Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin www.sehiyye.gov.az və www.health.gov.az domen adlı internet saytında əvvəlki illərlə müqayisədə xeyli dəyişikliklər nəzərə çarpır. Sayt öz dolğunluğu, sosial şəbəkələrdə aktivliyi, interaktiv xidməti ilə diqqəti cəlb edir. Saytda hətta bir sıra məsələlər üzrə e-xidmətlər təklif olunur. Bir sıra bölmələr üzrə bilgilər tam və dolğundur. Sayt özü bütövlükdə zəngin sayıla bilər. Saytda təqdim olunan Elektron Səhiyyə bölümündə Xəstəliklərin Beynəlxalq Təsnifatı sahəsində son dövrlərdə dünyada geniş yayılan xəstəliklər (Ebola, H1N1 virusu və d.) haqda ətraflı məlumat verilir. Bundan başqa, Elektron Səhiyyə bölümündə elektron sağlamlıq kartı üzrə məlumatlar, növbətçi apteklərin siyahısı, ünvanları və telefon nömrələri təqdim edilir. Dərman vasitələri haqqında məlumatların əldə edilməsi üçün axtarış sistemi də yaradılıb ki, bu da təqdirəlayiq haldır. Bundan başqa, saytda qadağan edilmiş dərmanların siyahısı da yerləşdirilib. Qurumun Elektron Kitabxanasında, Resurs Mərkəzində səhiyyə sisteminə aid kitabların elektron versiyası yerləşdirilsə də, bu kitabların içində Azərbaycan alimlərinin və həkimlərinin kitablarının olmaması təəssüfedici haldır. Həkimlərin Mərkəzləşmiş İşə Qəbulu bölməsində bütün sahələr üzrə boş vakant yerlər, imtahan və müsahibələrin tarixi barədə ətraflı məlumat verilir. Onlayn yazışma forması və abunə imkanının yoxluğu əks əlaqənin bir qədər zəif qurulmasına səbəb olur. Ümumilikdə yaxşı təsir bağışlasa da saytda bəzi bölmələr üzrə heç bir bilginin olmaması da diqqətdən qaçmır. Məsələn, qurumun rəhbəri və müavinləri haqda saytda heç bir bilgiyə rast gəlinmir. Səhiyyə sisteminin baş mütəxəssislərinin və özəl tibbi qurumların siyahısı təqdim olunsa da, Səhiyyə Müəssisələri bölümü tamamilə boşdur. Qurumun büdcəsinin dövlət büdcəsi tərəfindən maliyyələşdirilidiyi göstərilsə də, nə qədər vəsait ayrılması, rəhbər, struktur rəhbərləri və sahə işçilərinin tarif stavkası ilə bağlı heç bir məlumat verilmir. Bütövlükdə isə saytın durumu aşağıdakı kimidir:
1. Səhiyyə nazirliyinin tarixi və qurumun əsasnaməsi haqqında bilgi mövcuddur. Qurumun rəhbəri və onun müavinləri haqqında bilgi verilmir. Kollegiya haqqında məlumatlar bölümündə cənab nazir və onun müavinləri, həmçinin kollegiya üzvləri haqda yalnız ad-soyad və vəzifələri göstərilir, digər heç bir bilgi verilmir.
2. Qurumun fəaliyyətini tənzim edən qanunverici baza mövcuddur. Qurumun ünvanı xəritədə göstərilsə də, ünvana gəlmək üçün marşrut və nəqliyyat növü təqdim olunmayıb. Qurumun həm ümumi, həm də ayrı-ayrı bölümlərinin əlaqə vasitələri var. Həmçinin, Qaynar xətt mövcuddur və saytın ön səhifəsində yer alır.
3. Qurumun strukturu haqqında qurumun strukturunun ümumi sxemi və qurumun tabeliyindəki informasiya sistemləri haqqında bilgilər tam şəkildə təqdim olunur. Digər bilgilər (aparat, qurumun alt bölmələri və regional strukturu, struktur bölmələrinin rəhbərləri və onlarla əlaqə saxlamaq üçün imkanlar, struktur bölmələrinin tam ünvanları və struktur bölmələrinin səlahiyyət çərçivələri) haqqında məlumat isə təqdim edilmir.
