Azərbaycan Respublikası Xocavənd Rayon İcra Hakimiyyəti www.xocavend-ih.gov.az ünvanlı İnternet resursunun görünüşü də digər icra orqanlarının saytları kimi normaldır. Saytın istifadəsi də rahatdır. Saytda ziyarətçilərin hər hansı bir məlumatı əldə etmək üçün demək olar ki, əziyyət çəkməyəcəkləri ilk baxışdan hiss olunur. Bunu saytdakı bölmələrə də nəzər yetirərkən açıq görmək olur. Əhali bölməsində verilən informasiyalara bu günə qədər monitorinq apardığımız saytların heç birində rast gəlməmişik. Amma saytın səhiyyə bölməsindəki informasiyanın azlığı, bank bölməsinin boş, etik davranışlar bölməsinin ise ümumiyyətlə işləməməsi də nəzərdən qaçmır. Xəbərlər bölməsi nisbətən normaldır, informasiyaların daim olmasa da, ara-sıra yenilənməsi diqqət çəkir.
Beləliklə, Xocavənd Rayon İcra Hakimiyyəti saytinın ümumi mənzərəsi aşağıdakı kimidir:
1. Rayonun tarixi, əhalisi, coğrafi mövqeyi, iqtisadiyyatı, təhsili, mədəniyyəti, idmanı haqqındakı bilgilər kifayət qədərdir. Saytdakı qurumun rəhbəri haqqında verilmiş məlumatları da dolğun hesab etmək olar. Amma səhiyyə barədə az, qurumun tarixi, quruma daha öncə başçılıq etmiş şəxslər barədə məlumat, qurumunun fəaliyyətini təmin edən qanunverici baza, qurumun səlahiyyət çərçivələri barədə isə saytda məlumat verilmir.
2. Ziyarətçilərin əks əlaqəsi üçün qurumun ünvanı, telefon və faks nömrəsi, e-poçt ünvanı, birbaşa əhalini qəbul edəcək rəhbər işçilərin adları, telefon nömrələri, hətta mobil nömrələri, vətəndaşların qəbul saatları saytda öz əksini tapıb. Amma quruma başqa yerlərdən getmək üçün marşrut və ictimai nəqliyyat haqqında məlumatlara da rast gəlinmir.
3. Saytda qurumun strukturu haqqında sxem və müavinlər haqqında məlumatlar, onlarla əlaqə nəmrələri var. Şura bölməsindəki bilgiləri də qənaətbəxş hesab etmək olar. Lakin struktur bölmələrinin səlahiyyət çərçivələri, qurumun tabeliyindəki informasiya sistemləri haqqında məlumatlar isə saytda öz əksini tapmır.
4. Qurumun rəhbəri haqqında saytda bioqrafik informasiya mövcuddur. Struktur bölmələrinin rəhbərləri ilə əks əlaqə imkanları haqqında da bilgilər təqdim edilir. Bütün mümkün struktur bölmələrinin rəhbərləri haqqında bioqrafik bilgilər isə yoxdur.
5. Cari informasiyalar baxımından sayt nisbətən zəngin sayıla bilər. Qurumdaxili əmr və qərarlar, bu cür aktların reyestri (qəbul və qüvvəyə minmə tarixi də daxil olmaqla) və dövlət qurumunun həyata keçirdiyi proqram və layihələr barədə də heç bir bilgi təqdim edilmir.
6. Saytda qurumun büdcəsi, büdcənin icrası haqqında, büdcədənkənar daxilolmalar və onların istiqamətləri, subsidiya alanlar haqda informasiyalara da rast gəlmək olmur.
7. Qurumun təklif etməli olduğu mütləq və əlavə xidmətlər haqqında da heç bir bilgi yoxdur. Burada yalnız onlayn müraciət imkanı təqdim edilir.
8. Boş iş yerləri və işə qəbulla bağlı (qurum və onun struktur bölmələrinə işə qəbulun hüquqi bazası, işə qəbulun norma və qaydaları, işə qəbulla bağlı komissiyalar haqqında, qurum və onun struktur bölmələrindəki mövcud boş iş yerləri haqqında elanlar və elanların arxivi) məlumatlar da təqdim edilməyən bilgilər sırasındadır.
9. Qurumun işçilərinin əmək haqları ilə bağlı heç bir məlumat verilmir.
10. Vətəndaşların qəbulu ilə bağlı rəhbər və ayrı-ayrı vəzifəli şəxsləri tərəfindən vətəndaşların qəbul günləri, vəzifəli şəxslərin əlaqə nömrələri, qəbul saatları barədə bilgilər var. Amma onlar tərəfindən vətəndaşların qəbul norma və qaydaları, nə də qurumda vətəndaşların qəbul qaydaları haqqında bilgilər təqdim edilmir.
11. Tender və yarışmalar haqqında hər hansı bilgiyə rast gəlinmir.
12. Saytın texniki imkanları normal səviyyədədir. Onlayn müraciət forması təqdim olunsa da, abunə imkanı yoxdur.