Azərbaycan Respublikası Xəzər Rayon İcra Hakimiyyəti www.xazar-ih.gov.az İnternet resursundan rayon haqqında qismən məlumat almaq olar. Saytın çox bölmələri geniş informasiyalıdır. Rayonun idarələri, Prezidentin rayona səfərləri, dövlət orqanlarının saytları, elanlar bölmələri informasiya almaq baxımından yararlıdır. Rayonun iqtisadiyyatı, əhalisi, təhsili, mədəniyyəti haqda da məlumatlar genişdir. Amma rayonun tarixi, coğrafi mövqeyi, idmanı haqqındakı məlumatları dolğun hesab etmək olmaz.
Xəbərlər bölməsini də qənaətbəxş hesab etmək olmaz, informasiyalar daim yenilənmir.
Saytda sual-cavab və təkliflər bölməsi var ki, amma təəssüf ki, orada cəmi bir sual və bir cavabala qarşılaşdıq. Infrastruktur bölməsindəki məlumat 2011-2013-cü illərə aiddir.
Beləliklə, Xəzər Rayon İcra Hakimiyyəti saytinın ümumi mənzərəsi aşağıdakı kimidir:
1. Rayonun əhalisi, iqtisadiyyatı, təhsili, mədəniyyəti, səhiyyəsi, haqqındakı bilgilər kifayət qədərdir, amma rayonun tarixi, coğrafi mövqeyi, idmanı, qurum, qurumun rəhbəri haqqında verilmiş məlumatlar isə qənaətbəxş deyildir. Qurumun tarixi, quruma daha öncə başçılıq etmiş şəxslər barədə də, qurumunun fəaliyyətini təmin edən qanunverici baza, qurumun səlahiyyət çərçivələri barədə də məlumat verilmir.
2. Ziyarətçilərin əks əlaqəsi üçün qurumun ünvanı, telefon və faks nömrəsi, e-poçt ünvanı, hətta birbaşa əhalini qəbul edəcək rəhbər qəbul günləri və saatları verilsə də, onların telefon nömrələri saytda öz əksini tapmayıb. Quruma başqa yerlərdən getmək üçün marşrut və ictimai nəqliyyat haqqında məlumatlara da rast gəlinmir.
3. Qurumun strukturu haqqında sxem və müavinlər haqqında məlumatlar saytda var. Qurumun rəhbəri və onun müavinləri haqda bioqrafik bilgilər təqdim edilmir. Struktur bölmələrinin səlahiyyət çərçivələri, qurumun tabeliyindəki informasiya sistemləri haqqında məlumatlar da saytda öz əksini tapmır.
4. Qurumun rəhbəri və ayrı-ayrı struktur bölmələrinin rəhbərləri ilə əks əlaqə imkanları haqqında bilgilər təqdim edilir. Lakin bütün mümkün struktur bölmələrinin rəhbərləri haqqında bioqrafik bilgilər yoxdur.
5. Cari informasiyalar baxımından da sayt zəngin sayıla bilməz. informasiyalar arasında vaxt intervalı böyükdür. Cari ilin avqust ayına aid saytda heç bir informasiya yoxdur. Qurumdaxili əmr və qərarlar, bu cür aktların reyestri (qəbul və qüvvəyə minmə tarixi də daxil olmaqla) və dövlət qurumunun həyata keçirdiyi proqram və layihələr barədə də heç bir bilgi təqdim edilmir.
6. Qurumun büdcəsi, büdcənin icrası haqqında, büdcədənkənar daxilolmalar və onların istiqamətləri barədə informasiyalar saytda olsa da, məlumatlar köhnədir. Subsidiya alanlar haqda da məlumata rast gəlmək olur.
7. Qurumun təklif etməli olduğu mütləq və əlavə xidmətlər haqqında da heç bir bilgi yoxdur. Burada yalnız onlayn müraciət imkanı təqdim edilir.
8. Boş iş yerləri və işə qəbulla bağlı da informasiya, qurum və onun struktur bölmələrinə işə qəbulun hüquqi bazası, işə qəbulun norma və qaydaları, işə qəbulla bağlı komissiyalar haqqında, qurum və onun struktur bölmələrindəki mövcud boş iş yerləri haqqında elanlar və elanların arxivi isə təqdim edilməyən bilgilər sırasındadır.
9. Qurumun işçilərinin əmək haqları ilə bağlı heç bir məlumat verilmir.
10. Vətəndaşların qəbulu ilə bağlı yalnız rəhbər və ayrı-ayrı vəzifəli şəxsləri tərəfindən vətəndaşların sadəcə qəbul günləri və saatları barədə bilgilər var. Burada nə vəzifəli şəxslərin əlaqə nömrələri və onlar tərəfindən vətəndaşların qəbul norma və qaydaları, nə də qurumda vətəndaşların qəbul qaydaları haqqında bilgilər təqdim edilmir.
11. Tender və yarışmalar haqqında hər hansı bilgiyə rast gəlinmir.
12. Saytın texniki imkanları normal səviyyədədir. Onlayn müraciət forması təqdim olunsa da, abunə imkanı yoxdur.