Hər il olduğu kimi bu il də Multimedia Mərkəzi dövlət qurumlarının rəsmi internet resurslarının monitorinqinə başlayıb. Məlum olduğu kimi Mərkəz 2006-cı ildən başlayaraq sistemli və peşəkar formada dövlət qurumlarının informasiya açıqlığı vəziyyətini araşdırır və müvafiq Hesabatlar və dövlət qurumlarının informasiya açıqlığı üzrə Reytinq Cədvəli tərtib edir.
Bu il həyata keçiləcək Monitorinq prosesində 74 Mərkəzi icra orqanının ( Nazirliklər, Dövlət komitələri və s ) və 67 Yerli icra orqanının (Rayon və şəhər icra hakimiyyətləri) rəsmi saytlarının informasiya açıqlığı vəziyyəti araşdırılacaq.
Mərkəzin ekspertləri tərəfindən Monitorinqin Metodikası daha da təkmilləşdirilib. Metodika ölkə qanunvericiliyi, xüsusilə “İnformasiya əldə edilməsi haqqında Qanun və beynəlxalq təcrübə nəzərə alınmaqla hazırlanıb.
Hər zaman olduğu kimi yerli icra hakimiyyəti orqanlarının Monitorinqi məqsədilə hazırlanan qiymətləndirmə meyarlarında yerli icra orqanlarına xas olan spesifik xüsusiyyətlər nəzərə alınıb.
Metodikada dövlət qurumlarının rəsmi saytlarının ümumən 13 parametr və 59 qiymətləndirici meyarlar üzrə onlayn şəffaflıq vəziyyətinin analiz olunması nəzərdə tutulub. Metodikada dövlət qurumlarının rəsmi İnternet resurslarında yerləşdirilən informasiyaların, xidmətlərin kəmiyyət və keyfiyyət cəhətdən analiz edilməsi və qiymətləndirilməsi və s. bu parametrlərə daxildir.
Sentyabr ayınadək davam edəcək Monitorinq əsasında konkret hər bir dövlət qurumunun rəsmi saytı üzrə İcmal və Tövsiyələrin hazırlanması, informasiya açıqlığı üzrə Reytinq Cədvəlinin və Yekun Hesabatın hazırlanması nəzərdə tutulub.
Monitorinq Azərbaycan Respublikasının Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı əsasında Multimedia Mərkəzi tərəfindən həyata keçirilir.
Daha geniş məlumat www.informasiya.org saytında yerləşdirilib.
Multimedia Mərkəzi
Tel.: (99412) 4416054
Email: multimedia@cit.az