Azərbaycan Respublikası Tarif Şurasının www.tariffcouncil.gov.az ünvanlı İnternet saytında qurumun tarixi, rəhbərləri haqda məlumatlar və kollegiya, dövlət qurumunun fəaliyyətini həyata keçirmək üçün qanunverici baza – əsasnamə və təlimatlar var. Ziyarətçilərin dövlət qurumu ilə əlaqə saxlaması üçün qurumun ünvanı, həm ümumi xarakterli, həm də ayrı-ayrı xidmət və alt bölümlərin telefon və faks nömrələri göstərilmişdir. Qurumun ünvanının marşrut sxemi və quruma gəlmək üçün ictimai nəqliyyat vasitələri haqda isə heç bir məlumat yoxdur. Mümkün olan bütün e-poçt ünvanları təqdim olunur. Dövlət qurumunun struktur bölmələrinin rəhbərləri və onlarla əlaqə saxlamaq üçün imkanlar, əsas rəhbərin bioqrafiyası təqdim olunur. Rəhbərin müavinləri, aparat, kollegiya və struktur rəhbərləri haqda bioqrafik məlmatlara isə rast gəlinmir.
Qurumun rəhbəri ilə əks-əlaqə imkanları, ayrı-ayrı struktur bölmələrinin rəhbərləri ilə əks-əlaqə imkanları, dövlət qurumu ilə əks-əlaqə üçün ümumi imkanlar göstərilib. Mətbuat üçün açıqlamalrın tezliyi qaneedici deyil. Qurumdaxili əmrlər və qərarlar göstərilir. Dövlət qurumunun həyata keçirditi proqram və layihələr haqda da məlumatlar saytda öz əksinin tapır. Qurumun büdcəsi haqqında heç bir məlumat verilmir. Həmçinin, büdcədənkənar daxilolmalar haqda da bunu demək olar. Saytda dövlət qurumu tərəfindən təklif olunan mütləq xidmətlər, elektron formada təklif olunan xidmətlər, xidmətlərdən istifadə qaydaları, onlayn müraciət forması, Qaynar Xətt mövcuddur. İşə qəbul qaydaları göstərilsə də, boş iş yerlərinin elanları köhnə illərin tarixinə aiddir. Boş iş yerləri haqqında elanların arxivi var. Rəhbər işçilərin tarif stavkası göstərilmir.
Vəzifəli şəxslər tərəfindən vətəndaşların qəbul norma və qaydaları, tender elanları barədə bilgilərə də rast gəlinmir. Həmçinin, dövlət qulluqçusunun etik davranış qaydaları haqqında bilgi də saytda görünmür. Qurumun cari norma yaratma fəaliyyəti haqda məlumatlara rast gəlinir. Bütün mümkün normativ aktların layihələri təqdim edilir. Tarif Şurasının saytı internet resurslarının standartlarına uyğunlaşdırılmalıdır. Saytın dpmen rahatlığı və abunə imkanları var. Axtarış sistemi də işləkdir. Lakin qurumun sosial şəbəkələrdə səhifələri yoxdur.
Bütün bunları nəzərə alaraq aşağıda bu yöndə bəzi tövsiyələrimizi təqdim edirik:
1. Qurumun tarixi, rəhbərləri haqda məlumatlar və kollegiya, dövlət qurumunun fəaliyyətini həyata keçirmək üçün qanunverici baza – əsasnamə və təlimatlar təqdim edilib. Bu üzdən əlavə tövsiyəyə ehtiyac duyulmur.
2. Ziyarətçilərin qurum ilə əlaqə saxlaması üçün ümumi imkanlar (qurumun yerləşdiyi ünvan, telefon və faks nömrələri, mümkün olan bütün e-poçt ünvanları) təqdim edilir. Lakin qurumun ünvanının marşrut sxemi və ünvana gəlmək üçün ictimai nəqliyyat haqqında bilgilər çatışmır. Yaxşı olardı ki, bu sahə dolğunlaşdırılsın.
3. Qurumun strukturu və qurumun tabeliyindəki informasiya sistemləri haqqında bilgilər təqdim olunur. Digər bilgilər (aparat, struktur bölmələrinin rəhbərləri və onlarla əlaqə saxlamaq üçün imkanlar, struktur bölmələrinin tam ünvanları və struktur bölmələrinin səlahiyyət çərçivələri) haqqında da məlumat təqdim edilir. Bu sahədə əlavə tövsiyə verilmir.
