İcmalda qeyd etdik ki, Azərbaycan Respublikası Astara Rayon İcra Hakimiyyəti www.astara-ih.gov.az domen adlı İnternet saytını standart icra orqanlarının saytlarından hesab etmək olar. Lakin burada məlumat baxımından çox çatışmazlıqlar var. Bu çatışmazlıqların aradan qaldırılmasına kömək məqsədilə tövsiyələrimizi təqdim edirik.
1. Tövsiyə olunur ki, rayon haqqındakı bilgilərlə yanaşı qurumun özü haqqında, quruma daha öncə başçılıq etmiş şəxslər haqqında, qurumunun fəaliyyətini təmin edən qanunverici baza haqqında, qurumun səlahiyyət çərçivələri və hakimiyyət qolunda yeri bilgilərin əlavə edilməsin. Rayonun əhalisi haqdakı məlumatı da dolğunlaşdırmaq yaxşı olardı.
2. Yaxşı olardı ki, qurumun yerləşdiyi ünvanın sxemi, quruma başqa yerlərdən getmək üçün marşrut və ictimai nəqliyyat haqqında saytda bilgilər təqdim ediləydi. Bu ziyarətçilərin qurumla əks əlaqəsini daha da uyğun bir hala gətirərdi.
3. Saytda İcra Hakimiyyətinin strukturu haqqında sxem var, müavinlərin adları qeyd olunub. Amma onlar haqqında məlumatlar, struktur bölmələrinin dəqiq (tam) ünvanları, struktur bölmələrinin səlahiyyət çərçivələri, qurumun tabeliyindəki informasiya sistemləri haqqında məlumatlar isə yoxdur. Bu informasiyaların da saytda təqdim olunması tovsiyə olunur.
4. Tövsiyə olunur ki, qurumun rəhbəri, rəhbər işçiləri və onlarla əks əlaqələr baxımından bütün mümkün struktur bölmələrinin rəhbərləri haqqında bioqrafik bilgilərin təqdim edilsin. Qurumun rəhbəri və ayrı-ayrı struktur bölmələrinin rəhbərləri ilə əks əlaqə imkanları haqqında təqdim edilmiş qısaca bilgilərin isə dolğunlaşdırılması yaxşı olardı. Rəhbər, rəhbər işçilər və onlarla əks əlaqələrin də saytda yerləşdirilməsi də yararlı olardı.
5. İcmalda da qeyd etdiyimiz kimi, cari informasiyaların daim yenilənməsinə baxmayaraq, onar arasındakı vaxt məsafəsini azaldılması yaxşı olardı. Qurumdaxili əmr və qərarların, bu cür aktların reyestri (qəbul və qüvvəyə minmə tarixi də daxil olmaqla) və dövlət qurumunun həyata keçirdiyi proqram və layihələr barədə bilgilərin də təqdim edilməsi tövsiyə olunur.
6. Büdcə ilə bağlı məsələlər haqqında saytda bilgi verilməsi də tövsiyələr sırasındadır.
7. Qurumun təklif etməli olduğu mütləq və əlavə xidmətlər haqqında bilgilərin verilməsi tövsiyyə olunur.
8. Yararlı informasiya kimi boş iş yerləri və işə qəbulla bağlı bilgilərin də saytda öz əksini tapması yaxşı olardı.
9. Əmək haqlarının (rəhbər, onun müavinlərinin və struktur bölmələri rəhbər işçilərinin) da təqdim edilməsi tövsiyyə olunur.
10. Vətəndaşların qəbul şərtləri və qəbul günləri (saatları) haqqında həm vəzifəli şəxslər tərəfindən vətəndaşların qəbul norma və qaydaları, həm də qurumda vətəndaşların qəbul qaydaları haqqında bilgilərin təqdim edilməsi tövsiyə olunur.
11. Tender və yarışmalar haqqında bilgilərin təqdim edilməsi tövsiyyələr sırasındadır.
12. Saytın texniki imkanlarının yaxşılaşdırılması və abunə imkanının da daxil edilməsi tövsiyyə olunur.