Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin www.migration.gov.az ünvanlı İnternet saytı, icmal hissədə də qeyd etdiyimiz kimi, əvvəlki illərlə müqayisədə xeyli irəli gedib. Saytın daha dolğun və daha təkmil olması dərhal diqqəti cəlb edir. Üstəlik, e-xidmətlərin verilməsi də onun üstünlüklərindən biridir. Bununla belə, saytda bəzi çatışmazlıqlar da müşahidə edilməkdədir. Bunu nəzərə alaraq aşağıda bu yöndə bəzi tövsiyələrimizi təqdim edirik:
1. Qurum ilə bağlı informasiyalar yetərli sayılaca bilər. Bunun üçün də əlavə bir tövsiyəyə ehtiyac duyulmur.
2. Ziyarətçilərin qurum ilə əlaqə saxlaması üçün təqdim edilmiş bilgilər sırasına quruma gəlmək üçün ictimai nəqliyyat haqqında da bilgilərin daxil edilməsi nəticəsində bu bölmə dolğunlaşmış olar.
3. Qurumun strukturu haqqında isə digər çatışmayan bilgilərin də təqdim edilməsi tövsiyə olunur.
4. Rəhbər işçilər, onlarla əks əlaqə, struktur bölmələrinin rəhbərləri, həmçinin, aparat və kollegiya rəhbərləri haqqında bioqrafik bilgilərin, əks əlaqə imkanlarının da təqdim edilməsi gərəklidir.
5. Qurumun cari fəaliyyəti haqqında təqdim edilən informasiyalar yetərli olduğundan əlavə bir tövsiyəyə gərək yoxdur.
6. Yaxşı olardı ki, ümumi dövlət büdcəsinin quruma aid hissəsi və onun icrası barədə bilgilər saytda əks etdirilsin.
7. Qurum tərəfindən təklif edilən xidmətlər haqqında informasiyalar təqdim edilir. Qaynar xəttin mövcudluğu, onlayn müraciət imkanı və xidmətlərdən istifadə qaydaları təqdim edildiyi üçün əlavə tövsiyəyə ehtiyac duyulmur.
8. İşə qəbul qaydaları və boş iş yerləri haqqında elanlar, məlumatlar təqdim olunmur. Buna görə də yaxşı olardı ki, bu bilgilər saytda əks olunsun.
9. Sahə işçilərinin əmək haqları barədə bilgilərin verilməsi də tövsiyələr sırasındadır.
10. Vətəndaşların qəbul şərtləri və qəbul günləri (saatları) barədə bilgilər bütün göstəricilər üzrə ayrıntılı şəkildə təqdim edildiyi üçün burada da əlavə tövsiyə verilmir.
11. Tender və yarışmaların keçirilməsi elanları, qaydaları və nəticələri ilə bağlı bilgilər təqdim olunmur. Bu üzdən də bu sahə ilə bağlı məlumatların da təqdim edilməsinə gərək var.
12. Qurumun norma- (qanun)yaratma fəaliyyəti barədə bilgilər də əks etdirildiyi üçün əlavə tövsiyə verilmir.
13. Saytın texniki imkanları sırasına abunə imkanı və sosial şəbəkələrdə səhifələrinin olması da əlavə olunsaydı yaxşı olardı.