Azərbaycan Respublikasının Baş Dövlət Yol Polisi İdarəsi daim insanların diqqət mərkəzində olan vacib dövlət strukturlarından biridir. Elə bu baxımdan da həmin qurumun İnternet resursu ciddi ehtiyac duyulan vasitələr sırasındadır. Ancaq təəssüflər olsun ki, qurumun www.dyp.gov.az domen adlı İnternet saytını ziyarət edərkən bu ehtiyacın təmin edilə biləcəyi qənaətinə gəlmək mümkün olmur. Yəni sayt çox nadir hallarda və gec-gec yenilənir. Təbii ki, günümüzdə baş verən dinamik dəyişikliklər barədə bu saytdan bilgi almaq elə də asan məsələ deyil. Bununla belə saytda bəzi faydalı məlumatlar var…
Xalq arasında DYP kimi tanınan qurumun saytı ana səhifə ilə açılır. Səhifənin yuxarı hissəsində animasiya (sadəcə yol) verilib və onun üzərində abunə və sual-cavab keçidləri yerləşdirilib. Bu animasiyanın önündə isə boş bir zolağın sonunda Azərbaycanın dövlət herbi yerləşdirilib.
Bundan sonra isə aşağıda iki şaquli blok başlayır. Sol blokda əsas menyu, onun qarşısında qurumun adı, daha aşağıda işləyən axtarış qutusu yerləşdirilib. Bir az da aşağıda saytın ziyarətçilərinə yönəlik salamlama və Baş Dövlət Yol Polisinə məxsus olduğu ehtimal edilən binanın şəkli yerləşdirilib.
Sağ blokda xəbərlər, yol nişanları və bir də adsız bir bölüm yer alıb. Cəmi üç xəbər olan bölümdən anlaşılır ki, onların yenilənməsi olduqca gec-gec baş verir. Ən yeni xəbərin tarixi 01 fevral 2008-ci ilə aiddir. Ən köhnə xəbər isə 28 noyabr 2007-ci ilə təsadüf edir. Ortada qalan xəbərin tarixi də 28 yanvar 2008-dir…
Yol nişanları adlanan bölümdə bir neçə yol nişanının təsviri verilib ki, onların da üzərinə tıqlamaqla digər yol nişanlarına gedib çatmaq olar. Adsız aşağı bölümdə isə təhlükəsizlik kəmərlərindən istifadəyə çağıran bir şüar, qurumun telefon və faks nömrələri, həmçinin bir e-poçt ünvanı verilib. Elə bunun altında da saytın istehsalçısı haqqında bilgi var. Bu hissəni saytın dabanı da hesab etmək olar.
Əsas menyu:
Ümumi məlumat: Dövlət Yol Polisinin tarixi, Dövlət Yol Polisinin əsas vəzifələri
Qanunvericilik: "Polis haqqında" qanun, “Yol hərəkəti haqqında“ qanun, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi (köhnə variantda), “Avtomobil Yolları haqqında“ qanun, "Nəqliyyat haqqında" qanun, "Nəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası haqqında" qanun, Yol hərəkəti təhlükəsizliyi üzrə Azərbaycan Respublikasının 2002-2005-ci illər üçün Dövlət Proqramı;
Sürücülər üçün: sürücünün vəzifələri, nəqliyyat vasitələrinin texniki vəziyyəti və onların texniki baxışdan keçirilməsi, yol hərəkəti qaydaları, nəqliyyat vasitəsinin idarə olunmasından kənarlaşdırma və sərxoşluq vəziyyətinin müayinəsi, nəqliyyat vasitələrinin saxlanılması, nəqliyyat vasitələrinin istismarının qadagan edilməsi;
Piyadalar üçün: piyadanın vəzifələri, piyadanın məsuliyyəti;
Yol-nəqliyyat hadisələri: 2007-ci ilin 9 ayı ərzində respublika ərazisində baş vermiş yol-nəqliyyat hadisələrinin təhlili (1988-2007-ci illəri əhatə edən müqayisəli diagramlar);
Respublikanın avtomobil yolları: “Avtomobil yolları haqqında" qanun, avtomobil yollarının şəbəkəsi barədə məlumat, yolların xəritəsi;
Sənədlər: yol nişanları, surucünün sənədləri, sürücülük vəsiqəsi, nömrə nişanlarının kodları, nəqliyyat vasitələrinin qeydiyyat nişanlari, dövlət yol polisinin stasionar postları, DYP-nin göstərdiyi xidmətlər, qeydiyyat-imtahan məntəqələri;
Kitablar və məqalələr: DYP əməkdaşlarının kitab və məqalələri (bibliografik katalog bilgiləri);
Axtarılan nəqliyyat vasitələri: yalnız 2005-2006-cı illər ərzində oğurlanmış, qaçırılmış nəqliyyat vasitələri barədə məlumat;
Fotoalbom: tarix, yol hərəkəti qaydaları və uşaqlar, fəaliyyəti nəqliyyatla bağlı olan təşkilatlarda görüşlər, texniki baxış, ümumi, rəsm müsabiqəsi (2004-cü ilin fevralına aiddir), yol-nəqliyyat hadisələri.
Bunlardan əlavə lap yuxarı hissədəki abunə və sual-cavab bölmələrini də sınaqdan keçirərkən bəlli oldu ki, abunə yazılmaq mümkün olsa da sadəcə nəticədə heç bir abunəçilik yoxdur. Sual-cavab isə olduqca zəif (gec) işləyir. Və bəlkə də görüntü üçündür.
Bütün bunları nəzərə alaraq belə qənaətə gəlmək olar ki, BDYP-nin İnternet resursu sadəcə bir vaxtlar iddialı şəkildə qurulsa da sonradan onun fəlaiyyəti arxa plana keçib. Və yalnız arabir yenilənir. Ümumi nəticə isə bundan ibarətdir ki, saytda “İnformasiya əldə etmək haqqında” qanunda nəzərdə tutulan 33 adda informasiyadan cəmi 5-i yer alıb.