanının da əlavə edilməsi və sosial şəbəkələrdə səhifəsinin aktivləşdirilməsi tövsiyələr sırasındadır.