Azərbaycan Respublikasının Bakı Metropoliteninin www.metro.gov.az ünvanlı İnternet saytı monitorinqdə də qeyd etdiyimiz kimi çox geniş bilgi verir. Saytın texniki imkanları və funksionallığı da öz yerindədir. Bəzi bölmələr istisna olmaqla sayt demək olar ki, bir çox bölmələr üzrə dolğunluğu ilə fərqlənir. Sahənin rəhbər işçiləri haqda geniş bioqrafik bilgilərin, qurumun sabiq rəhbərlərinin, onlayn imkanının mövcudluğu, vətəndaşların qəbulu ilə bağlı prosedurların izahı, həmçinin, dövlət qurumunun ünvanı, qurumun strukturu, virtual tur, Metropolitenin stansiyaları haqda ayrı-ayrılıqda verilən məlumatlar bəyənilən haldır. Lakin yaxşı olardı ki, qurumun büdcəsi, tender elanları, tenderlərin nəticələri, boş iş yerlərinin elanları, işə qəbul qaydaları, sahə işçilərinin əmək haqları, rəhbər işçilərin tarif stavkaları haqda da məlumatlar da veriləydi. Beləliklə, bu resursun təkmilləşdirilməsi üçün bəzi tövsiyələrimizi təqdim edirik:
1. Qurum ilə bağlı məlumatlar kifayət qədər dolğun olduğu üçün əlavə tövsiyə verilməsinə ehtiyac duyulmur.
2. Ziyarətçilərin qurum ilə əlaqə saxlaması üçün bütün imkanların təqdim edildiyini, yəni, telefon, faks, onlayn müraciət, çoxlu sayda e-poçtlar təqdim edilir. Lakin quruma getmək üçün müxtəlif istiqamətlərdən gələn ictimai nəqliyyat barədə bilgilər də verilsəydi yaxşı olardı.
3. Qurumun strukturunun ümumi sxemi, aparat, struktur bölmələrinin rəhbərləri və onlarla əlaqə saxlamaq üçün imkanlar, struktur bölmələrinin dəqiq (tam) ünvanları, struktur bölmələrinin səlahiyyət çərçivələri, qurumun tabeliyindəki informasiya sistemləri haqqında bilgilər təqdim edilmişdir. Bu baxımdan əlavə tövsiyəyə gərək duyulmur.
4. Rəhbər işçilər, onlarla əks əlaqələr, həmçinin rəhbərin və müavinlərinin bioqrafiyaları, struktur bölmələrinin rəhbərləri haqqında bioqrafik bilgilər, ayrı-ayrı struktur bölmələrinin rəhbərləri ilə əks əlaqə imkanlarının da əks etdirildiyini nəzərə alsaq bu sahədə də əlavə tövsiyə verilmir.
5. Qurumun cari fəaliyyəti haqqında verilmiş bilgilər sırasına qurumdaxili əmr və qərarlar, bu cür aktların reyestri (qəbul və qüvvəyə minmə tarixi də daxil olmaqla), qurumun həyata keçirdiyi proqram və layihələr barədə də məlumatlar təqdim olunduğuna görə, bu sahə üzrə də tövsiyə yoxdur.
6. Ümumi dövlət büdcəsinin quruma aid hissəsi və onun icrası barədə məlumat təqdim olunmamışdır. Yaxşı olardı ki, büdcə və büdcədənkənar daxilolmalar və onların istiqamətləri barədə informasiyalar da saytda yer alsın.
7. Qurum tərəfindən təklif edilən xidmətlər haqqında çatışmayan məlumatlar demək olar ki, yoxdur. Bu üzdən də əlavə tövsiyə verilmir.
8. Dövlət qurumu və onun struktur bölmələrinə işə qəbulun hüquqi bazası, işə qəbulun norma və qaydaları, işə qəbulla bağlı komissiyalar, boş iş yerləri haqqında elanların təqdim edilməsi gərəkli olan bilgilərdəndir.
9. Sahə işçilərinin əmək haqları barədə bilgilər saytda yer almadığı üçün bu üzdən də tövsiyə edilir ki, bilgilər təqdim edilsin.
10. Vətəndaşların qəbul şərtləri və qəbul günləri (saatları) barədə ümumi bilgi, dövlət qulluqçusunun etika qaydaları haqqında məlumatlar da təqdim olunan bilgilər sırasındadır. Bu üzdən də əlavə tövsiyəyə ehtiyac duyulmur.
11. Tender və yarışmaların keçirilmə qaydaları, tenderlərin keçirilməsi ilə bağlı elanlar, tender və yarışmaların nəticələri, elanların arxivi haqqında məlumatlar saytda yer almır. Bu üzdən də tender və yarışmaların elanları, nəticələri barədə bilgilərin də əlavə edilməsi yaxşı olardı.
12. Qurumun norma- (qanun)yaratma fəaliyyəti haqda bunu demək olar ki, bütün mümkün normativ aktların layihələri (tam mətni), bu cür layihələrin müzakirəsində vətəndaşların iştirak şərtləri, qurumun norma- (qanun)yaratma fəaliyyəti ilə bağlı arxiv öz əksini tapmışdır. Bu üzdən də əlavə tövsiyəyə lüzum görülmür.
13. Saytın sosial şəbəkələrdə səhifələrinin olmasını nəzərə alsaq, texniki imkanları sırasına abunə imkanının da əlavə edilməsi tövsiyələr sırasındadır.