Azərbaycan Respublikası Ədliyyə Nazirliyinə məxsus www.justice.gov.az domen adlı İnternet resursu sol menyu və əsas blokla ana səhifədə ziyarətçilərin üzünə açılır. Saytın sadə html dilində hazırlanması onun idarə olunmasını bir az çətinləşdirsə də ziyarətçilər üçün istifadəsini xeyli asanlaşdırır. Sol menyu və əsas blokun üstündə nazirliyin emblemi və Azərbaycan Respublikası gerbinin şəkilləri arasında “Azərbaycan Respublikası Ədliyyə Nazirliyi” sözləri yazılıb. Onların altında, sol menyudan yuxarıda isə Az və Eng dillərinə keçidlər yer alıb. Eng variantının da bir qədər gecikmə ilə normal fəaliyyət göstərdiyini deyə bilərik. Sol menyunun altında sütunun davamı olaraq axtarış qutusu (işləkdir), ondan aşağıda isə 1991-2050-ci illəri əhatə edən təqvim yerləşdirilib. Bunlardan aşağıda bir sıra milli və beynəlxalq qurumların saytlarına keçidlər yerləşdirilib.
Əsas blokda ən son xəbərlərdən qısa parçalar və onlara keçidlər yer alıb. Saytın dabanında “Copyright © Ədliyyə Nazirliyi All Rights Reserved 2003” sözləri yazılıb.
Qeyd etdiyimiz kimi saytın sol menyusu demək olar ki, bütün səhifələrə keçidi ehtiva edir. Yəni əlavə vaxt itirmədən saytda mövcud olan istənilən bölməyə ana səhifədən birbaşa keçmə imkanı var ki, bu da ziyarətçilərin işini xeyli asanlaşdırır. Bununla belə əlavə olaraq “Saytın xəritəsi” keçidini qurmaqla işi daha da yüngülləşdirmək olardı.
Beləliklə, ƏN-in İnternet resursunun sol menyusunda nələr var:
Əsas səhifə: yuxarıda haqqında danışdıqlarımızı ehtiva edir;
Azərbaycan Respublikası: xəritə, dövlət rəmzləri (bayraq, gerb, milli himn), Azərbaycan Respublikasının prezidenti İlham Əliyev, ümumi məlumat (yerləşdiyi yer, dövlətin rəsmi adı, paytaxtı, dövlət dili, din, pul vahidi, əhalisi) milli bayramlar (xatirə günləri), ərazisi (ərazisi, quru sərhədlərinin uzunluğu, həmsərhəd dövlətlərlə olan sərhədlərin uzunluğu, inzibati bölgü, muxtar respublika, rayonlar, əsas şəhərlər), hökumət (dövlət quruluşu, qanunverici hakimiyyət, icra hakimiyyəti, dövlət başçısı, hökumət başçısı, məhkəmə hakimiyyəti, konstitusiya);
Nazirliyin fəaliyyəti: ümumiləşdirilmiş dolğun məlumat;
Ədliyyə tarixi: Azərbaycanda 1918-ci ilin 28 mayından başlanaraq günümüzə qədər olan ədliyyə tarixinə qısa bir baxış içərən yazı;
Nazirliyin rəhbərliyi: ədliyyə naziri və onun üç müavininin biografiyaları, məqalə, müsahibə və çıxışları, telefon nömrələri;
Kollegiya: üzvlərinin adları deyil, yalnız təmsil etdikləri qurumlarda tutduqları vəzifələrin adları;
Nazirliyin strukturu: sadəcə iri bir sxem-şəkil (1908 px enində, heç bir əlavə hərəkət imkanı olmadan);
Beynəlxalq hüquq əməkdaşlığı: rəsmi görüş və toplantılarda iştirak, eləcə də digər dövlətlərin ədliyyə qurumları ilə iş birliyi haqqında sənədlər;
Əhaliyə hüquqi yardım: qaynar xətt telefon nömrələri (510 21 58; 510 21 59), regional hüquq məsləhət mərkəzləri aztəminatlı əhaliyə pulsuz xidmət göstərməyə başlamışlar, notariat organlarının fəaliyyəti ilə bağlı məlumat, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı organlarının fəaliyyəti ilə bağlı məlumat;
Hüquqi şəxslərin dövlət qeydiyyatı: bir hüquqi şəxsin qurularaq dövlət qeydiyyatına alınması üçün hər cür sənədlər;
Mətbuat səhifələrində: cəmi iki xəbər yer alıb;
Nazirliyin nəşrləri: yeddi nəşrin (beşi dövridir) adı və haqqında qısa bilgi;
Əlaqə: hansısa administratora (çox güman ki, saytın inzibatçısı nəzərdə tutulur) onlayn məktub yazma imkanı;
Məhkəmə və ədliyyə sistemi: qısa və dolğun məlumat, məhkəmə hüquq şurasının qərarlarına keçid;
Qanunvericilik: sərəncam, fərman, əsasnamə və qanunlar;
İnsan hüquqları: müvafiq beynəlxalq sənədlər;
İşə qəbul: elan və məlumatlar;
Arxiv: 2005-2007-ci illər üçün təqvim üzrə arxiv;
Videoqalereya: cəmi doqquz video-görüntü.
Göründüyü kimi ƏN-in İnternet saytında “İnformasiya əldə etmək haqqında” qanunda açıqlanması nəzərdə informasiyaların müəyyən hissəsi yer alsa da açıqlanmayan informasiyalar da yetərincədir. Odur ki, saytı fəaliyyətinin daha da təkmilləşdirilməsi üçün açıqlanması zəruri olan informasiyaların sayta yerləşdirilməsinə ehtiyac var bu haqda hazırladığımız Tövsiyələrdə ətraflı qeyd olunub.