Multimedia Mərkəzi tərəfindən keçirilən “Dövlət qurumlarının informasiya açıqlığı və elektron xidmətlərin inkişafı” mövzusunda Dəyirmi Masa keçirilib.
Tədbirdə Multimedia Mərkəzinin direktoru, Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz informasiya açıqlığı üzrə Mərkəzi və yerli icra qurumlarının növbəti Hesabatını və Reytinq Cədvəlini ictimaiyyətə təqdim edib. O, 6 ay ərzində 74 dövlət qurumunun və 67 Yerli icra hakimiyyətlərinin rəsmi internet resursunun monitorinqinin aparıldığını qeyd edib. O, rəsmi saytların 60 parametr üzrə kəmiyyət və keyfiyyət kriteriyaları və sosial əhəmiyyətlilik səviyyəsi nəzərə alınmaqla informasiya açıqlığı vəziyyətinin analiz olunduğunu bildirilib. Hər bir qurum üzrə araşdırmaların yekunu olaraq icmal və tövsiyələr hazırlandığı diqqətə çatdırılıb.
Osman Gündüz həm informasiya açıqlığı sahəsində əvvəlki illərlə müqayisədə müsbət irəliləyişlərin olduğunu qeyd edib.
Monitorinqin nəticələrinə əsasən informasiya açıqlığı üzrə Reytinq Cədvəlində 1-ci , 2-ci və 3-cü yerləri müvafiq olaraq Vergilər Nazirliyi (74%), DSMF (68.5%) və Dövlət Qulluğu Məsələləri üzrə Komissiya(67%) tutub. Sonuncu yerlər isə Əsir və İtkin Düşmüş, Girov Götürülmüş Vətəndaşlarla Əlaqədar Dövlət Komissiyası və Müdafiə Nazirliyinə məxsusdur.
74 Mərkəzi icra qurumları üzrə orta informasiya açıqlığı göstəricisi 39 % ( ötən il 33.5%) olub.
Yerli icra hakimiyyətləri (şəhər və rayon) üzrə orta informasiya açıqlığı göstəricisi isə cəmi 12.7 %
( ötən il : 7 %) olub.
Yerli İcra qurumları arasında 1-ci , 2-ci və 3-cü yerləri Binəqədi İH(22.5%), Sabunçu İH (21.7%) və Yasamal İH(21.6) əldə edib. Şəhər icra hakimiyyətləri içərisində 1-ci yeri Şirvan şəhər İH (22.2 %) tutub.
Bununla belə dövlət qurumlarının, xüsusən də yerli icra qurumların informasiya açıqlığı sahəsində ciddi problemlərin qaldığı da diqqətə çatdırılıb.
Cəmi 21 Mərkəzi icra orqanının informasiya açıqlığı üzrə 50%-lik həddi keçə bildiyi vurğulanıb.
İnformasiya açıqlığı sahəsində dövlət qurumları arasında kəskin informasiya bərabərsizliyi olduğu da qeyd olunub. Belə ki cari ildə 10 ən yaxşıların açıqlıq göstəricisi 64 % olduğu halda , sonuncu yerləri tutan 10 dövlət qurumunun açıqlıq əmsalı cəmi 16% dir.
Dəyirmi Masada Multimedia Mərkəzinin Elektron xidmətlərin təşviqi üzrə İctimai Şura ilə birgə hazırladığı “Kütləvi və sosial-ictimai əhəmiyyət kəsb edən xidmətlərin Siyahısı” da ictimaiyyətə təqdim olunub. Siyahını təqdim edən Osman Gündüz bu Siyahıya 120 xidmətin daxil olduğunu diqqətə çatdırıb. Onlardan 83 xidmətin hökumət tərəfindən təsdiq olunan xidmətlər içərisində olmadığını bildirib.
Siyahının hazırlanmasında məqsədin daha vacib və kütləvi tələbat olan xidmətlərin ilk növbədə elektron formaya keçirilməsinə kömək etmək, vətəndaşların elektron xidmətlərdən bəhrələnməsi prosesini sürətləndirmək və şəffaflığı gücləndirmək olduğu bildirilib.
Dəyirmi Masada Şəffaflıq Azərbaycan qurumundan Rəna Səfərəliyeva və Məhəmməd Muradov, Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın nümayəndəsi Asəf Əliyev, İREX –in əməkdaşı Ələsgər Məmmədli , Korrupsiyaya Qarşı Mübarizə Fondunun rəhbəri Vasif Mövsümov, ekspert, Mətbuat Şurasının üzvü Azər Həsrət, İqtisadi Tədqiqatlar Mərkəzinin nümayəndəsi Rəcəb İmanov, VXSİ Dövlət Agentliyinin şöbə müdiri Ceyhun Salmanov , Binəqədi İcra Hakimiyyətinin şöbə müdiri Anar Səfərov, Ekologiya və Təbii Sərvətlər nazirliyinin nümayəndəsi Amil Səfiyev, Dövlət Gömrük Komitəsinin nümayəndəsi Anar Süleymanov, Hesablama Palatasının nümayəndəsi Nailə Qazıyeva, media təmsilisi Sevda Əsgərova və digərləri çıxış ediblər. Çıxışlarda aparılan Monitorinqin mühüm əhəmiyyət kəsb etməsi vurğulanıb. Bu sahədə son illərdə xeyli irəliləyişlərin olduğunu bildiriblər. Çıxışlarda həmçinin hələ də açıqlanması məcburi olan informasiyaların xeyli hissəsinin həm Mərkəzi, həm də yerli icra orqanlarının saytlarından əldə edilməsinin mümkünsüzlüyü qeyd olunub. Bu sahədə dövlət nəzarətini həyata keçirməli olan dövlət qurumunun da fəaliyyətinin zəif olması vurğulanıb . Yerli icra orqanlarının informasiya açıqlığı sahəsindəki mövcud vəziyyətin aşağı səviyyədə olması vurğulanıb.
Monitorinqin nəticələrinin ictimailəşdirilməsinin və davamlı olaraq aparılmasının zəruriliyi qeyd
olunub.
Təqdimat mərasimində hökumət qurumlarının nümayəndələri, müstəqil ekspertlər, özəl və ictimai
sektorun təmsilçiləri, beynəlxalq təşkilatların nümayəndələri iştirak edib. Layihə İREX /USAİD Azərbaycan tərəfindən
dəstəklənib
Geniş məlumat www.informasiya.org –da yerləşdirilib.
Multimedia Mərkəzi
Tel: 492 44 44