12 iyul 2007
eco.gov.az – Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi İnternet saytının təkmilləşdirilməsi ilə bağlı tövsiyələr
12 iyul 2007-ci il tarixdə keçirilən monitoring nəticəsində əldə edilmiş göstəricilərə əsaslanaraq deyə bilərik ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin İnternet saytı “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikası qanununun tələblərinə tam olaraq cavab verəcək səviyyədə deyil. Buna görə də saytın təkmilləşdirilməsi və informasiya tələbatçılarının – ziyarətçilərin istifadəsini asanlaşdırmaqla bərabər onları dolğun informasiya ilə təmin edə bilməsi üçün monitoring qrupu aşağıdakı tövsiyələri irəli sürməyi vacib sayır:
- Sayt “İnformasiya əldə etmək haqqında” qanunun tələblərinə uyğun qurulmalı, orada nəzərdə tutulan 34 adda informasiyanın hər birinə aid ayrıca səhifələr qurulmalıdır
- Məxsusi olaraq mətbuat xidməti və onunla əlaqə vasitələrini ehtiva edən səhifə qurulmalıdır
- Nazirlik haqqında informasiya daha dolğun əks olunmalı, onun daxili strukturu, ayrı-ayrı vəzifəli şəxsləri haqqında biografik bilgilər daha geniş verilməlidir
- Nazir də daxil olmaqla mərkəzi aparatın məsul şəxslərinin e-poçt və adi ünvanı, telefon və faks nömrələri kompleks şəkildə saytda yerləşdirilməlidir
- Nazirliyin yerli qurumları (rayon, şəhər, bölgə təmsilçilikləri) və onlarla əlaqə bilgiləri geniş şəkildə əks olunmalıdır
- Nazirin və ayrı-ayrı məsul şəxslərin qəbul günləri və qəbul saatları haqqında bilgilər saytda yer almalıdır
- Nazirliyə və onun ayrı-ayrı qurumlarına işə qəbul qaydaları haqqında bilgilər saytda əks olunmalıdır
- Nazirlikdə və onun ayrı-ayrı struktur bölmələrindəki boş iş yerləri haqqında elanlar saytda yerləşdirilməlidir. Belə iş yerlərinin yoxluğu şəraitində “Boş iş yerləri” səhifəsində “Hazırda heç bir boş iş yerimiz yoxdur” elanı verilməlidir
- Nazirliyin keçirdiyi tenderlər haqqında bilgi verilməlidir. Tenderlər haqqında elanlarla bərabər onların şərtləri də saytda geniş yer almalıdır. Belə elanlar olmadıqda “Hazırda heç bir tender keçirilmir” başlıqlı açıqlama “Tenderlər” səhifəsində yerləşdirilməlidir. Bununla belə keçmiş tenderlər, onların şərtləri, iştirakçıları və qalibləri haqqında bilgilər daimi olaraq ziyarətçilərin istifadəsində qalmalıdır
- Ümumi dövlət büdcəsinin nazirliyin əhatə etdiyi sahəyə aid hissəsi saytda yerləşdirilməlidir. Eyni zamanda büdcənin icra durumu ayrıntılarıyla ziyarətçilərin istifadəsinə verilməlidir
- Saytda axtarış imkanlarının təmin edilməsi üçün forma yerləşdirilməli, ayrıca arxiv bölməsi təşkil edilməlidir
- Nazirliyin əmlakı və ondan istifadə ilə bağlı bilgilər də saytda yerləşdirilməlidir
- Nazirliyin təqdim etdiyi xidmətlər haqqında da bilgilərin verilməsi məqsədəuyğun olardı və s…
Son olaraq onu da qeyd edək ki, monitoring qrupumuz böyük məmnuniyyətlə ETSN-in İnternet resursunun təkmilləşdirilməsi və qanunvericiliyə uyğun hazırlanması işinə öz töhfələrini bundan sonra da verməyə hazırdır.