Azərbaycan Respublikasının Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin www.refugees-idps-comitee.gov.az domen adlı internet saytında bir sıra bölmələr üzrə bilgilər tam olmasa da verilib. Hətta e-xidmətlər bölməsi də əlavə edilib və müəyyən xidmətlər bu yolla təklif edilir. Bununla belə, saytda bir sıra gərəkli bölmələr üzrə bilgilər verilmir. Yaxud da verilən bilgilər yetərli deyildir. Bu isə təbii ki,sayt haqqında hələlik yüksək rəy söyləməyə imkan vermir. Ümumilikdə isə saytdakı durum aşağıdakı kimidir:
1. Qurumun tarixi ilə bağlı ətraflı məlumat verilmişdir. Hətta digər ölkələrdəki qaçqınların faiz göstəriciləri və Azərbaycanda məcburi köçkünlərinin yaranma səbəbləri, ermənilər tərəfindən işğal olunmuş ərazilər haqda geniş bilgilər təqdim edilir. Qurumun rəhbər işçiləri haqda natamam bilgi verilir.
2. Ziyarətçilərin dövlət qurumu ilə əlaqə saxlaması üçün qurumun yerləşdiyi ünvan, ümumi xarakterli telefon və faks nömrələri, e-poçt təqdim edilir. Lakin quruma getmək üçün ictimai nəqliyyat barədə bilgi təqdim edilmir.
3. Qurumun strukturunun sxemi və aparat barədə bilgi, regional bölmələr barədə, struktur bölmələrinin ünvanları və səlahiyyət çərçivələri haqqında, qurumun tabeliyindəki informasiya sistemləri barədə də bilgi saytda əks etdirilmişdir.
4. Rəhbər işçilər, onlarla əks əlaqə olsa da, rəhbərin bioqrafiyası əks etdirilmir. Həmçinin, müavinlərin və başqa rəhbər şəxslərin də bioqrafiyaları təqdim edilmir.
5. Qurumun cari fəaliyyəti haqqında informasiyalar baxımından mətbuat üçün açıqlamalar təqdim olunmuşdur. Qurumdaxili əmr və qərarlar, onların reyestri barədə bilgilər də mövcuddur.
6. Ümumi dövlət büdcəsinin quruma aid hissəsi və onun icrası haqqında heç bir bilgi təqdim edilmir.
7. Dövlət qurumu tərəfindən təklif edilən xidmətlər haqqında informasiyalar və qaynar xətt təqdim edilsə də, əlavə xidmətlər barədə bilgi verilmir.
8. Təəssüf ki, işə qəbul qaydaları və boş iş yerləri haqqında heç bir bilgi təqdim edilmir.
9. Sahə işçilərinin əmək haqları barədə də eyni sözləri demək mümkündür.
10. Vətəndaşların qəbul günləri və saatları barədə və dövlət qulluqçusunun etika qaydaları haqqında bilgi təqdim edilir. Vəzifəli şəxslər tərəfindən vətəndaşların qəbul norma və qaydaları barədə ümumi bilgi də göstərilmişdir.
11. Tender və yarışmaların keçirilməsi ilə bağlı heç bir qayda və elanlar haqqında bilgilər əks etdirilmir.
12. Təqdim edilən məlumatlardan biri də dövlət qurumunun norma- (qanun)yaratma fəaliyyəti haqqındadır.
13. Sayt texniki imkanlar baxımından yaxşıdır. Burada çatışmayan abunə imkanı və sosial şəbəkələrdə səhifəsinin olmamasıdır.