Azərbaycan Respublikasının Diasporla İş Üzrə Dövlət Komitəsinin www.diaspora.gov.az ünvanlı İnternet saytı, əvvəldə də qeyd etdiyimiz kimi çox geniş bilgi verir. Saytın texniki imkanları və funksionallığı da öz yerindədir. Bəzi bölmələr istisna olmaqla sayt demək olar ki, bir çox bölmələr üzrə dolğunluğu ilə fərqlənir. Sahənin keçmiş rəhbərləri haqda geniş bioqrafik bilgilərin, onlayn imkanının mövcudluğu, vətəndaşların qəbulu ilə bağlı prosedurların izahı, həmçinin dövlət qurumunun ünvanı, qurumun xarici ölkələrdəki bütün təşkilatları, onların ünvanları, rəhbərləri ilə əlaqə vasitələri haqda saytda geniş bilgilər təqdim edilir. Yuxarida da qeyd etdiyimiz kimi, saytda Azərbaycanla bağlı çoxlu məlumatları əldə etmək mümkündür. Amma bununla bərabər, çatışmayan bilgilərin də sayta qoyulması nəticəsində daha dolğun resurs təqdim etmək mümkündür.
Beləliklə, bu resursun təkmilləşdirilməsi üçün bəzi tövsiyələrimizi təqdim edirik:
- Qurum ilə bağlı təqdim edilmiş məlumatlar kifayət qədər dolğun olduğu üçün əlavə tövsiyə verilməsinə ehtiyac duyulmur.
- Ziyarətçilərin qurum ilə əlaqə saxlaması üçün bütün imkanların təqdim edildiyini, yəni, telefon, faks, onlayn müraciət, çoxlu sayda e-poçtlar təqdim olunur, burada çatışmayan məlumat quruma getmək üçün müxtəlif istiqamətlərdən gələn ictimai nəqliyyat barədə bilgilərdir. Bu məlumatın göstərilməsi tövsiyə edilir.
- Qurumun strukturu haqqında da gərəkli bilgilər saytda yer aldığından əlavə tövsiyəyə gərək duyulmur.
- Rəhbər işçilər, onlarla əks əlaqələr, həmçinin rəhbərin bioqrafiyası təqdim olunsa da, onun müavinlərinin bioqrafiyaları, struktur bölmələrinin rəhbərləri haqqında bioqrafik bilgilər göstərilmir. Ayrı-ayrı struktur bölmələrinin rəhbərləri ilə əks əlaqə imkanları isə əks etdirilir. Bu sahədə tövsiyəmiz bundan ibarətdir ki, rəhbərin müavinlərinin və struktur bölmə rəhbərlərinin də bioqrafik məlumatları təqdim edilsin.
- Qurumun cari fəaliyyəti haqqında saytda dolğun bilgilər yer aldığından bu sahə üzrə də tövsiyə söylənilmir.
- Ümumi dövlət büdcəsinin quruma aid hissəsi və onun icrası, büdcədənkənar daxilolmalar və onların istiqamətləri barədə informasiyaların təqdim edilməsi tövsiyə olunur.
- Qurum tərəfindən təklif edilən xidmətlər haqqında çatışmayan məlumatlar demək olar ki, yoxdur. Bu üzdən də əlavə tövsiyə verilmir.
- Dövlət qurumu və onun struktur bölmələrinə işə qəbulun hüquqi bazası, işə qəbulun norma və qaydaları, işə qəbulla bağlı komissiyalar, boş iş yerləri haqqında elanlar barədə bilgilərin əks etdirilməsi tövsiyələr sırasındadır.
- Sahə işçilərinin əmək haqları barədə bilgilərin də təqdim edilməsi növbəti tövsiyələrimizdəndir.
- Vətəndaşların qəbul şərtləri və qəbul günləri (saatları) barədə ümumi bilgi, dövlət qulluqçusunun etika qaydaları haqqında məlumatlar da təqdim olunan bilgilər sırasındadır. Bu üzdən də əlavə tövsiyəyə ehtiyac duyulmur.
- Tender və yarışmaların keçirilmə qaydaları, tenderlərin keçirilməsi ilə bağlı elanlar, tender və yarışmaların nəticələri, elanların arxivi haqqında saytda heç bir məlumat yoxdur. Bu bilgilərin də saytda əks etdirilməsi tövsiyə olunur.
- Qurumun norma- (qanun) yaratma fəaliyyəti haqda bunu demək olar ki, bütün mümkün normativ aktların layihələri (tam mətni), bu cür layihələrin müzakirəsində vətəndaşların iştirak şərtləri, qurumun norma- (qanun)yaratma fəaliyyəti ilə bağlı arxiv öz əksini tapmışdır. Bu üzdən də əlavə tövsiyəyə lüzum görülmür.
- Saytın texniki imkanları yüksək səviyədəd dəyərləndirildiyi üçün hər hansı bir tövsiyəyə gərək yoxdur.