AZƏRBAYCAN RESPUBLİKASININ
NAZİRLƏR KABİNETİ
Q Ə R A R
№ 033 16/02/2007 il
"Dövlət orqanlarının və bələdiyyələrin İnternet informasiya ehtiyatlarının yaradılması Formaları və Qaydaları"nın təsdiq edilməsi haqqında
"İnformasiya əldə etmək haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 9 dekabr tarixli 326 nömrəli Fərmanının 1.7-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:
1. "Dövlət orqanlarının və bələdiyyələrin İnternet informasiya ehtiyatlarının yaradılması Formaları və Qaydaları" təsdiq edilsin (əlavə olunur).
2. Bu qərar imzalandığı gündən qüvvəyə minir.
Azərbaycan Respublikasının Baş naziri A.Rasi-zadə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 16 fevral tarixli 33 nömrəli qərarı ilə təsdiq edilmişdir
Dövlət orqanlarının və bələdiyyələrin İnternet informasiya ehtiyatlarının yaradılması Formaları və Qaydaları
1. Bu Qaydalar “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 9 dekabr tarixli 326 nömrəli Fərmanına uyğun olaraq hazırlanmışdır və dövlət orqanlarının və bələdiyyələrin İnternet informasiya ehtiyatlarının yaradılması formaları və qaydalarını müəyyən edir.
2. Dövlət orqanları və bələdiyyələr "İnformasiya əldə etmək haqqında" Azərbaycan Respublikası Qanununun 29.1-ci maddəsində göstərilən ictimai informasiyaları açıqlamaq üçün İnternet informasiya ehtiyatları yaradırlar. Mərkəzi icra hakimiyyəti orqanları onların tabeliyində olan dövlət orqanlarının İnternet informasiya ehtiyatları formalaşdırmalarına şərait yaratmalıdırlar. Bu məqsədlə sahə (korporativ), regional və s. formada İnternet informasiya ehtiyatları yaradıla bilər.
3. "İnformasiya əldə etmək haqqında" Azərbaycan Respublikası Qanununun 9.1.2-ci və 9.3-cü maddələrində göstərilən informasiya sahibləri ictimai informasiyaları açıqlamaq məqsədi ilə İnternet şəbəkəsində ayrı-ayrılıqda və ya birgə informasiya ehtiyatları yarada bilərlər.
4. "İnformasiya əldə etmək haqqında" Azərbaycan Respublikası Qanununun 9.1.1-ci maddəsində göstərilən informasiya sahibləri:
4.1. İnternet informasiya ehtiyatları ilə tanış olmaq imkanları barədə məlumatı əks etdirən müvafiq ünvanları və ya onlara edilən dəyişiklikləri kütləvi informasiya vasitələrində açıqlamaq yolu ilə ictimaiyyətə çatdırırlar;
4.2. İnternet informasiya ehtiyatlarında ən yeni və aktual informasiyaları yerləşdirirlər;
4.3. köhnəlmiş, natamam, qeyri-dəqiq və ya çaşqınlıq yaradan informasiyaları İnternet informasiya ehtiyatlarında yerləşdirməkdən imtina edirlər;
4.4. İnternet informasiya ehtiyatlarında sənədin yerləşdirildiyi vaxtı və açıqlanması tarixini göstərirlər;
4.5. İnternet informasiya ehtiyatlarında yerləşdirilən ictimai informasiyaların tez və asan əldə edilməsi üçün şərait yaradırlar;
4.6. İnternet informasiya ehtiyatlarının etibarlı fəaliyyətini təmin edirlər.
5. Dövlət sirri təşkil edən və yayılması məhdudlaşdırılmış xidməti informasiyanın işlənilən, habelə məhdudlaşdırılmış daxilolma növlü informasiya ehtiyatları yerləşən informasiya sistemlərinin, rabitə şəbəkələrinin və fərdi kompüterlərin informasiya mübadiləsi üçün istifadə edilən digər informasiya sistemləri və şəbəkələrinin, o cümlədən İnternet şəbəkəsinin tərkibinə daxil edilməsinə yol verilmir.
6. Əldə edilməsi məhdudlaşdırılan informasiya İnternet informasiya ehtiyatlarına daxil edilibsə, bu zaman onun əldə olunmasını mümkünsüz edən tədbirlər görülməlidir.
7. Açıq dövlət və bələdiyyə informasiya ehtiyatlarının mülkiyyətçiləri və istifadəçiləri bu ehtiyatları İnternet şəbəkəsi də daxil olmaqla, informasiya mübadiləsi üçün istifadə edilən informasiya sistemləri və şəbəkələrinə, rabitə şəbəkələrinə qoşan texniki vasitələri dövlət sirri təşkil edən məsələlərin müzakirə olunduğu və məxfi danışıqların aparılması nəzərdə tutulan yerlərdən kənarda yerləşdirməlidirlər.
8. Dövlət orqanları və bələdiyyələr "İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında" Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq sertifikatlaşdırılmış informasiya sistemlərindən, məlumat bazala rından, məlumat banklarından, informasiya mühafizə vasitələrindən istifadə etməli və informasiya ehtiyatlarının və proseslərinin mühafizəsini təmin etməlidirlər.
