Aparılan monitoringin nəticələri onu göstərdi ki, Baş Prokurorluğun İnternet resursu əvvəlki dövrə nisbətən bir xeyli inkişaf etdirilib. Bununla belə hələ də “İnformasiya əldə etmək haqqında” qanunun tələblərinə yetərincə tam cavab vermir. Əlbəttə, saytda bir çox faydalı bilgilər var. Özü də yetərincə dolğun sayıla biləcək səviyyədə. Bununla belə bəzi vacib bilgilər sayta yerləşdirilməyib. Özü də bu bilgilər korrupsiya hallarına qarşı mübarizə və şəffaflıq üçün olduqca önəmlidir. Hər halda ümid etmək istərdik ki, qurumun məsul şəxsləri dediklərimizi nəzərə alaraq çatışmazlıqları aradan qaldıracaqlar. Ona görə də saytın işinin təkmilləşdirilməsi ilə bağlı bəzi tövsiyələrimizi irəli sürmək istərdik.
1. Saytın domen adı (genprosecutor) Azərbaycan dilli ziyarətçiyə heç nə demir. Yaxşı olardı ki, bu ad daha uyğun bir adla əvəz edilsin. Məsələn, www.bashprok.gov.az kimi.
2. Saytda ayrıca bir bölmədə Bakı Şəhər Prokurorluğuna geniş yer verilməsinə gərək yoxdur. Çünki qanuna görə bu qurum özü də ayrıca İnternet saytı qurub istifadəyə verməlidir. Belə olan halda yalnız bir keçid verməklə işi bitmiş saymaq olar.
3. Eyni fikri Hərbi Prokurorluğa da aid etmək olar.
4. Saytda digər dövlət organlarının İnternet saytlarına keçidlərin olmaması da təəssüf doğurur. Üstəlik müvafiq beynəlxalq qurumların saytlarına da keçidlərin verilməsinə gərək var.
5. Boş iş yerləri ilə bağlı ümumiləşdirilmiş elanın verilməsi yetərli sayıla bilməz. Yaxşı olardı ki, elan və ondan doğan suallar barədə bilgi verilsin. Yəni bir telefon nömrəsi ilə bu cavabları almağı tövsiyə etmək yetərliu deyil.
6. Korrupsiyaya qarşı mübarizə və şəffaflıq məsələlərinə geniş yer verilən saytda təəssüf ki, Baş Prokurorluğun özünün büdcəsi haqqında məlumat yerləşdirilməyib.. Halbuki şəffaflığın təmin edilməsində ilkin şərt elə büdcənin açıqlanmasıdır.
7. İşçilərin əmək haqları və onların formalaşması qaydaları da saytda öz əksini tapmayıb.
8. Qurumun öz səlahiyyətləri daxilində apardığı yoxlamalar barədə informasiya da ziyarətçilər üçün maraqlı olmaqla bərabər həm də qanunun tələbidir.
9. İnformasiya sahibinin mülkiyyəti və mülkiyyət hüququ barədə də bilgilərin verilməsi zəruridir.
10. Daha bir vacib məqam öz sahəsində dövlət sirri təşkil edən bilgilərin sayta yerləşdirilməsidir və s.