4. Rəhbər işçilər, onlarla əks əlaqə, qurumun əsas rəhbərinin bioqrafiyası, əks əlaqə imkanları təqdim edilir. Lakin struktur bölmələrinin rəhbərləri haqqında bioqrafik bilgilər verilmir. Dövlət qurumu ilə əks-əlaqə üçün ümumi imkan təqdim edilib. Bu sahədə çatışmayan bilgilərin göstərilməsi gərəklidir.
5. Qurumun cari norma yaratma fəaliyyəti haqqında informasiyalar yetərli sayıla biləcək qədərdir. Mətbuat üçün açıqlamalar olsa da, bu açıqlamaların tezliyi qaneedici deyil. Qurumdaxili əmrlər və qərarlar gösətirilmişdir. Yaxşı olardı ki, mətbuat üçün açıqlamaların tezliyinə diqqət yetirilsin.
6. Təəssüf ki, ümumi dövlət büdcəsinin quruma aid hissəsi və onun icrası haqqında bilgilər saytda əks etdirilmir. Həmçinin, bu sözləri büdcədənkənar daxilolmalar haqda demək olar. Yaxşı olardı ki, ümumi dövlət büdcəsinin quruma aid hissəsi və onun icrası barədə bilgilər saytda əks etdirilsin.
7. Qurum tərəfindən təklif edilən mütləq xidmətlər, elektron formada təklif olunan xidmətlər, xidmətlərin keyfiyyət göstəriciləri, onlayn müraciət imkanı, qaynar xətt və xidmətlərdən istifadə qaydaları haqqında bilgilər öz əksini tapmışdır. Bu bilgilər təqdim edildiyi üçün əlavə tövsiyəyə ehtiyac duyulmur.
8. İşə qəbul qaydaları və boş iş yerləri haqqında, işə qəbulun norma və qaydaları barədə natamam bilgilər təqdim edilir. İşə qəbulla bağlı komissiyalar haqqında bilgilər verilsə də, dövlət qurumu və onun struktur bölmələrindəki mövcud boş iş yerləri haqqında elanlar yoxdur. Boş iş yerləri haqqında elanların arxivi barədə bilgilər isə saytda əks olunur. Burada boş iş yerləri elanlarının göstərilməsinə ehtiyac var.
9. Sahə işçilərinin əmək haqları barədə də heç bir bilgilərə rast gəlinmədiyini söyləmək olar. Rəhbər, onun müavinlərinin və struktur bölmələri rəhbər işçilərinin mövcud tarif stavkası göstərilmir. Sahə işçilərinin əmək haqları barədə bilgilərin verilməsi də tövsiyələr sırasındadır.
10. Vəzifəli şəxslər tərəfindən vətəndaşların qəbul şərtləri və qəbul günləri (saatları) barədə məlumatlar təqdim olunur. Lakin dövlət qulluqçusunun etika qaydaları haqqında bilgilər əks etdirilmir. Burada çatışmayan sahə dolğunlaşdırılsa, əlavə tövsiyə olmaz.
11. Tender və yarışmaların keçirilməsi ilə bağlı heç bir bilgi göstərilmir. Tender və yarışmaların keçirilməsi ilə bağlı elanlar, tender və yarışmaların nəticələri təqdim edilmir, elanların arxivi və tender və yarışmaların nəticələri ilə bağlı mübahisələrin həlli qaydaları barədə də heç bir məlumat təqdim edilmir. Bu üzdən də tövsiyə olunur ki, bölmə doldurulsun.
12. Növbəti təqdim edilən bilgilər isə qurumun cari norma- (qanun) yaratma fəaliyyəti haqqındadır. Bütün mümkün normativ aktların layihələri göstərilib. Burada əlavə tövsiyə verilmir.
13. Qurumun saytının texniki imkanları pis deyil. Domen rahatlığı var. Axtarış sistemi işləyir. Sayta abunə imkanı var. Əks əlaqə üçün onlayn forma da var. Lakin sosial şəbəkələrdə səhifələrinin olmaması diqqətdən qaçmır. Bu da əlavə olunsaydı yaxşı olardı.