Azərbaycan Respublikası Ağcabədi Rayon İcra Hakimiyyəti www.agcabedi-ih.gov.az domen adlı İnternet saytında məlumat baxımından çox çatışmazlıqlar var. Bu çatışmazlıqların aradan qaldırılmasına kömək məqsədilə tövsiyələrimizi diqqətə çatdırırıq.
1. Saytda təqdim olunmuş rayon, qurum və qurumun rəhbəri haqqındakı məlumatlarla yanaşı, quruma daha öncə başçılıq etmiş şəxslər haqqında, qurumunun fəaliyyətini təmin edən qanunverici baza haqqında, qurumun səlahiyyət çərçivələri və hakimiyyət qolunda yeri haqqındakı bilgilərin də saytda əks etdirilməsi tövsiyə olunur.
2. Ziyarətçilərin əks əlaqəsini daha da uyğun bir hala gətirmək baxımından qurumun yerləşdiyi ünvanın sxemi, quruma başqa yerlərdən getmək üçün marşrut və ictimai nəqliyyat haqqında bilgilərin təqdim edilməsi tövsiyə olunur.
3. Qurumun sturukturu haqqında, struktur bölmələrinin dəqiq (tam) ünvanları, struktur bölmələrinin səlahiyyət çərçivələri və onlarla əks əlaqə imkanları, qurumun tabeliyindəki informasiya sistemləri haqqında məlumatların təqdim edilməsi tövsiyə olunur.
4. Qurumun rəhbər işçiləri və onlarla əks əlaqələr baxımından bütün mümkün struktur bölmələrinin rəhbərləri haqqında bioqrafik bilgilərin təqdim edilməsi, qurumun rəhbəri və ayrı-ayrı struktur bölmələrinin rəhbərləri ilə əks əlaqə imkanları haqqında təqdim edilmiş qısaca bilgilərin isə dolğunlaşdırılması tövsiyə olunur. Rəhbər, rəhbər işçilər və onlarla əks əlaqələrin də saytda yerləşdirilməsi yaxşı olardı.
5. Cari informasiyaların yenilənməsinə baxmayaraq, bu informasiyaların daha müntəzəm təqdim edilməsi, həmçinin qurumdaxili əmr və qərarların, bu cür aktların reyestri (qəbul və qüvvəyə minmə tarixi də daxil olmaqla) və dövlət qurumunun həyata keçirdiyi proqram və layihələr barədə bilgilərin də təqdim edilməsi tövsiyə olunur.
6. Yaxşı olardı ki, büdcə ilə bağlı məsələlər haqqında saytda bilgi verilsin.
7. Qurumun təklif etməli olduğu mütləq və əlavə xidmətlər həmçinin elektron formada təklif olunan xidmətlərin sattistikasi haqqında bilgilərin verilməsi tövsiyyə olunur.
8. Boş iş yerləri və işə qəbulla bağlı (qurum və onun struktur bölmələrinə işə qəbulun hüquqi bazası, işə qəbulun norma və qaydaları, işə qəbulla bağlı komissiyalar haqqında, qurum və onun struktur bölmələrindəki mövcud boş iş yerləri haqqında elanlar və elanların arxivi) məlumatların da saytda əks etdirilməsi tövsiyələır sırasındadır.
9. Növbəti tövsiyə isə rəhbər, onun müavinlərinin və struktur bölmələri rəhbər işçilərinin əmək haqlarının da təqdim edilməsi ilə bağlıdır.
10. Vətəndaşların qəbul şərtləri haqqında həm vəzifəli şəxslər tərəfindən vətəndaşların qəbul norma və qaydaları, həm də qurumda vətəndaşların qəbul qaydaları haqqında bilgilərin təqdim edilməsi tövsiyə olunur.
11. Tender və yarışmalar haqqında isə dövlət orqanları tərəfindən tender və yarışmaların keçirilməsinin qaydaları ilə bağlı ümumi informasiya, qurum tərəfindən tender və yarışmaların keçirilmə qaydaları və tenderlərin keçirilməsi ilə bağlı elanlar haqqında olan bilgilərin də saytda yer alması tövsiyə olunur.
12. Saytın texniki imkanlarının daha da təkmilləşdirilməsi və abunə imkanının da daxil edilməsi tövsiyə olunur.