Azərbaycan Respublikasının Baş Dövlət Yol Polisinin İnternet saytının eləcə də bu strukturun özünün çox ciddi əhəmiyyətini nəzərə alaraq onun resursunun təkmilləşdirilməsi ilə bağlı ciddi təkliflər vermək fikrindəydik. Ancaq təəssüflər olsun ki, saytın monitoringi bizi bu fikirdən daşındırdı.
Yəni ilkin müşahidələr və daha öncə apardığımız monitoringin nəticələri onu deməyə əsas verir ki, yol polisləri bu resursu sadəcə görüntü xatirinə saxlayırlar. Və kiminsə yadına düşsə o zaman xəbərdən-filandan da yazır ki, saytda yenilənmə görüntüsü yaransın. Ancaq təbii ki, yol hərəkəti ilə bağlı baş verməkdə olan hər bir hadisə və dəyişiklik göz qabağında olduğu üçün saytın zamandan (bəlkə də əsrdən) geri qaldığı şübhə doğurmur.
Monitoringimizin sonunda da qeyd etdiyimiz kimi saytda “İnformasiya əldə etmək haqqında” qanunun tələb etdiyi 33 informasiyadan cəmi beşi yer alıb ki, bu da çox aşağı göstəricidir.
Ona görə də saytın işinin təkmilləşdirilməsi ilə bağlı ayrıntılı tövsiyələrə gərək duymadan yalnız onu qeyd edirik ki, BDYP qanuna müvafiq olaraq İnternet resursu yenidən qurmalıdır.