Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin www.economy.gov.az domen ünvanlı İnternet resursu müşahidələrimizdən də göründüyü kimi demək olar ki, yarıboş bir saytdır. Saytda ən adi informasiyalar belə gözə dəymir. Hər hansı interaktivlik barədə isə heç danışmaq belə olmaz.
Verilən informasiyaların bir xeylisi köhnədir. Yəni parametrə uyğun informasiyanın varlığı baxımından dəyərli olsa da operativlik baxımından geri qalır. Ümumilikdə isə saytın işini kökündən dəyişib onu bəlkə də yenidən qurmağa ehtiyac var. Məhz buna görə də aşağıda bəzi tövsiyələrimizi diqqətə çatdırmaq istərdik:
1. Qurumun əvvəlki rəhbərləri barədə də bilgi verilməsinə ehtiyac var.
2. Ayrı-ayrı struktur bölmələrinin əlaqə imkanları və onların ünvanları barədə bilgilərin olması zəruridir.
3. Quruma getmək üçün vətəndaşlara ictimai nəqliyyatın imkanları barədə bilgi verilməlidir.
4. Qurumun bütün vəzifəli şəxslərinin biografik bilgilərini saytda yerləşdirmək qanunun tələbləri sırasındadır.
5. Rəhbər şəxslərlə əks əlaqə imkanları olduqca zəruridir.
6. Qurumdaxili əmr və sərəncamların saytda yerləşdirilməsi qanunun daha bir tələbidir.
7. Ümumi dövlət büdcəsinin nazirliyə aid hissəsi və onun icrası barədə də bilgilərin verilməsi zəruridir.
8. Qurumun təklif etdiyi xidmətlər barədə bilgilər mütləq saytda yerləşdirilməlidir.
9. İşə qəbul qaydaları və bununla bağlı bütün bilgilər, boş iş yerləri haqqında elanlar mütləq şəkildə əks olunmalıdır.
10. Qurum işçilərinin əmək haqları barədə də eyni fikri əks etdirmək olar.
11. Vətəndaşların qəbulu ilə bağlı bilgiləri də sayta yerləşdirmək lazımdır.
12. Tender və müsabiqələr barədə və onların qaydaları haqqında bigi vermək lazımdır.
13. Qurumun norma- (qanun)yaratma fəaliyyəti barədə də bilgilər saytda əks olunmalıdır.
14. Saytını texniki imkanlarını müasir tələblərə uyğunlaşdırmaq üçün də ciddi zərurət var.