Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə məxsus www.dqdk.gov.az domen adlı İnternet resursunu bir xeyli axtarış aparandan sonra tapmaq mümkün oldu. Bunun belə çətin tapılmasına səbəb daha öncəki domen adının dondurulması, eyni zamanda da hazırkı domen adının qurumun adını düzgün ehtiva etməməsidir. Ümumilikdə isə qurumun saytı giriş səhifəsi ilə açılır. Burada Az, Eng və Ru keçidlərindən birinin üzərinə tıqlamaqla müvafiq dildə olan ana səhifəyə keçmək olar. İlkin qənaət bundan ibarətdir ki, sayt uzun zamandır yenilənmir. Üstəlik elə də zəngin sayıla bilməz.
Komitəyə məxsus İnternet saytının Az versiyasındakı ana səhifəsi yuxarı üfqi blokla başlayır. Burada sol tərəfdə qurumun adı tam olaraq yazılıb. Sağ tərəfdə isə qurumun adının baş hərfləri əks olunub: DQİDK. Bundan sonra daha aşağıda yenə də üfqi zolaqda sol tərəfdə Azərbaycanın dövlət herbinin təsviri yerləşdirilib. Onun qarşısında isə yenə də üfqi şəkildə əsas menyu, menyunun davamı olaraq da Az, Eng və Ru keçidləri yerləşdirilib.
Bunlardan sonra sayt üç şaquli blokla davam edir. Bu blokların hər biri də özlüyündə bir neçə hissəyə ayrılıb. Sol blok elan, sənədlər və komitə haqqında adlı üç hissədən ibarətdir. Orta blok yalnız yeniliklər adlı bir hissədən ibarətdir ki, burada da ən yeni xəbər 10 sentyabr 2007-ci ilə aiddir. Sağ blok isə yeni icmalar, məqalələr, linklər və əlaqə bölmələrinə ayrılıb.
Saytın dabanında "Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin rəsmi saytı. Materiallardan istifadə zamanı sayta əsaslanmaq vacibdir. Ünvanımız: Azərbaycan, Bakı, 1001, Ə.Cavad küç., 12. Tel.: (994 12) 4926747 Faks: (994 12) 4929333 E-mail: addk@azdata.net" sözləri yazılıb.
Yuxarıda da qeyd edildiyi kimi sayt uzun zamandır yenilənmir. Üstəlik saytın menyusu çpx kasıb təsir bağışlayır. Bundan başqa bir sıra zəruri bilgilər heç nəzərə çarpmır və s.
Əsas menyu
Komitə haqqında: cəmisi 429 sözdən ibarət elə söz yığını;
Yeniliklər: yuxarıda təsvir etdiyimiz ana səhifəyə gedib çıxır;
Sənədlər: cəmi beş sənəd;
Dövlət və din: Not Found. The requested URL /aze/book_a.html was not found on this server;
Məqalələr: müxtəlif dini məsələlərə aid on bir məqalə;
İcmalar: dövlət qeydiyyatına alınmış dini icmaların siyahısı;
Əlaqə: yalnız telefon nömrələri.
Göründüyü kimi saytda ələ gələsi elə də ciddi bir informasiya yoxdur. Yəni sayt nəinki “İnformasiya əldə etmək haqqında” qanunun tələblərinə cavab vermir, həm də ən adi İnternet resursu standartlarına belə uyğun deyil.
Ümumilikdə isə bu resursda qanunda nəzərdə tutulan 33 adda informasiyadan yalnız 4-ü yer alıb. Onları da tam dolğun hesab etmək olmaz.