Jurnalist Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmənin üç hakimini məhkəməyə verib
“Azadlıq” qəzetinin jurnalisti Aytən Məmmədova Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmənin hakimləri Əli Seyfəliyevə, Əlövsət Abbasova və Sədrəddin Hacıyevə qarşı Səbail rayon məhkəməsində iddia qaldırıb. Bu barədə məlumatı jurnalistin hüquqlarının müdafiəsini həyata keçirən Hüquq Maarifçiliyi Cəmiyyətindən yayılıb.
Səbail rayon məhkəməsinə ünvanlanan şikayətdə göstərilir ki, 2006-cı ilin noyabr ayının 16-da məhkəmədə dövlət ittihamçısı kimi çıxış edən A.Yusifov vəsatət verib ki, məhkəmə iclasının stenoqram şəklində dərc edilməsi və prosesi stenoqram şəklində dərc edən kütləvi informasiya vasitələrinin nümayəndələrinin məhkəmə iclasında iştirakı qadağan olunsun. Məhkəmə qeyd edilən vəsatəti təmin edərək məhkəmə proseslərinin stenoqram şəklində işıqlandırılmasına qadağa qoyub.
Bundan bir gün sonra – oktyabrın 17-də digər dövlət ittihamçısı B.Cəfərov məhkəmə təqdim etdiyi başqa bir vəsatətdə bildirib ki, “Femida” qəzetinin baş redaktoru Ə.Kərimovla “Azadlıq” qəzetində dərc olunmuş müsahibədə səsləndirilən bəzi fikirlər H.Məmmədova münasibətdə təqsirsizlik prezumpsiyasının pozuntusudur və buna görə də, həmin qəzetin əməkdaşlarına prosesdə iştirak etmək qadağan edilməlidir.
Məhkəmə bu vəsatəti də təmin edib və 17.11.2006-cı il tarixdən “Azadlıq” qəzetinin əməkdaşlarının Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Respublikası məhkəməsində “Hacı Məmmədov və digərlərinin işi” üzrə keçirilən məhkəmə prosesində iştirakına qadağa qoyulub.
Jurnalist məhkəmənin qeyd edilən qanunsuz qərarlarını ölkə qanunvericiliyi və beynəlxalq qanunvericiliklə təminat verilən fikri ifadə etmək azadlığımın və məhkəmə prosesinin açıqlığı prinsipinin pozuntusu kimi qiymətləndirib.
Jurnalist 14 noyabr 2006-cı ildə Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəməyə informasiya sorğusu ilə müraciət edərək, qeyd edilən qərardadların surətlərinin ona təqdim olunmasını xahiş etsə də, bu günə kimi informasiya sorğuma cavab verilməyib. Jurnalist həmçinin həmin sorğulara cavab verməyən Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəməsinə qarşı informasiya sorğusuna cavab verilməməsinin qanunsuz sayılması barədə də iddia qaldırıb.
A.Məmmədova həmçinin Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmənin hakimləri Ə.Seyfəliyev, S.Hacıyev və Ə.Abbasov barəsində intizam icraatının qaldırılması tələbilə Məhkəmə-Hüquq Şurasına, Ali Məhkəməyə və Ədliyyə Nazirliyinə müraciət edib.
Jurnalist məhkəmənin qeyd edilən qanunsuz qərardadlarının onun ölkə qanunvericiliyi, o cümlədən və İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 6-cı maddəsi ilə təminat verilən məhkəmənin açıqlığı, 10-cu maddəsi ilə təminat verilən məlumat almaq və 14-cü maddəsi ilə təminat verilən ayrı-seçkiliyə məruz qalmamaq hüququnu pozduğunu iddia edir.
xxeber
15.12.2006