Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin www.din.gov.az domen ünvanlı İnternet saytı dərhal bəzi üstün cəhətləri ilə diqqəti cəlb edir. Sayt özünün interaktivliyi və bir sıra məsələlərdə informasiya zənginliyi ilə seçilir. Ancaq bu heç də o demək deyil ki, nazirliyin bu resursu bütün tələblərə tam cavab verir. Saytda gördüklərimizi aşağıda bənd-bənd diqqətə çatdırmaq istərdik:
1. Qurumun özü və tarixi ilə bağlı informasiya blokunu tam və dolğun hesab etmək olar. Burada demək olar ki, çatışmayan informasiya yoxdur.
2. Ziyarətçilərin qurumla əlaqə saxlaması üçün telefon, e-poçt ünvanları və onlayn forma var. Ancaq təəccüblüdür ki, nazirliyin yer ünvanı haqqında heç bir bilgi yoxdur. Bundan başqa nazirliyə gəlmək üçün marşrut da göstərilməyib.
3. Qurumun strukturu saytda sxem halında olmasa da tam təsvir edilib. Ancaq bir sıra əsas struktur bölmələrinin telefon nömrələri verilsə də ünvanları göstərilməyib.
4. Nazirliyin rəhbərləri haqqında biografik bilgilər tam və dolğundur. Əks əlaqə imkanları da yetərli hesab edilə bilər.
5. Qurumun cari fəaliyyəti barədə informasiyalar bol olsa da qurumdaxili əmr və sərəncamlar haqda heç nə deyilmir. Təbii ki, belə sənədlərin reestri də yoxdur.
6. Dövlət büdcəsinin nazirliyə aid hissəsi barədə də heç bir bilgi yoxdur. Ümumiyyətlə nazirliyin maliyyə sahəsi ilə bağlı saytda hər hansı bilgi verilmir.
7. Qurum tərəfindən təklif edilən xidmətlərlə bağlı bilgilərin dolğunlaşdırılmasına ehtiyac var.
8. İşə qəbul qaydaları və boş iş yerləri barədə bilgilər də yetərli sayıla bilər. Ancaq işə qəbulu həyata keçirəcək mümkün komissiyalar, eləcə də işə qəbulun nəticələri barədə bilgi verilmir.
9. Sahə işçilərinin əmək haqları barədə bilgilər də yoxdur.
10. Vətəndaşların qəbulu ilə bağlı bilgilər yetərli sayıla bilərdi. Ancaq qəbuldan imtinanın əsasları və qəbulla bağlı mübahisələrin həlli barədə heç nə verilmir.
11. Tender və müsabiqələr haqqında bilgilər də tam sayıla bilməz. Xüsusən də tenderlər barədə heç bir bilgi yoxdur.
12. Qurumun norma- (qanun)yaratma fəaliyyəti barədə informasiya da olmayanlar sırasındadır.
13. Bütün bunlarla bərabər saytın texniki imkanları yetərincə yüksək sayıla bilər.