Azərbaycan Respublikasının Auditorlar Palatasının www.audit.gov.az ünvanlı İnternet saytı, monitorinqdə də qeyd etdiyimiz kimi çox geniş bilgi verir. Saytın texniki imkanları və funksionallığı da öz yerindədir. Bəzi bölmələr istisna olmaqla sayt demək olar ki, bir çox bölmələr üzrə dolğunluğu ilə fərqlənir. Sahənin rəhbər işçiləri haqda geniş bioqrafik bilgilərin, dövlət qurumunun ünvanı, marşrut və sxemi, ünvana gəlmək üçün istifadə ediləcək nəqliyyat növləri haqda, qurumun strukturu, onlayn imkanının mövcudluğu, vətəndaşların qəbulu barədə geniş məlumatlar təqdim olunur. Burada təqdim olunmayan sahələr- qurumun büdcəsi, tender elanları, boş iş yerləri haqda elanlar, işə qəbulun qaydaları, sahə işçilərinin əmək haqları, rəhbər işçilərin tarif stavkası haqda məlumatların çatşımazlığıdır.
Beləliklə, bu resursun təkmilləşdirilməsi üçün bəzi tövsiyələrimizi təqdim edirik:
1. Qurum ilə bağlı məlumatlar kifayət qədər dolğun olduğu üçün əlavə tövsiyə verilməsinə ehtiyac duyulmur.
2. Ziyarətçilərin qurum ilə əlaqə saxlaması üçün bütün imkanların təqdim edildiyini, yəni, telefon, faks, onlayn müraciət, çoxlu sayda e-poçtlar, quruma getmək üçün müxtəlif istiqamətlərdən gələn ictimai nəqliyyat barədə ayrıca bilgilər verildiyi üçün bu sahədə də heç bir tövsiyə verilmir.
3. Qurumun strukturu haqqında bütün lazımı bilgilər təqdim edildiyindən əlavə heç bir bilgiyə ehtiyac duyulmur.
4. Rəhbər işçilər, onlarla əks əlaqələr, həmçinin rəhbərin və müavinlərinin bioqrafiyaları, struktur bölmələrinin rəhbərləri haqqında bioqrafik bilgilər, ayrı-ayrı struktur bölmələrinin rəhbərləri ilə əks əlaqə imkanlarının da əks etdirildiyini nəzərə alsaq bu sahədə də əlavə tövsiyə verilmir.
5. Qurumun cari fəaliyyəti haqqında verilmiş bilgilər sırasında qurumdaxili əmr və qərarlar, bu cür aktların reyestri (qəbul və qüvvəyə minmə tarixi də daxil olmaqla), qurumun həyata keçirdiyi proqram və layihələr barədə də məlumatlar təqdim olunduğuna görə, bu sahə üzrə də tövsiyə yoxdur.
6. Ümumi dövlət büdcəsinin quruma aid hissəsi barədə həm qurumun büdcəsi, həm də büdcədənkənar daxilolmalar və onların istiqamətləri barədə informasiyaların saytda əks etdirilməsi tövsiyə olunur.
7. Qurum tərəfindən təklif edilən xidmətlər haqqında çatışmayan məlumatlar demək olar ki, yoxdur. Bu üzdən də əlavə tövsiyə verilmir.
8. boş iç yerləri və işə qəbulla bağlı təqdim edilmiş bilgilər sırasına işə qəbulun norma və qaydaları haqda məlumatlar verilsə də, işə qəbulla bağlı komissiyalar, boş iş yerləri haqqında elanlar barədə olan bilgilərin də əlavə edilməsi tövsiyə olunur.
9. Sahə işçilərinin əmək haqları barədə bilgilərin də saytda yer alması tövsiyələr sırasındadır.
10. Vətəndaşların qəbul şərtləri və qəbul günləri (saatları) barədə ümumi bilgi, dövlət qulluqçusunun etika qaydaları haqqında məlumatlar da təqdim olunan bilgilər sırasındadır. Bu üzdən də əlavə tövsiyəyə ehtiyac duyulmur.
11. Tender və yarışmaların keçirilmə qaydaları, tenderlərin keçirilməsi ilə bağlı elanlar, tender və yarışmaların nəticələri, elanların arxivi haqqında heç bir məlumat saytda yer almır. Bu məlumatların saytda əks etdirilməsi tövsiyə olunur.
12. Qurumun norma- (qanun) yaratma fəaliyyəti haqda bunu demək olar ki, bütün mümkün normativ aktların layihələri (tam mətni), bu cür layihələrin müzakirəsində vətəndaşların iştirak şərtləri, qurumun norma- (qanun) yaratma fəaliyyəti ilə bağlı arxiv öz əksini tapmışdır. Bu üzdən də əlavə tövsiyəyə lüzum görülmür.
13. Saytın texniki imkanları sırasına qaynar xətt imkanının və abunənin də əlavə edilməsi tövsiyələr sırasındadır. Sosial şəbəkələrdə saytın səhifəsi mövcud olsa da, bu səhifə aktiv deyil. Yaxşı olardı ki, səhifə aktivləşdirilsin.