9. Dövlət orqanları İnternet şəbəkəsi ilə əlaqəni, ondan istifadəni və həmin şəbəkədə informasiyanın yerləşdirilməsini “Azərbaycan Respublikasının dövlət orqanlarında informasiya təhlükəsizliyinin təmin edilməsi üzrə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 29 dekabr tarixli 172 nömrəli Fərmanına müvafiq həyata keçirirlər.
10. Hər bir dövlət orqanının domen ünvanı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 31 mart tarixli 91 nömrəli qərarı ilə təsdiq edilmiş “GOV.AZ domeninin inzibatlaşdırılması Qaydaları”na uyğun müəyyən edilməlidir.
11. Dövlət orqanları və bələdiyyələr inteqrasiya oluna bilən İnternet saytlarına malik olmalıdırlar. Sayt üzərindən informasiya sorğularının qəbulu və saytdan informasiya sahibinin sənədlərinin reyestrinə müraciət edib məlumat əldə edilməsi imkanları təmin edilməlidir.
12. Dövlət orqanları və bələdiyyələrin İnternet saytları aşağıdakı texniki tələbatları ödəməlidir:
12.1. qanunvericiliyin tələblərindən irəli gələn bütün vəzifələrin yerinə yetirilməsini təmin edən funksiyalara və xidmətlərə malik olmalıdır;
12.2. İnternet resursunun, müvafiq məlumat bazasının sanksiyalaşdırılmamış müdaxilədən etibarlı mühafizəsi və saytların təhlükəsizliyinin proqram təminatı sistem baxımından tam təmin olunmalıdır;
12.3. istifadəçilərin proqram və log-fayllara keçidi olmamalıdır;
12.4. saytların müxtəlif brauzerlərdə açılması və məlumatların düzgün oxunuşu təmin olunmalıdır;
12.5. saytlar sorğuların sürətli emalını təmin etməli, dayanaqlı xidmət göstərmə qabiliyyətinə malik olmalıdır;
12.6. saytların verilənlər bazası İSO 10646 (Unicode) formatını dəstəkləməlidir;
12.7. saytların proqram təminatı məlumatları verilənlər bazasına həm İnternet bağlantısı üzərindən, həm də lokal şəbəkə vasitəsilə daxil etməyə imkan verməlidir;
12.8. saytlar üzrə axtarış sistemi olmalı və axtarış simvolların registrindən asılı olmamalıdır;
12.9. İnternet saytları dövlət dilində və tələbatdan asılı olaraq, ən azı bir geniş yayılmış xarici dildə tərtib olunmalıdır;
12.10. saytların proqram təminatı və verilənlər bazası lazım gəldikdə, yeni texnologiyalara keçmək üçün inteqrasiya edilə bilən olmalıdır;
12.11. məlumatların düzgünlüyü və mətnlərin üslubu, qrammatik redaktəsi sayt sahibi tərəfindən təmin edilməlidir;
12.12. saytların xarici görünüşü, naviqasiya sistemi və istifadə rahatlığı məsələləri sayt sahibi tərəfindən saytın funksionallığı və qanunun tələblərinin qarşıya qoyduğu vəzifələri pozmamaqla müəyyən edilməlidir;
12.13. digər dövlət orqanları və bələdiyyələrin, habelə aidiyyəti beynəlxalq təşkilatların saytlarına keçidlər olmalıdır.
13. Dövlət orqanlarında və bələdiyyələrdə informasiya və kommunikasiya texnologiyaları (bundan sonra – İKT) mühiti yaradılmalıdır. Dövlət orqanlarının və bələdiyyələrin İKT mühitinin yaradılmasını aşağıdakı proseslər təşkil edir:
13.1. dövlət orqanlarının və bələdiyyələrin kompüterləşdirmə və avtomatlaşdırma prinsipinə uyğun iş rejiminə keçməsi;
13.2. dövlət orqanlarının və bələdiyyələrin lokal şəbəkəyə malik olması;
13.3. İnternet şəbəkəsinə çıxışın təmin edilməsi;
13.4. dövlət orqanlarının və bələdiyyələrin elektron poçt ünvanının olması;
13.5. İnternet şəbək əsindən istifadə zamanı informasiya təhlükəsizliyinin təmin edilməsi;
13.6. “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun elektron sənəd dövriyyəsinin təmin edilməsi;
13.7. İKT üzrə müvafiq struktur bölmənin mövcudluğu və bu sahədə mütəxəssislərə malik olması.
14. Dövlət orqanları və bələdiyyələrin İKT üzrə struktur bölməsi aşağıdakı funksiyaları yerinə yetirir:
14.1. məlumatların təhlükəsizliyinin qorunması;
14.2. məlumat bazaları ilə bağlantının sürətlə həyata keçirilməsi;
14.3. sorğuların emalının sürətlə həyata keçirilməsi;
14.4. İnternet şəbəkəsi ilə əlaqəsinin kəsilməzliyi;
14.5. zəruri hallarda optimal genişləndirilməsi;
14.6. məlumat bazalarının ehtiyatlarının (rezervlərinin) təmin olunması.
15. İnformasiya resursunun təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə vaxtaşırı həmin resursun ehtiyat nüsxəsi (Back Up) informasiya daşıyıcılarına köçürülməli və ya digər üsullardan istifadə olunmalıdır.