Əlbəttə ki, biz Konstitusiya Məhkəməsinin İnternet resursunun təkmilləşdirilməsi ilə bağlı geniş tövsiyələrlə çıxış etmək istərdik. Ancaq təəssüf saytda xeyli az bilgi verilib ki, onların barəsində geniş və ayrıntılı tövsiyələrlə çıxış etməyin özü çətinlik törədir. Bununla belə biz bəzi tövsiyələrimizi, hər halda, irəli sürmək istərdik.
1. Hər şeydən öncə yaxşı olar ki, saytın domen adı ilə bağlı daha məntiqli bir yanaşma sərgilənsin. Yəni “constcourt” tərkibli bir domen adı Azərbaycan dilli ziyarətçiyə heç nə demir. Ona görə də bu qurumun domen adı daha ağlabatan və anlaşılan olsa məsləhətdir. Məsələn, www.konstmehk.gov.az kimi.
2. “Barəmizdə” keçidində struktur bilgiləri haqqında da ciddi düşünmək lazımdır. Burada sadəcə nəql etmək yetərli deyil. Hər bir struktur bölməsi haqqında bilgi, onun rəhbəri, əlaqə vasitələri də göstərilsə yaxşı olar. Əslində, qanun bunu tələb edir.
3. Konstitusiya Məhkəməsinə müraciət etmək üçün irəli sürülən tələblərin siyahısının verilməsi də özlüyündə müsbət haldır. Ancaq yaxşı olardı ki, müvafiq sənədlərin doldurulması barədə təlimatlar, eləcə də doldurulmuş sənədlərin nümunələri veriləydi.
4. Xəbərlər keçidi də özlüyündə qaneedici sayıla bilərdi. Ancaq görünür qurumun bu sahəyə məsul vəzifəli şəxsi və ya struktur bölməsi işinə elə də məsuliyyətlə yanaşmır. Çünki hər hansı dövlət qurumunun fəaliyyəti ilə bağlı bir ay ərzində nəsə bir xəbərin olmaması inandırıcı deyil.
5. İnsan hüquqları keçidinin varlığı da müsbət qiymətləndirilə bilərdi. Ancaq bu keçidin boş səhifəyə aparıb çıxarması görünür saytın qurucularının diqqətindən yayınıb.
6. Yaxşı olardı ki, qurumun büdcəsi və onun icrası barədə bilgilər də saytda əks olunsun.
7. Ştat cədvəlləri, işə qəbul qaydaları və boş iş yerləri haqqında bilgilərin də yerləşdirilməsi şəffaflığın təmin edilməsi baxımından faydalı və gərəklidir.
8. Ümumiyyətlə isə bildirmək istərdik ki, Konstitusiya Məhkəməsi digər dövlət qurumlarına nümunə ola biləcək bir İnternet saytı qurub istifadəyə versəydi məqsədəuyğun olardı.