Lənkəran İcra Hakimiyyətinə məxsus www.lankaran.az domen adlı İnternet resursu ölkənin əyalətlərinə aid az saylı saytlardan biridir. Özü də son vaxtların müşahidələrinə görə aktiv saytlardan biridir. Saytda diqqəti çəkən məqamlardan biri və deyərdik ki, birincisi burada xəbərlərin operativliyinin təmin edilməsidir. Ən son xəbərlər vaxtında sayta yerləşdirilir ki, bu da ziyarətçilər üçün olduqca faydalıdır. Digər bir məqam isə saytın Azərbaycan dili ilə yanaşı Eng və Ru dillərində də olmasıdır. Nəzərə alsaq ki, Lənkəran Azərbaycanın diqqət çəkən bölgələrindən biridir, o zaman bu saytın digər dillərdə də fəaliyyət göstərməsi yalnız alqışlana bilər.
Lənkəran icra hakimiyyətinə məxsus sayt ana səhifə ilə açılır. Lap yuxarı hissədə axtarış qutusu verilsə də o işləmir. Görünür saytın qurucuları hansısa məqamda diqqətsizlik ediblər. Bunun qarşısında bütün səhifələrdə təkrar olunan ana səhifəyə keçid və əlaqə keçidi verilib. Bunlardan aşağıda Lənkəran İcra Hakimiyyətinin olduğu güman edilən bir binanın şəkli önündə “Lənkəran İcra Hakimiyyətinin rəsmi veb səhifəsi sözləri” yazılıb. Bu blokda daha bir neçə şəkil verilib.
Aşağıdakı dar bir zolaqda Ru və Eng keçidləri yerləşdirilib.
Bundan sonra isə saytın məzmunu gəlir. Sol tərəfdə əsas menyu və bir neçə başqa sayta keçidlər yer alıb. Orta blokda salamlama və son xəbərlər verilib. Sağ blokda isə fotogalereya və Lənkəranın tarixinə keçidlər var.
Saytın dabanında “Lənkəran İcra Hakimiyyəti rəsmi veb səhifəsi. Copyright © 2007 Bütün hüquqları qorunur” və “site by DIGITALSTREAM” sözləri yerləşdirilib. Yenə də görünür bir yanlışlıq üzündən bu hissədən aşağıda xeyli boş hissə var.
Əsas menyu:
İcra hakimiyyətinin başçısı: biografiyası (nəyə görəsə eyni şəkli iki dəfə verilib), başçı ilə əlaqə (qəbul günü və saatları, telefon nömrəsi, e-poçt ünvanı və onlayn yazışma forması);
İH başçısının aparatı: tərkibi (başçı və onun müavinlərinin adları, telefon nömrələri), strukturu (burada əslində icra hakimiyyətinin strukturu barədə bilgi verilməli olduğu halda rayonun inzibati ərazi vahidlərinin siyahısı yerləşdirilib);
Lənkəran haqqında: ümumi məlumat (cəmi beş cümlə), tarixi (olduqca qısa bir bilgi), coğrafi mövqeyi (qısa bilgi və xəritə), əhali (qısa bilgi), iqlim, çaylar, təbii ehtiyatlar;
İqtisadiyyat: sənaye, kənd təsərrüfatı (sahələr üzrə), tikinti (aparılan işlər barədə qısa bilgi), banklar (qısa bilgi), özəl müəssisələr (qısa bilgi);
İnfrastruktur: su və kanalizasiya (qısa bilgi və telefon nömrəsi), qaz təchizatı (qısa bilgi və telefon nömrəsi), enerji təchizatı (qısa bilgi və telefon nömrəsi), mənzil-kommunal təsərrüfatı (boş), nəqliyyat (boş), rabitə və kommunikasiya (qısa bilgi və telefon nömrəsi), yaşıllaşdırma, inşaat idarələri (boş);
Təhsil: ümumi məlumat (qısa bilgi və keçidlər), orta ixtisas məktəbləri (beş məktəb haqqında), ali məktəblər (iiki universitet haqqında);
Səhiyyə: ümumi məlumat, tibb müəssisələri (bir xəbər), özəl tibb müəssisələri (üç qurum haqqında qısa bilgi);
Turizm: mətbəx (qısa bilgi və yemək çeşidləri), ümumi məlumat, turizm müəssisələri (qısa bilgilər);
Mədəniyyət: ümumi məlumat (qısa bilgi), mədəniyyət müəssisələri (qısa bilgi və keçidlər);
Sosial müdafiə: səhifə hazırlanır;
Ekologiya və ətraf mühit: səhifə hazırlanır;
İctimaiyyət: siyasi partiyalar (səhifə hazırlanır), ictimai təşkilatlar və QHT (səhifə hazırlanır), diaspora (səhifə hazırlanır);
Xəbərlər: son xəbərlər və daha öncəki xəbərlərə keçidlər;
Foto galereya: gəzməli-gərməli yerlərin fotoşəkilləri;
Əlaqə: yer və e-poçt ünvanı, telefon nömrəsi, məktubların qəbulu günləri və saatları, onlayn yazışma forması.
Göründüyü kimi ölkənin ucqar əyalətlərindən olan Lənkəranda ən azından digərlərinə nümunə sayıla biləcək İnternet resursu fəaliyyət göstərir. Bununla belə sayt hələ də tam və dolğun sayıla bilməz. Burada “İnformasiya əldə etmək haqqında” qanunda nəzərdə tutulan 33 adda informasiyadan yalnız 6-sı yerləşdirilib.