Azərbaycan Respublikası Astara Rayon İcra Hakimiyyəti www.astara-ih.gov.az İnternet resursunun standart görünüşə malikdir. Xəbərlər bölməsini qənaətbəxş hesab etmək də, informasiyalar arasındakı vaxt məsafəsinin çox olması da diqqətdən qaçmır. Bölmələr üzrə bilgilərin bəzilərini dolğundur, amma ötən ildə olduğu kimi, elə bölmələr var ki, (elektron xidmətlər, şura, infrastruktur bölməsindəki banklar, poçt və rabitə) onlar boşdur və gərəkli informasiyalar təqdim edilmir.
Beləliklə, Astara Rayon İcra Hakimiyyəti saytinın ümumi mənzərəsi belədir:
1. Saytda rayonun tarixi, iqtisadiyyatı, təhsili, səhiyyəsi, mədəniyyəti, idmanı haqqındakı bilgilər kifayət qədər dolğun və ətraflıdır. Qurum, qurumun rəhbəri haqqında verilmiş məlumat da qənaətbəxşdir. Lakin rayonun əhalisi haqdakı bilgi yenə də çox azdır. Qurumun tarixi, quruma daha öncə başçılıq etmiş şəxslər barədə, qurumunun fəaliyyətini təmin edən qanunverici baza, qurumun səlahiyyət çərçivələri barədə isə yenə də heç bir məlumat verilmir.
2. Saytda qurumun ünvanını, telefon və faks nömrəsino, e-poçt ünvanını tapmaq olar. Amma ziyarətçilərin əks əlaqəsi üçün informasiyalar tələb olunan miqdarda deyil. Birbaşa əhalini qəbul edəcək rəhbər işçilərin telefon nömrələri saytda öz əksini tapmayıb. Quruma başqa yerlərdən getmək üçün marşrut və ictimai nəqliyyat haqqında məlumatlara da rast gəlinmir.
3. Şura bölməsindəki bilgilər çox azdır. Struktur bölmələrinin səlahiyyət çərçivələri, qurumun tabeliyindəki informasiya sistemləri haqqında da məlumatlar saytda öz əksini tapmır. Lakin struktur haqqında sxem və müavinlər haqqında məlumatlar, onlarla əlaqə nömrələri saytda tapmaq olar.
4. Qurumun rəhbəri haqda bioqrafik məlumat olsa da, struktur bölmələrinin rəhbərləri haqqında bu məlumatı tapmaq olmur. Yaxşı haldir ki, ayrı-ayrı struktur bölmələrinin rəhbərləri ilə əks əlaqə imkanları haqqında bilgilər təqdim edilir.
5. Cari informasiyalar baxımından da saytı qənaətbəxş hesab etmək olar. Amma yaxşı olar ki, informasiyalar arasındakı vaxt məsafəsi minimum endirilsin. Saytda qurumdaxili əmr və qərarlar, bu cür aktların reyestri (qəbul və qüvvəyə minmə tarixi də daxil olmaqla) və dövlət qurumunun həyata keçirdiyi proqram və layihələr barədə heç bir bilgi təqdim edilmir.
6. Qurumun büdcəsi, büdcənin icrası haqqında, büdcədənkənar daxilolmalar və onların istiqamətləri barədə informasiyalara təəssüf ki, saytda rast gəlinmir. Subsidiya alanlar haqda məlumatı isə müsbət qiymətləndirmək olar.
7. Saytda onlayn müraciət imkanı təqdim edilir. Lakin qurumun təklif etməli olduğu mütləq və əlavə xidmətlər haqqında da heç bir bilgi yoxdur.
8. Təqdim edilməyən bilgilər sırasında boş iş yerləri və işə qəbulla bağlı (qurum və onun struktur bölmələrinə işə qəbulun hüquqi bazası, işə qəbulun norma və qaydaları, işə qəbulla bağlı komissiyalar haqqında, qurum və onun struktur bölmələrindəki mövcud boş iş yerləri haqqında elanlar və elanların arxivi) məlumatlar da var.
9. Saytda şəffalığı təmin etmək üçün işçilərin əmək haqları ilə bağlı informaiyaların təqdim edilməlidir, amma məlumat yoxdur.
10. Qəbulla bağlı günlər və saatlar göstərilsə də, vətəndaşların birbaşa əlaqə saxlaya biləcək rəhbər və ayrı-ayrı vəzifəli şəxslərin əlaqə nömrələri yoxdur. Bununla yanaşı onlar tərəfindən vətəndaşların qəbul norma və qaydaları haqqında da bilgilər təqdim edilmir.
11. Tender və yarışmalar haqqında hər hansı bilgiyə rast gəlinmir.
12. Saytın texniki imkanları normal səviyyədədir. Onlayn müraciət forması təqdim olunsa da, abunə imkanı yoxdur.