Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin www.migration.gov.az ünvanlı İnternet saytı nisbətən dolğun və daha funksional şəkildə təqdim edilməkdədir. Qurumun e-xidmətlər bölümü ayrıca təqdim edilir. Sayt özü bütövlükdə zəngindir. Saytın onlayn yazışma forması da təqdim edilmişdir. Qurumun ünvanına gəlmək üçün marşrut sxemi təqdim edilsə də, ictimai nəqliyyat haqqında heç bir bilgi göstərilmir. Ümumilikdə yaxşı təsir bağışlasa da, saytda bəzi bölmələr üzrə heç bir bilginin olmaması da diqqətdən qaçmır. Qurumun rəhbəri haqda bioqrafik məlumat verilsə də, onun müavinləri, aparat, kollegiya və struktur rəhbərləri haqda məlmatlara rast gəlinmir. Qurumun struktur bölmələrinin ünvanları, səlahiyyət çərçivələri, struktur bölmələrinin rəhbərlərinin bioqrafik məlumatları, büdcə, boş iş yerləri haqda elanlar, rəhbər işçilərin tarif stavkası, tender və yarışmaların elanları, tender və yarışmaların nəticələri haqda məlumatlar mövcud deyildir. Sosial mediadan facebook səhifəsi mövcuddur. Qurumun büdcəsi haqqında verilən məlumatlar natamamdır. Qurumun saytında Dövlət Miqrasiya Xidmətinin tarixi, əməkçi miqrantlar, olduğu yer üzrə qeydiyyat, vətəndaşlıq haqqında adlı videomateriallar təqdim edilir ki, həmin videomateriallardan bir çox bilgiləri əldə etmək mümkündür. Bununla yanaşı, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olduğu yer üzrə qeydiyyata alınması ilə bağlı təqdim edilən videomateriallar açılmır. Yaxşı olardı ki, həmin videomateriallarla da tanış olmaq mümkün olsun. Həmçinin, qurumun saytında göstərilən struktur bölməsində alt bölmələr və regional filiallar, onların ünvanları, əlaqə telefonları, rəhbərləri haqda da informasiyalar da göstərilsəydi saytı dolğun hesab etmək olardı. Həmçinin, saytda sual-cavab bölməsi də fəaliyyət göstərir, lakin verilən sualların cavablandırılmasına rast gəlinmir. Yaxşı olardı ki, vətəndaşlar tərəfindən ünvanlanan suallar həm də cavablandırılardı.
Bütövlükdə isə saytın durumu aşağıdakı kimidir:
1. Qurum ilə bağlı təqdim edilmiş informasiyalar yetərli sayıla bilər. Burada videomaterialları xüsusi qeyd etmək lazımdır.
2. Ziyarətçilərin qurum ilə əlaqə saxlaması üçün ümumi imkanlar (qurumun yerləşdiyi ünvan, telefon və faks nömrələri, mümkün olan bütün e-poçt ünvanları) təqdim edilir. Burada yalnız quruma gəlmək üçün ictimai nəqliyyat haqqında bilgilər çatışmır.
3. Qurumun strukturunun ümumi sxemi və qurumun tabeliyindəki informasiya sistemləri haqqında bilgilər tam şəkildə təqdim olunur. Digər bilgilər (aparat, qurumun alt bölmələri və regional strukturu, struktur bölmələrinin rəhbərləri və onlarla əlaqə saxlamaq üçün imkanlar, struktur bölmələrinin tam ünvanları və struktur bölmələrinin səlahiyyət çərçivələri) haqqında isə heç bir məlumat təqdim edilmir.
4. Rəhbər işçilər onlarla əks əlaqə, qurumun rəhbərinin bioqrafiyası, əks əlaqə imkanları təqdim edilir. Lakin struktur bölmələrinin rəhbərləri haqqında bioqrafik bilgilər yoxdur.
5. Qurumun cari fəaliyyəti haqqında informasiyalar yetərli sayıla biləcək qədərdir.
6. Təəssüf ki, ümumi dövlət büdcəsinin quruma aid hissəsi və onun icrası haqqında bilgilər saytda əks etdirilmir.
7. Qurum tərəfindən təklif edilən xidmətlər, elektron formada təklif olunan xidmətlər, xidmətlərin keyfiyyət göstəriciləri, onlayn müraciət imkanı, qaynar xətt və xidmətlərdən istifadə qaydaları haqqında bilgilər öz əksini tapmışdır.
8. İşə qəbul qaydaları və boş iş yerləri haqqında, işə qəbulun norma və qaydaları barədə natamam bilgilər təqdim edilir. İşə qəbulla bağlı komissiyalar haqqında, dövlət qurumu və onun struktur bölmələrindəki mövcud boş iş yerləri haqqında elanlar, boş iş yerləri haqqında elanların arxivi barədə bilgilər saytda əks olunmur.
9. Sahə işçilərinin əmək haqları barədə də heç bir bilgilərə rast gəlinmədiyini söyləmək olar.
10. Vətəndaşların qəbul şərtləri və qəbul günləri (saatları) barədə ətraflı məlumatlar təqdim olunmuşdur. Həmçinin dövlət qulluqçusunun etika qaydaları haqqında bilgilər də əks etdirilir.
11. Tender və yarışmaların keçirilməsi ilə bağlı bütün mümkün qayda və elanlar barədə heç bir bilgi təqdim edilmir.
12. Növbəti təqdim edilən bilgilər isə qurumun norma- (qanun)yaratma fəaliyyəti haqqındadır.
13. Saytın texniki imkanları sırasında abunə imkanı yoxdur. Sosial şəbəkələrdən isə facebook-da səhifəsi mövcuddur.