4. Rəhbər və rəhbər işçilər, qurumun rəhbərinin bioqrafiyası, əks əlaqə imkanları (onlayn formanın olmamasını nəzərə almasaq) təqdim edilmir.Həmçinin, struktur bölmələrinin rəhbərləri haqqında bioqrafik bilgilər, qurumun rəhbəri ilə əks əlaqə imkanları barədə bilgilər də yoxdur. Qurumun rəhbəri və müavinləri barədə heç bir məlumata rast gəlinmir.
5. Qurumun mətbuata verdiyi açıqlama yetərli sayıla bilər. Dövlət qurumu həyata keçirdiyi proqram və layihələrlə bağlı məlumatları həm saytda, həm də sosial şəbəkələrdə göstərmişdir.
6. Təəssüf ki, ümumi dövlət büdcəsinin quruma aid hissəsi və onun icrası haqqında heç bir bilgi saytda əks etdirilmir. Həmçinin, quruma daxil olan büdcədənkənar vəsaitlər barədə məlumat verilməyib.
7. Qurum tərəfindən təklif edilən xidmətlər barədə qurumun təklif etməli olduğu mütləq xidmətlər, elektron formada təklif olunan xidmətlər, xidmətlərin keyfiyyət göstəriciləri, onlayn müraciət imkanı, qaynar xətt və xidmətlərdən istifadə qaydaları haqqında bilgilər öz əksini tapmışdır.
8. İşə qəbul qaydaları və boş iş yerləri haqqında , işə qəbulun norma və qaydaları, işə qəbulla bağlı komissiyalar haqqında, dövlət qurumu və onun struktur bölmələrindəki mövcud boş iş yerləri haqqında elanlar geniş şəkildə əks olunmuşdur. Boş iş yerləri haqqında elanların arxivi barədə bilgilərə rast gəlinir.
9. Sahə işçilərinin əmək haqları barədə də heç bir bilgilərə rast gəlinmədiyini söyləmək olar.
10. Qurumun ayrı-ayrı vəzifəli şəxsləri tərəfindən vətəndaşların qəbul günləri və saatları, dövlət qulluqçusunun etika qaydaları haqqında bilgilər də saytda əks etdirilir.
11. Tender və yarışmaların keçirilməsi ilə bağlı bütün mümkün qayda və elanlar barədə yeganə təqdim edilən bilgi qurum tərəfindən tender və yarışmaların keçirilmə qaydaları barədədir. Təəssüflər olsun ki, o da yetərli sayılacaq səviyyədə deyil. Digər bilgilər- tenderlərin keçirilməsi ilə bağlı elanlar mövcud olsa da, tender və yarışmaların nəticələri, elanların arxivi və tender və yarışmaların nəticələri ilə bağlı mübahisələrin həlli qaydaları barədə isə heç bir məlumat təqdim edilmir.
12. Dövlət qurumunun cari norma- (qanun) yaratma fəaliyyəti, bütün mümkün normativ aktların layihələri (tam mətni), bu cür layihələrin müzakirəsində vətəndaşların iştirak şərtləri, arxiv haqqında bilgilər saytda Səhiyyə Nazirliyinin əmrləri və qərarları bölümündə öz əksini tapmışdır.
13. Dövlət qurumunun İnternet resurslarının mövcud qaydalara uyğunluğu var. Qurumun sosial mediada-fasebook, tvitter və d. Şəbəkələrdə səhifəsi kifayət qədər aktiv və dolğundur. Nazirlikdə baş verən bütün tədbirlər, məlumat və elanlar sosial şəbəkədə operativ olaraq yayılır və həm də qurumun səhifəsindən birbaşa sosial səhifələrə giriş mövcuddur ki, bu da qurumun iş aktivliyinin göstəricisidir. Saytda abunə imkanları yoxdur.