Azərbaycan Respublikasının Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin www.refugees-idps-comitee.gov.az domen adlı internet saytı, icmalda da qeyd etdiyimiz kimi, elektron xidmətlərin olması ilə diqqəti çəkir, amma rəhbərlik haqqında heç bir bioqrafik məlumatların verilməməsi, quruma getmək üçün marşrut və nəqliyyatın göstərilməməsi, həmçinin regional strukturların ünvanının qeyd edilməməsi, işə qəbul, qurumun büdcəsi, tender və yarışmalar haqda elanlar, sahə işçilərinin əmək haqqının göstərilməməsi saytın çatışmayan cəhətlərindəndir. Buna görə də saytın tam olaraq tələbatlara cavab verdiyini deyə bilmərik. Düzdür, funksionallıq, istifadə rahatlığı və düzənləmə baxımından bu resursu yetərli səviyyədə dəyərləndirmək olar. Ancaq bu, heç də o demək deyil ki, sayt tələbata cavab verə biləcək həddədir. Yəni, bu saytın bir çox bölmələrini informasiya ilə dolğunlaşdırmaq lazımdır. Ona görə də aşağıda bu istiqamətdə tövsiyyələrimizi təqdim edirik:
1. Qurum ilə bağlı informasiyalara qurumun rəhbərləri barədə bilgilərin əlavə edilməsi zəruridir.
2. Ziyarətçilərin dövlət qurumu ilə əlaqə saxlaması üçün quruma getmək üçün ictimai nəqliyyat barədə bilgilərin verilməsi mütləqdir.
3. Qurumun strukturunun sxemi və aparat barədə bilgilər olsa da, regional bölmələrin ünvanları barədə bilgilərin təqdim edilməsinə ehtiyac var.
4. Rəhbər işçilər, onlarla əks əlaqə təqdim olunduğu üçün əlavə tövsiyə verilmir. Lakin, rəhbərin və onun müavinlərinin, həmçinin, struktur və regional rəhbərlərin bioqrafiyalarının təqdimi mütləqdir.
5. Qurumun cari fəaliyyəti haqqında mətbuat üçün açıqlamalar kifayət qədərdir. Həmçinin, qurumdaxili əmr və qərarların və onların reyestrinin saytda yer almasını da nəzərə alaraq əlavə tövsiyə verilmir.
6. Yaxşı olardı ki, ümumi dövlət büdcəsinin quruma aid hissəsi və onun icrası haqqında bilgilər təqdim edilsin.
7. Qurum tərəfindən təklif edilən xidmətlər haqqında informasiyalara əlavə xidmətlər barədə bilgi də təqdim olunsa, bu bölmə dolğunlaşmış olar.
8. İşə qəbul qaydaları və boş iş yerləri haqqında bilgilərin əks etdirilməsi tövsiyələr sırasındadır.
9. Yaxşı olar ki, sahə işçilərinin əmək haqları barədə bilgilər təqdim edilsin.
10. Vətəndaşların qəbul şərtləri və qəbul günləri (saatları) haqqında bilgilər təqdim edildiyi üçün əlavə tövsiyə verilmir.
11. Tender və yarışmaların keçirilməsi ilə bağlı da eyni tövsiyə şamil olunur.
12. Dövlət qurumunun norma- (qanun)yaratma fəaliyyəti haqqında bilgilərin təqdim edildiyini nəzərə alaraq əlavə tövsiyə verilmir.
13. Saytın texniki imkanları sırasına abunə imkanının da daxil edilməsinə gərək var. Bundan başqa, qurumun sosial şəbəkələrdə səhifəsinin yaradılması gərəklidir.