Azərbaycan Respublikası Ağsu Rayon İcra Hakimiyyəti www.agsu-ih.gov.az domen adlı İnternet saytında məlumat baxımından çox çatışmazlıqlar var. Bu çatışmazlıqların aradan qaldırılmasına kömək məqsədilə tövsiyələrimizi diqqətə çatdırırıq.
1. Saytda rayon haqqındakı bilgilərlə yanaşı qurumun tarixi, quruma daha öncə başçılıq etmiş şəxslər, qurumun fəaliyyətini təmin edən qanunverici baza, qurumun səlahiyyət çərçivələri və hakimiyyət qolunda yeri barədə bilgilərin əlavə edilməsi tövsiyə olunur.
2. Ziyarətçilərin əks əlaqəsini daha da uyğun bir hala gətirmək baxımından qurumun yerləşdiyi ünvanın sxemi, quruma başqa yerlərdən getmək üçün marşrut və ictimai nəqliyyat haqqında bilgilərin təqdim edilməsi tövsiyə olunur.
3. İcra Hakimiyyətinin strukturu haqqında təqdim edilmiş bilgilərlə yanaşı struktur bölmələrinin dəqiq (tam) ünvanları, struktur bölmələrinin səlahiyyət çərçivələri, qurumun tabeliyindəki informasiya sistemləri haqqında olan məlumatların da saytda əks etdirilməsi tövsiyə olunur.
4. Qurumun rəhbər işçiləri və onlarla əks əlaqələr baxımından bütün mümkün struktur bölmələrinin rəhbərləri haqqında bioqrafik bilgilərin təqdim edilməsi, onlarla əks əlaqə imkanları haqqında təqdim edilmiş qısaca bilgilərin isə dolğunlaşdırılması tövsiyə olunur.
5. Cari informasiyaların daim yenilənməsi, qurumdaxili əmr və qərarların, bu cür aktların reyestri (qəbul və qüvvəyə minmə tarixi də daxil olmaqla) və dövlət qurumunun həyata keçirdiyi proqram və layihələr barədə bilgilərin də təqdim edilməsi tövsiyələr sırasındadır.
6. Qurumun büdcəsi, büdcənin icrası, büdcədənkənar daxilolmalar və onların istiqamətləri barədə informasiyaların saytda öz əksini tapması tövsiyələr sırasındadır.
7. Növbəti tövsiyə qurumun təklif etməli olduğu mütləq və əlavə xidmətlər haqqında bilgilərin saytda əks etdirilməsi ilə bağlıdır.
8. Boş iş yerləri və işə qəbulla bağlı qurum və onun struktur bölmələrinə işə qəbulun hüquqi bazası, işə qəbulun norma və qaydaları, işə qəbulla bağlı komissiyalar haqqında, qurum və onun struktur bölmələrindəki mövcud boş iş yerləri haqqında elanlar və elanların arxivi haqqındakı məlumatların təqdim edilməsi tövsiyə olunur.
9. Rəhbər, onun müavinlərinin və struktur bölmələri rəhbər işçilərinin əmək haqlarının da təqdim edilməsi tövsiyələr sırasındadır.
10. Vətəndaşların qəbul şərtləri haqqında həm vəzifəli şəxslər tərəfindən vətəndaşların qəbul norma və qaydaları, həm də qurumda vətəndaşların qəbul qaydaları haqqında bilgilərin təqdim edilməsi tövsiyə olunur.
11. Tender və yarışmalar haqqında bilgilərin təqdim edilməsi növbəti tövsiyələrdəndir.
12. Saytın texniki imkanlarının yaxşılaşdırılması və abunə imkanının da daxil edilməsi tövsiyyə olunur.