Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətini www.migration.gov.az ünvanlı İnternet saytı, icmal hissədə də qeyd etdiyimiz kimi, əvvəlki illərlə müqayisədə xeyli irəli gedib. Saytın daha dolğun və daha təkmil olması dərhal diqqəti cəlb edir. Üstəlik, e-xidmətlərin verilməsi də onun üstünlüklərindən biridir. Bununla belə, saytda bəzi çatışmazlıqlar da müşahidə edilməkdədir. Bunu nəzərə alaraq aşağıda bu yöndə bəzi tövsiyələrimizi təqdim edirik:
1. Qurum ilə bağlı informasiyalar yetərli sayıla bilər. Bunun üçün də əlavə bir tövsiyəyə ehtiyac duyulmur.
2. Ziyarətçilərin qurum ilə əlaqə saxlaması üçün təqdim edilmiş bilgilər sırasına quruma gəlmək üçün ictimai nəqliyyat haqqında da bilgilərin daxil edilməsi nəticəsində bu bölmə dolğunlaşmış olar.
3. Qurumun strukturu haqqında təqdim edilmiş bilgilər sırasına aparat, qurumun alt bölmələri və regional strukturu, struktur bölmələrinin rəhbərləri və onlarla əlaqə saxlamaq üçün imkanlar, struktur bölmələrinin tam ünvanları və struktur bölmələrinin səlahiyyət çərçivələri barədə olan məlumatların da əlavə edilməsi tövsiyə olunur.
4. Rəhbər işçilər onlarla əks əlaqə, struktur bölmələrinin rəhbərləri, həmçinin, aparat və kollegiya rəhbərləri haqqında bioqrafik bilgilərin, əks əlaqə imkanlarının da təqdim edilməsi tövsiyə olunur.
5. Qurumun cari fəaliyyəti haqqında təqdim edilən informasiyalar yetərli olduğundan əlavə bir tövsiyəyə gərək duyulmur.
6. Yaxşı olardı ki, ümumi dövlət büdcəsinin quruma aid hissəsi və onun icrası barədə bilgilər saytda əks etdirilsin.
7. Qurum tərəfindən təklif edilən xidmətlər haqqında informasiyalar təqdim edilir. Qaynar xəttin mövcudluğu, onlayn müraciət imkanı və xidmətlərdən istifadə qaydaları təqdim edildiyi üçün əlavə tövsiyəyə ehtiyac duyulmur. Burada yalnız sual-cavab bölməsinə diqqət yetirilməsinə ehtiyac var. Çünki vətəndaşlar tərəfindən quruma ünvanlanan suallar cavabsız qalmamalıdır.
8. İşə qəbul qaydaları və boş iş yerləri haqqında elanlar, məlumatlar təqdim olunmur. Buna görə də yaxşı olardı ki, bu bilgilər də saytda əks olunsun. Çünki, elə saytda və qurumun sosial şəbəkədəki səhifəsində verilən sualların əksəriyyəti işə qəbulla bağlıdır.
9. Sahə işçilərinin əmək haqları barədə bilgilərin verilməsi də tövsiyələr sırasındadır.
10. Vətəndaşların qəbul şərtləri və qəbul günləri (saatları) barədə bilgilər bütün göstəricilər üzrə ayrıntılı şəkildə təqdim edildiyi üçün burada da əlavə tövsiyə verilmir.
11. Tender və yarışmaların keçirilməsi ilə bağlı (qurum tərəfindən tenderlər və yarışmaların keçirilmə qaydaları, tenderlərin keçirilməsi ilə bağlı elanlar və nəticələri, tender və yarışmaların nəticələri, elanların arxivi, tender və yarışmaların nəticələri ilə bağlı mübahisələrin həlli qaydaları) məlumatların saytda əks etdirilməsi tövsiyə olunur.
12. Qurumun norma- (qanun)yaratma fəaliyyəti barədə bilgilər də əks etdirildiyi üçün əlavə tövsiyə verilmir.
13. Saytın texniki imkanları sırasına abunə imkanın da daxil edilməsi tövsiyə olunur. Sosial şəbəkələrdə səhifəsi aktivləşdiyi üçün əlavə tövsiyəyə ehtiyac duyulmur.