02. 10. 2007
Multimedia
İnformasiya Sistemləri və Texnologiyaları
Mərkəzinin
Məlumatı
02 oktyabr 2007- ci il tarixdə “İnformasiya Azadlığının İnkişafı “ Koalisiyasının aparıcı
qurumu olan Multimedia Mərkəzi tərəfindən “Dövlət orqanlarının rəsmi internet resurslarının monitorinqinin yekunları: problemlər və perspektivlər” mövzusunda Dəyirmi Masa keçirilib.
Dəyirmi Masada Multimedia Mərkəzinin direktoru, Layihənin rəhbəri Osman Gündüzün “Dövlət orqanlarının rəsmi internet resurslarının monitorinqin nəticələri” mövzusunda və Koalisiyanın üzvü, AVCİA-nın eksperti Vüqar Tofiqlinin “Bələdiyyələrdə informasiya açıqlığının vəziyyəti” mövzularında təqdimatları olub.
Dəyirmi Masada 40 dövlət qurumunun İnternet resursunun monitorinqinin yekunu olaraq informasiya açıqlığı üzrə Reytinq Cədvəli təqdim olunub.
Monitorinq zamanı dövlət orqanlarının rəsmi internet saytlarında yerləşdirilən informasiyanın mövcud qanunvericiliyin tələblərinə uyğunluğu və rəsmi resursların mövcud normalara cavab verməsi araşdırılıb. Monitorinq prosesində qiymətləndirmə Koalisiya tərəfindən hazırlanan Metodika əsasında gerçəkləşdirilib. Monitorinqin nəticələrinə əsasən informasiya açıqlığı üzrə Reytinq Cədvəlində 1-ci , 2-ci və 3-cü yerləri müvafiq olaraq Vergilər Nazirliyi (46.5%), RİTN (46%) və DİN (34.7%) tutub. Sonuncu yerlər isə Milli Teleradio Şurası və Satınalmalar üzrə Agentliyə məxsusdur. 40 dövlət qurumu üzrə orta informasiya açıqlığı göstəricisi 17.5 % təşkil edib.
Müzakirələrdə AMEA İTİ-nin direktoru Rasim Əliquluyev, RİTN-nin Departament rəhbəri Rüfət Gülməmmədov, Layihənin ekspertləri Ələsgər Məmmədli və Azər Həsrət, Milli Məclisin rəsmi saytla bağlı qurumunun rəhbəri Yaşar Əmaşov, Davamlı İnkişaf Araşdırmaları Mərkəzinin rəhbəri Nəriman Ağayev, Təhsil Nazirliyinin İnformasiya Texnologiyaları şöbəsinin müdiri İsmayıl Sadıqov, Korrupsiyaya Qarşı Mübarizə Fondurnun direktoru Vasif Mövsümov, Prezidentin Xüsusi Dövlət Mühafizə Xidmətinin dövlət saytları ilə bağı strukturunun rəhbəri Rəşad Həmzəyev, İsveç İnformasiya Texnologiyaları Universitetinin şöbə müdiri Bəhram Atabəyli , Turan İnformasiya Agentliyinin direktoru Mehman Əliyev, İREX-in nümayəndəsi Anar Nağıyev və digər nümayəndələr çıxış ediblər.
Müzakirələrdə rəsmi informasiyanın ilkin mənbəyi kimi internet resurslarının mühüm əhəmiyyət kəsb etdiyi vurğulanıb. Çıxışlarda sosial əhəmiyyət kəsb edən informasiyaların rəsmi saytlardan ələdə edilməsinin mümkünsüzlüyü vurğulanıb. İnformasiyaların, xidmətlərin yeni texnologiyalar vasitəsilə açıqlanmasına əksər dövlət qurumları tərəfindən yetərli diqqət göstərilmədiyi bildirilib. Uzun müddətdən bəri cəmiyyəti narahat edən İnformasiya müvəkkili institutunun formalaşmamağı məsələsinə yenidən toxunulub. Dövlət qurumlarında informasiya strukturunun yaradılması və onların resurs təminatının gücləndirilməsinin zəruriliyi bildirilib. Rəsmi saytlara məsul olan şəxslərin Koordinasiya qurumunun yaradılması təklifi irəli sürülüb. Saytların ünvanlarının anlaşıqlı olmasının vacibliyi vurğulanıb. Monitorinqin davamlı olaraq aparılmasının və Metodikanın təkmilləşdirilməsinin zəruriliyi qeyd olunub.
Dəyirmi Masada hökumət qurumlarının nümayəndələri, müstəqil ekspertlər, özəl və ictimai sektorun təmsilçiləri, beynəlxalq təşkilatların nümayəndələri iştirak edib.
Dəyirmi Masa Counterpart International təşkilatı tərəfindən dəstəklənən “Vətəndaşların informasiya azadlığının gerçəkləşməsinə dəstək” Layihəsi çərçivəsində həyata keçirilir.
Geniş məlumat www.informasiya.org –da yerləşdirilib.
Multimedia Mərkəzi
Tel: 492 44 44
www.informasiya.org
info@informasiya.org