Satınalmalar üzrə Dövlət Agentliyinin www.tender.gov.az domen adlı saytı monitoringinnəticələri saytın qanunvericiliyin tələblərinə yetərincə cavab vermədiyini göstərir.
Bununla belə saytda elə vacib informasiyalar var ki, onlar kifayət qədər ciddi əhəmiyyət kəsb edir. Bu baxımdan qurumun büdcəsi və büdcə prognozlarını xüsusi qeyd etməyə dəyər. Digər bir məqam isə e-satınalmalarla bağlı saytın qurulması və demək olar ki, istifadəyə verilməsidir. Bilindiyi kimi bu elektron hökumət quruculuğunun tərkib hissəsi olması baxımından olduqca ciddi önəm kəsb edir. Saytın fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı tövsiyələrimiz.
1. Hər şeydən öncə saytın xarici görünüşü üzərində bir qədər ciddi işləməy ehtiyac var. Yəni daha ciddi və funksionallığı üzdə olan bir sayt qurmaq lazımdır.
2. Saytda Azərbaycanın dövlət atributlarından istifadəyə yer verilməyib. Halbuki bir dövlət qurumu üçün bu ciddi nöqsandır. Ona görə də yaxşı olar ki, bayraq və herb kimi atributlardan istifadə edilsin.
3. Təəccüblüdür ki, saytda axtarış imkanları yoxdur. Təbii ki, istənilən resursun belə imkanlarının olması vacibdir. Çünki indiki informasiya bolluğu şəraitində bir ziyarətçinin istədiyini axtarıb tapması üçün əlavə e-imkanlara ehtiyacı var.
4. Yaxşı olar ki, saytda abunə və xəbər yayma imkanları da olaydı. Nəzərə alsaq ki, bu sayt çox ciddi bir işlə – dövlət satınalmaları ilə əlaqədardır və burada şəffaflıq əsas tələblər sırasındadır, onda abunənin zəruriliyi anlaşılar.
5. Vəzifəli şəxslərin adlarından ibarət siyahının verilməsi yetərli sayıla bilməz. Gərəkdir ki, onların şəkilləri və biografiyaları da saytda yerləşdirilsin.
6. Qurumun büdcəsinin də yerləşdirilməsi özlüyündə yaxşı haldır. Ancaq onun icra vəziyyəti haqqında bilgilərin olmaması yaxşı hal sayıla bilməz. Dövri olaraq bu bilgilərin yerləşdirilməsini tövsiyə edərdik.
7. Təəccüb doğuran məqamlardan biri də qurumun xəbər xidmətinin fəaliyyətinin yoxluğudur. Faktiki olaraq saytda heç bir xəbərə rast gəlinmir. Bu boşluğu aradan qaldırmaq yerinə düşərdi.
8. Ümumiləşdirilmiş statistik bilgilərin verilməsi də arzu olunan məqamlar sırasındadır.