Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin www.justice.gov.az domen ünvanlı İnternet resursu bir qədər zəngin təəssürat bağışlasa da saytda bəzi keçidlər işləmir. Bununla belə bir sıra göstəricilərinə görə sayt daha funksional hesab edilə bilər. Saytda aşağıda müşahidə etdiyimiz məqamlar diqqəti cəlb edir:
1. Qurumun tarixi, hakimiyyət qolunda yerində, səlahiyyət çərçivələri barədə bilgilər yetərli sayıla bilər. Ancaq ədliyyə orqanlarına başçılıq etmiş şəxslər barədə bilgilər əlçatan deyil.
2. Ziyarətçilərin nazirliklə əlaqə saxlaması üçün demək olar ki, bütün imkanlar təklif edilir. Yəni nazirliyin yer və e-poçt ünvanı, telefon və faks nömrələri, eləcə də onlayn yazışma forması yetərli sayıla bilər.
3. Qurumun strukturu ilə bağlı bilgilər də yetərli sayıla bilər. Burada həm nazirliyin strukturu, həm də struktura daxil olan ayrı-ayrı idarələr və onların rəhbərləri ilə əlaqə imkanları təklif edilir.
4. Qurumun rəhbərləri haqqında biografik bilgilər və onlarla əks əlaqə imkanları da yetərli sayıla bilər. Ancaq ayrı-ayrı struktur bölmələrinin rəhbərlərinin biografik bilgiləri saytda gözə dəymir.
5. Nazirliyin cari fəaliyyəti haqqında informasiyalar verilsə də onların bir qədər daha aydın təqdim edilməsinə ehtiyac hiss edilir.
6. Təəssüflə qeyd edilməlidir ki, nazirliyin büdcəsi haqqında saytda heç bir bilgi verilmir.
7. Nazirlik tərəfindən təklif edilən və təklif edilməli olan xidmətlər, onların icrası barədə də heç bir informasiya verilmir.
8. Bununla belə nazirliyə və onun ayrı-ayrı struktur bölmələrinə işə qəbulla bağlı yetərincə informasiyanın olduğunu demək olar.
9. Yenə də təəssüfləndirici haldır ki, nazirlikdə işləyənlərin əmək haqları və əmək haqlarının formalaşmasının əsasları haqqında heç bir bilgi yoxdur.
10. Vətəndaşların qəbulu ilə bağlı informasiyalar verilsə də onları tam dolğun saymaq olmaz. Hər halda informasiyanın olması, ayrı-ayrı struktur vahidləri tərəfindən vətəndaşların qəbul günləri və saatlarının verilməsi müsbət hal kimi dəyərləndirilə bilər.
11. Tender və müsabiqələr haqqında da heç bir bilgi gözə dəymir.
12. Nazirliyin qanun- (norma) yaratma fəaliyyəti barədə heç bir bilginin verilməməsi də təəccüb və təəssüfə səbəb olacaq amillər arasındadır.
13. Saytdakı bütün bilgilərə giriş ilk baxışdan asan görünsə də bir sıra keçidlərin işləməməsi saytın problemli və yarımçıq olmasından xəbər verir.