Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin www.arxkom.gov.az ünvanlı İnternet saytından istifadə çox rahatdır. Saytın səliqəli hazırlanması o dəqiqə diqqəti cəlb edir. Sayt dolğun və zəngindir. Ziyarətçi hər hansı məlumatı əldə etmək üçün çox əziyyət çəkməli olmur. Saytda bir sıra məsələlər üzrə e-xidmətlər təklif olunur. Qurumun saytında Bakının memarlığı bölməsində 3 dövr üzrə təsnifatla tanış olmaq mümkündür: qədim dövr, sovet dövrü və müstəqillik dövrü. Bundan başqa, Bölgələrin memarlığı bölməsində hər bir şəhər və rayon üzrə ayrıca məlumatlar verilməklə yanaşı, həmin şəhər və rayonlarda tikilmiş müasir memarlıq nümunələri təqdim edilir. Qurumun saytında şəhərsalma kadastrı, şəhər və rayonların baş planları ətraflı təqdim edilir.
Dünya memarlığından bəhs edən bölmədə bir-birindən maraqlı və gözəl memarlıq nümunələri təqdim edilib. Qurumun tabe təşkilatları, onların rəhbərliyi haqda bioqrafik məlumatlar, əlaqə nömrələri də göstərilib. Aparatın strukturu, saytın xəritəsi, şöbə rəhbərlərilə əlaqə telefonları da təqdim edilən bilgilərdəndir. Şəhərsalma Şurasının üzvləri haqda qısa məlumat göstərilib.
Ümumilikdə yaxşı təsir bağışlasa da saytda bəzi bölmələr üzrə heç bir bilginin olmaması halları da mövcuddur. Bu bölmələr də dolu olsa, sayta heç bir tövsiyə verməyə ehtiyac olmaz. Məsələn, abunə imkanının olmaması, qurumun büdcəsi haqqında heç bir bilginin verilməməsi, quruma getmək üçün marşrutların göstərilməməsi, həmçinin qaynar xətt mövcud olsa da, görünən yerdə qoyulmaması da çatışmayan cəhətlərindəndir. Sahə işçilərinin tarif stavkası da təqdim edilməyən bilgilərdəndir. Qurumun sosial şəbəkələrdə səhifəsinin mövcud olmaması da diqqətdən qaçmır.
Bütövlükdə isə saytın durumu aşağıdakı kimidir:
1. Qurumun tarixi, rəhbərləri haqqında məlumatlar, dövlət qurumunun fəaliyyətini təmin edən əsasnamə və təlimatlar haqda məlumatlar yetərli sayıla biləcək qədərdir.
2. Ziyarətçilərin qurum ilə əlaqə saxlaması üçün ümumi imkanlar (qurumun yerləşdiyi ünvan, telefon və faks nömrələri, mümkün olan bütün e-poçt ünvanları) təqdim edilir. Burada yalnız quruma gəlmək üçün ictimai nəqliyyat haqqında bilgilər çatışmır.
3. Qurumun strukturunun ümumi sxemi, digər bilgilər (aparat, qurumun alt bölmələri və regional strukturu, struktur bölmələrinin rəhbərləri və onlarla əlaqə saxlamaq üçün imkanlar, struktur bölmələrinin tam ünvanları və struktur bölmələrinin səlahiyyət çərçivələri) haqqında dolğun məlumat təqdim edilir.
4. Qurumun strukturunun ümumi sxemi, rəhbər işçilər, onlarla əks əlaqə, qurumun rəhbərinin bioqrafiyası, əks əlaqə imkanları həm telefon, həm də onlayn formada təqdim edilir. Həmçinin, struktur bölmələrinin rəhbərləri haqqında bioqrafik bilgilər, qurumun rəhbəri ilə əks əlaqə imkanları barədə də bilgilər verilmişdir.
5. Qurumun cari fəaliyyəti haqqında informasiyalar yetərli sayıla biləcək qədərdir. Mətbuat üçün açıqlamalar və onların tezliyi, qurum daxili əmrlər, dövlət qurumuna aid olan informasiyalar haqda bilgi verilir.
6. Təəssüf ki, ümumi dövlət büdcəsinin quruma aid hissəsi və onun icrası haqqında heç bir bilgi saytda əks etdirilmir. Büdcədənkənar daxilolmalar haqqında da heç bir bilgi təqdim olunmur.
7. Qurum tərəfindən təklif edilən mütləq xidmətlər, elektron formada təklif olunan xidmətlər, onlayn müraciət imkanı, qaynar xətt və xidmətlərdən istifadə qaydaları haqqında bilgilər öz əksini tapmışdır.
8. İşə qəbul qaydaları və boş iş yerləri haqqında heç bir bilgiyə rast gəlmədik. İşə qəbulla bağlı komissiyalar haqqında, dövlət qurumu və onun struktur bölmələrindəki mövcud boş iş yerləri haqqında elanlar barədə də bilgilərə saytda rast gəlinmir.
9. Rəhbər, onun müavinləri və struktur bölmələri rəhbər işçilərinin mövcud tarif stavkası barədə də heç bir məlumata rast gəlinmir.
10. Vətəndaşların qəbul şərtləri və qəbul günləri (saatları) barədə informasiya yetərli qədərdir. Bundan başqa, dövlət qulluqçusunun etika qaydaları haqqında bilgilər də saytda əks etdirilir.
11.Tender və yarışmaların keçirilməsi ilə bağlı bütün mümkün qayda və elanlar barədə heç bir informasiya təqdim edilmir. Tender və yarışmaların nəticələri, tender və yarışmaların nəticələri ilə bağlı mübahisələrin həlli qaydaları barədə də heç bir məlumat təqdim edilmir.
12. Növbəti təqdim edilən bilgilər qurumun norma- (qanun) yaratma fəaliyyəti haqqındadır ki, bu da yetərli sayıla bilər.
13. Saytın texniki imkanları sırasında təqdim edilməyən abunə imkanı və sosial şəbəkələrdə səhifəsinin olmamasıdır. Onlayn forma və qaynar xətt isə təqdim olunur.