Azərbaycan Respublikası Ağcabədi Rayon İcra Hakimiyyəti www.agcabedi-ih.gov.az İnternet resursunun görünüşü normaldır. Amma saytda heç bir yenilik gözə çarpmır. Xəbərlər bölməsini qənaətbəxş hesab etsək də, bəzi informasiyaların yerləşdirmə tarixləri arasındakı vaxt məsafəsinin uzun olduğu da nəzərdən qaçmır. Bölmələr üzrə bilgilər kifayət qədərdir, amma əvvəlki monitorinqdən bu yana gözəçarpacaq dərəcədə dəyişikliyin edilməməsi ilə diqqət çəkir. Bəzi bölmələrin (elektron xidmətlər) boş olması və təqdim edilməsi gərəkli olan bilgilərin olmaması gözdən qaçmır.
Beləliklə, Ağcabədi Rayon İcra Hakimiyyəti saytının ümumi mənzərəsi aşağıdakı kimidir:
1. Rayon haqqında, onun tarixi haqqında bilgilər kifayət qədərdir, qurum, qurumun rəhbəri haqqında verilmiş məlumatlar da qənaətbəxşdir. Amma qurumun tarixi, quruma daha öncə başçılıq etmiş şəxslər barədə məlumat, qurumunun fəaliyyətini təmin edən qanunverici baza, qurumun səlahiyyət çərçivələri barədə isə heç bir məlumata rast gəlinmir.
2. Ziyarətçilərin əks əlaqəsi üçün qurumun ünvanı, telefon və faks nömrələri, e-poçt ünvanları verilsə də, quruma başqa yerlərdən getmək üçün marşrut və ictimai nəqliyyat haqqında məlumatlara rast gəlinmir.
3. Qurumun strukturu haqqında sxem və müavinlər haqqında məlumatlar olsa da, onlarla əlaqə nəmrələri sadəcə şəhər telefonu göstərilməklə kifayətlənilir, hətta bəzilərinin ümumiyyətlə əlaqə nömrəsi qeyd edilməyib. Struktur bölmələrinin səlahiyyət çərçivələri, qurumun tabeliyindəki informasiya sistemləri haqqında məlumatlar saytda öz əksini tapmır.
4. Qurumun rəhbəri və ayrı-ayrı struktur bölmələrinin rəhbərləri ilə əks əlaqə imkanları haqqında qısaca da olsa bilgilər təqdim edilir. Lakin bütün mümkün struktur bölmələrinin rəhbərləri haqqında bioqrafik bilgilər yoxdur.
5. Cari informasiyalar baxımından da sayt zəngin sayıla bilər. Amma bəzən informasiyaların verilmə tarixləri arasındakı vaxt məsafəsi bir aya qədər uzanır. Qurumdaxili əmr və qərarlar, bu cür aktların reyestri (qəbul və qüvvəyə minmə tarixi də daxil olmaqla) və dövlət qurumunun həyata keçirdiyi proqram və layihələr barədə də heç bir bilgi təqdim edilmir.
6. Qurumun büdcəsi, büdcənin icrası haqqında, büdcədənkənar daxilolmalar və onların istiqamətləri barədə informasiyalar da saytda yoxdur.
7. Qurumun təklif etməli olduğu mütləq və əlavə xidmətlər haqqında da heç bir bilgi yoxdur. Burada yalnız onlayn müraciət imkanı təqdim edilir.
8. Boş iş yerləri və işə qəbulla bağlı (qurum və onun struktur bölmələrinə işə qəbulun hüquqi bazası, işə qəbulun norma və qaydaları, işə qəbulla bağlı komissiyalar haqqında, qurum və onun struktur bölmələrindəki mövcud boş iş yerləri haqqında elanlar və elanların arxivi) məlumatlar da təqdim edilməyən bilgilər sırasındadır.
9. Qurumun işçilərinin əmək haqları ilə bağlı heç bir məlumat verilmir.
10. Vətəndaşların qəbulu ilə bağlı yalnız rəhbər və ayrı-ayrı vəzifəli şəxsləri tərəfindən vətəndaşların qəbul günləri və saatları barədə bilgilər var. Burada nə vəzifəli şəxslər tərəfindən vətəndaşların qəbul norma və qaydaları, nə də qurumda vətəndaşların qəbul qaydaları haqqında bilgilər təqdim edilmir.
11. Tender və yarışmalar haqqında hər hansı bilgiyə rast gəlinmir.
12. Saytın texniki imkanları normal səviyyədədir. Onlayn müraciət forması təqdim olunsa da, abunə imkanı yoxdur.