12 iyul 2007
eco.gov.az – Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi İnternet saytının monitoringi
Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) eco.gov.az ünvanındakı İnternet saytı ilk baxışdan zəngin resurs təsiri bağışlayır. Saytın ana səhifəsi üst və sol yan menyuda bir sıra məsələləri əhatə edən səhifələrə keçidlərdən, həmçinin orta sütunda son xəbərlərdən ibarətdir. Nazirliyin fəaliyyətindən daha çox ümumi məlumat xarakterli bilgilərin olması faydalı sayılsa da burada dövlət qurumunun özü haqqında “İnformasiya əldə etmək haqqında” qanunun tələblərinə uyğun bilgilər ya azdır, ya da yox dərəcəsindədir. Beləliklə üst və yan menyularda aşağıdakı bölmə və altbölmələrə keçidlər verilibÜst menyu
Sol menyu
Hidrometeorologiya – hava prognozu, yerüstü sular, dəniz hidrometeorologiyası, iqlim dəyişmələri və ozon, radiometeorologiya və aerologiya, Hidrometeorologiya Elmi Tədqiqat İnstitutu
Bunlardan başqa ana səhifədə saytın xəritəsinə keçid və nazirliyin qaynar xətt telefon nömrələri verilib. Eyni zamanda sol sütunda sayt haqqında ziyarətçilərin fikirlərini öyrənmək üçün onlayn sorğu və çox güman ki, nazirlik işçilərinin istifadəsi üçün nəzərdə tutulmuş e-poçt qeydiyyat forması da verilib. Onların altında isə tarix göstərilmədən hava haqqında prognoz və ziyarətçilərin statistikasını əks etdirən düyməciklər yer alıb.
Göründüyü kimi ETSN-in İnternet resursu zəngin sayt təsiri bağışlasa da “İnformasiya əldə etmək haqqında” qanunun tələblərinə xeyli dərəcədə cavab vermir. Saytda bir sıra vacib məsələlər haqqında ümumiyyətlə məlumat tapmaq mümkün deyil. Məsələn, önəmli olan büdcə, büdcə prognozları, icmal büdcə haqqında heç bir bilgi yoxdur. Nazirliyin strukturu, adi poçt ünvanı, ayrı-ayrı rayon və ya şəhər qurumları haqqında da heç nə deyilmir. Burada işə qəbul və boş iş yerləri, ayrı-ayrı vəzifəli şəxslərin sahəylə bağlı çıxışları da yer almayıb. Axtarış imkanları yoxdur. Üstəlik ayrıca arxiv bölməsi də gözə dəymir. Nazirliyin informasiya məsələləri ilə məşğul olan müvafiq strukturu, və ya vəzifəli şəxsi birbaşa bağlantı qurmaq üçün ana səhifədə heç bir keçid verilməyib. Yalnız əlaqə bölməsindəki qarmaqarışıq siyahıdan mətbuat xidmətinin telefon nömrəsini və e-poçt ünvanını tapmaq olar.
Nazirliyin göstərdiyi xidmətlər, ona məxsus dövlət əmlakı, ayrı-ayrı məsələlərlə bağlı tenderlər haqqında da heç bir bilgi yoxdur. Sayt interaktivlik baxımından da demək olar ki, tələbata cavab vermir. Onlayn forum olsa da onun fəal olmaması, sual, ərizə, şikayət və təkliflərin nazirə və ya ayrı-ayrı vəzifəli şəxslərə birbaşa ünvanlanması üçün onlayn formanın yoxluğu da qeyd edilməli qüsurlar sırasındadır.
Texniki baxımdan sayt ziyarət üçün rahat sayıla bilər. Saytın ingilis dilli variantı da mövcuddur.
ETSN-in saytının monitoringinin nəticələrinə əsaslanaraq belə qənaətə gəlmək olar ki, sayt yenidən əsaslı şəkildə işlənərək “İnformasiya əldə etmək haqqında” qanunun tələblərinə uyğun hazırlanmasına ehtiyac var.